Ana Sayfa > Siyasət > Ermənilər məğlubiyyətlərinin əsas səbəbkarını tapıblar - TƏHLİL
Ermənilər məğlubiyyətlərinin əsas səbəbkarını tapıblar - TƏHLİL6-05-2016, 21:20. Yazar: admin |
“Dördgünlük müharibə”dən sonra ən ağır zərbələrdən birini erməni təbliğat maşını alıb. Buna əmin olmaq üçün “Göbbels” missiyasını öz üzərinə götürən Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Artsrun Ovannisyanın “facebook” fəaliyyətini izləmək yetər. Onun paylaşdığı ucuz təbliğat materiallarına ən böyük etiraz elə öz soydaşlarından gəlir. Bu təsadüf deyil, çünki erməni təbliğat maşınının fəaliyyəti son 40 gündə əslində Azərbaycan cəmiyyətinə deyil, məğlubiyyətdən doğan narazılıqların baş qaldırdığı erməni ictimaiyyətinə ünvanlanıb. Ermənistan faktiki olaraq öz əhalisinə qarşı informasiya müharibəsi aparır, bu ucuz təbliğatla sosial narazılıqları idarə etməyə, etirazların ajiotaja, üsyana çevrilməsinin qarşısını almağa çalışır. Bu təbliğat az-çox effekt verir, çünki erməni cəmiyyəti manipulyasiyaya tabe olan cəmiyyətdir. Bundan vəcdə gələn erməni “Göbbelslər” bu dəfə silahın ucunu Azərbaycana tərəf çevirirlər. Analoji metodu Azərbaycana qarşı tətbiq etməyə çalışan erməni “Göbbels”lər bir faktı nəzərə almadıqlarına görə bəri başdan uduzurlar. Bu, Azərbaycan və Ermənistan cəmiyyətləri arasında olan fərqdir. Fərq çoxdur, ən önəmlisi isə budur - işğal altında olan torpaqların azad edilməsi məsələsində Azərbaycanda siyasi, dini və etnik mənsubiyyətindən asılı olmayaraq hər kəs birdir. “Dördgünlük müharibə”nin ən böyük nəticələrindən biri ermənilərin hərbi-siyasi cəhdlərinə rəğmən Azərbaycan cəmiyyətində parçalanmanın baş verməməsi idi. Hətta ermənilərin böyük ümid bəslədiyi şəhid dəfnləri belə cəmiyyətin daha sıx birləşməsinə səbəb oldu və istisnasız olaraq hər kəs hakimiyyətin torpaqların işğaldan azad edilməsi istiqamətində siyasətini qeyd-şərsiz dəstəklədi. Erməni təbliğatçıları əslində müharibə şəraitində bu amilin mahiyyətini və əhəmiyyətini gözəl anlayırlar. Bu səbəbdən də son dövrlər Azərbaycan rəhbərliyini Dağlıq Qarabağ münaqişəsinin həlli yolunda ən böyük maneə kimi təqdim etməyə çalışırlar. Amma təbii ki bu iddialarını isbatlamaq üçün gətirdiyi arqumentlərə nəinki Azərbaycan cəmiyyətini inandıra bilir, heç özləri də inanmırlar. Prezident Əliyevə qarşı bu kampaniyanın “uğuru” Artsrun Ovannisyanın Azərbaycanın mülki şəxslərinin telefon danışıqları əsasında hazırladığı süjetin “uğurundan” artıq deyil (o süjetdə təkcə guya iki azərbaycanlının Gəncəyə üç mərmi düşdüyü barədə “dialoqunu” xatırlamaq kifayət edər). Ermənilərin bu cür ucuz təbliğat üsullarına əl atmasının və prezident Əliyevi hədəfə götürməsinin bir neçə səbəbi var. İlk səbəbi ermənilər özləri “Dördgünlük müharibə” dövründə etiraf ediblər. Bütün hirslərini Serj Sərkisyandan çıxmağa çalışan erməni siyasətçiləri onun Rusiya rəhbərləri ilə Azərbaycan prezidenti kimi sərbəst müzakirə aparmaq imkanına sahib olmadığı ilə izah edirdilər. Bu, Azərbaycanın diplomatik müstəvidə Ermənistandan hətta bu ölkənin himayədarı olan Rusiyanın yanında belə bir baş üstün olmasının etirafı idi. Azərbaycanın diplomatik