Ana Sayfa > Media > Media haqqında Qanun Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında önəmli rol oynayacaqdır
Media haqqında Qanun Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında önəmli rol oynayacaqdır14-12-2021, 14:59. Yazar: sevinc1 |
Möhtərəm Prezidentimiz İlham Əliyev medianın inkişafını, media işçilərinin mənafeyinin qorunmasını, onların sosial-məişət və digər problemlərinin həllini daim diqqət mərkəzində saxlayır. Ulu Öndər Heydər Əliyevin mətbuatla bağlı həyata keçirdiyi misilsiz işləri ən yüksək səviyyədə davam etdirən ölkə başçımız “Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında” Fərman imzalamış, Medianın İnkişafı Agentliyinin yaradılması, “Media haqgında” qanun layihəsinin hazırlanması haqqında göstərişləri onun bu çox vacib sahəyə göstərdiyi xüsusi diqqət və qayğının əyani nümunələridir. Bu qanun layihəsinin hazırlanması milli informasiya sahəsində islahatların həyata keçirilməsinin davamlı olması baxımından dövlətimizin qarşısında dayanan mühüm vəzifələrdən biri kimi dəyərləndirilməlidir. Layihənin hazırlanması prosesində 800-ə yaxın media subyektinin, eyni zamanda jurnalist və ekspertlərin iştirak etməsi bu fikri bir daha təsdiq edir. Qeyd edək ki, 1999-cu ildə qəbul edilmiş “Kütləvi informasiya vasitələri haqqında” qanun müasir dövrün tələblərinə cavab vermədiyindən “ Media haqqında” qanunun qəbul edilməsi zəruri hal kimi meydana çıxmışdır. İnternet televiziyaların lisenziya almaq üçün müraciət etmələrinin məcburi şərt kimi irəli sürülməməsi, çap mediası və onlayn media subyektinin təsis edilməsi üçün dövlət qurumlarından icazənin tələb olunmaması qanunun demokratikliyini səciyyələndirən mühüm cəhətlərdir. Qanun həmçinin jurnalistikaya qarşı yönəlmiş bəzi mənfi fikirlərin, yaxşı olmayan təsəvvürlərin, düşüncələrin aradan qaldırılmasına, ümumilikdə ictimaiyyətin bu sahəyə rəğbət hissinin, inamının gücləndirilməsinə güclü təkan göstərəcəkdir. Qanunda Media Reyestrinin yaradılması ilə bağlı müddəanın olması xüsusi önəm kəsb edir. Belə ki, media subyektlərinin sayının təyin olunması nəticəsində bu sahədə çalışan işçilərin hüquqlarının yüksək səviyyədə müdafiəsini həyata keçirəcək bu reyestrin əhəmiyyəti danılmazdır. Media Reyestrinin önəmli cəhəti həm də ondan ibarətdir ki, reyestr öz işini dövrün tələblərinə uyğun olaraq qurur və ayrı-ayrı mətbu nəşrlərində olan məlumatları mütəşəkkil, nizamlı şəkildə toplayır ki, bu da sənədlərin bir mənbədə olmasına şərait yaradır. Sənədlərin məhz bir mənbədə qərarlaşması media subyektlərinin inkişafı üçün nəzərdə tutulmuş layihələrin yerinə yetirilməsini asanlaşdırır. Bu, həm də qeyri-qanuni, heç bir hüquqi əsası olmadan fəaliyyət göstərən, bununla da ictimaiyyətdə çaşqınlıq, etimadsızlıq inamsızlıq yaradan media subyektlərinin, eyni zamanda jurnalistlərin onlara verilən imkanlardan öz şəxsi məqsədləri üçün istifadə etmələrinin qarşısının alınmasında, qanunazidd fəaliyyətinə qarşı effektiv, səmərəli mübarizə aparılmasında önəmli rol oynayır. Media Reyestrinin digər mühüm cəhəti ondan ibarətdir ki, reyestr xəbərlərin dəqiq, düzgün, ədalətli, keyfiyyət baxımından yüksək səviyyədə çatdırılmasına müsbət təsir göstərməklə yanaşı, həm də media sahəsində qanunun tələblərinə müvafiq olaraq fəaliyyət göstərən subyekt və jurnalistlərin sayının müəyyən olunmasına mühüm töhfə verəcəkdir. Bu, həm də hansı subyekt və jurnalistlərə güzəşt və imtiyazların verilməsinə aydınlıq gətirəcəkdir. II Qarabağ müharibəsində ölkəmizin haqq işinin beynəlxalq ictimaiyyətə olduğu kimi çatdırılmasının necə mühüm əhəmiyyət kəsb etdiyini əlavə şərh etməyə ehtiyac yoxdur. Bu baxımdan “Media haqqında” Azərbaycan Respublikasının Qanununda əks olunmuş müddəalar informasiya mühitinin sağlamlaşdırılmasına, medianın inkişafına, media işçilərinin qanuni hüquqlarının qorunmasına, media subyektlərinin, media işçilərinin səmərəli fəaliyyətinə şərait yaratmaqla yanaşı, eyni zamanda Azərbaycan gerçəkliklərinin, cəmiyyətimizdə cərəyan edən proseslərin beynəlxalq ictimaiyyətə doğru, düzgün çatdırılmasında müstəsna rol oynayır. Leyla Nəsirova, Azərbaycan Yazıçılar Birliyinin üzvü, “Qələbə” qəzetinin əməkdaşı. Geri dön |