planda ciddi fərqlə önə çıxması prezident Əliyevin uğurlu xarici siyasətinin nəticəsidir. Ermənilər bu səbəbdən xarici siyasətdə uğurların müəllifini gözdən salmağa cəhd edirlər. Amma kimin qarşısında? Bunu özləri də dəqiq bilmir. Azərbaycan cəmiyyəti erməni təbliğatçılarının avantüralarına uyan cəmiyyət deyil. Prezident Əliyevə qarşı kampaniya erməni cəmiyyəti üçündürsə, bu, da məğlubiyyətin başqa formada etirafıdır. Çünki İlham Əliyev zatən Ermənistanın düşmən gözündə gördüyü ölkənin prezidentidir, düşmən ölkənin prezidentini daha mənfi çalarlarla təqdim etmək onun gücünü daha çox etiraf etməkdir. Amma bu da reallıqdır ki, “dördgünlük müharibə”nin nəticələri Ermənistan cəmiyyətində Serj Sərkisyana nifrəti artırdığı qədər, Azərbaycan prezidentinə olan rəğbəti də artırıb. Erməni siyasətçilərin hesabına düşdükləri bataqlıqdan Azərbaycanın hesabına qurtara biləcəklərini düşünən sadə ermənilərin sayı az deyil. Ermənistandan ailəliklə qaçaraq Azərbaycana pənah gətirən ermənilərin olması faktını xatırlamaq kifayətdir. Belə düşünmək olar ki, erməni təbliğat maşınının prezident Əliyevə qarşı kampaniyası həm də nicatı Azərbaycanda görən bu erməni zümrəsinə hesablanıb. Təbii ki, başqa səbəblər də var. Azərbaycanda monolit cəmiyyətin olması, torpaqların işğaldan azad edilməsinin bu monolitliyi daha da möhkəmləndirməsi həmin səbəblərdən biridir. Ən mühüm səbəb isə budur - Ermənistan Azərbaycanın hər an hərbi əməliyyatlara başlaya biləcəyini bilir. Başlayacaq hərbi əməliyyatların nəticəsi heç ermənilərdə də şübhə doğurmur, “Dördgünlük müharibə”dən sonra Azərbaycanın hərbi baxımdan Ermənistandan qat-qat güclü olması Ermənistanda bütün səviyyələrdə etiraf edilib. Nəinki etiraf edilib, hətta bunda çoxsaylı günahkarlar da tapılıb. Rusiya, Sərkisyan hakimiyyəti, səbatsız generallar, İsrail, Türkiyə və s. İndi erməni analitiklər Azərbaycanın hərbi, siyasi, iqtisadi və diplomatik müstəvidə Ermənistandan qat-qat üstün olmasının daha bir "günahkarını" tapıblar və təbliğat maşınını bütünlüklə ona qarşı yönəldiblər... Bir məqama toxunaraq fikirlərimi bitirmək istəyirəm. Erməni təbliğat maşınının “istehsal etdiyi” keyfiyyətsiz məhsulların bir oxşar cəhəti də var. II dünya müharibəsində almanların təyyarələrlə sovet ərazilərinə səpdiyi ucuz təbliğat vərəqələrini xatırladan Azərbaycan əleyhinə yazılar eyni cümlə ilə bitir: “Başqa yol yoxdur”. Ya bu yazılar eyni mətbəxdə (hətta eyni müəllif tərəfindən) hazırlanır, ya da uğursuzluqlardan çıxış yolunu tapmaqda erməni “analitiklər” arasında gizli bir yarış gedir. Bu yarışda bir müəllif digərinin arqumentlərini heçə endirmək üçün öz sərsəmləmələrinin sonunda “başqa yol yoxdur” möhürü vuraraq özünü ən ağıllı kimi təqdim etməyə çalışır. Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində proseslər həm hərbi, həm diplomatik kontekstdə Azərbaycanın lehinə inkişaf edir, proses başa çatdıqdan sonra da erməni analitiklər öz məqalələrini “başqa yol yoxdur” cümləsi ilə bitirəcəklər. Amma bu dəfə cümlənin önünə “məğlubiyyətdən”, və ya “kapitulyasiyadan” sözü yazmalı olacaqlar. Ən azı öz “simalarını” xilas etmək üçün... aia.az Geri dön |