Ana Sayfa > Seçilənlər-2 > Zəvvarların edam olunacağı xəbərdarlığı ilə bağlı

Zəvvarların edam olunacağı xəbərdarlığı ilə bağlı


6-05-2016, 16:51. Yazar: admin


Səudiyyə Ərəbistanının Həcc ziyarətinə gələcək zəvvarların bu ölkənin müvafiq qanununu pozacağı təqdirdə hətta ölüm hökmünə (edam) məhkum oluna bilməsi ilə bağlı xəbərdarlığının azərbaycanlı zəvvarlar üçün hər hansı problem yaradacağı, onların bu qanunu pozacağı gözlənilmir.

Aia.az bildirir ki, Qafqaz Müsəlmanları İdarəsi (QMİ) sədrinin müavini, Bakı İslam Universitetinin rektoru hacı Sabir Həsənli Trend-ə deyib ki, Səudiyyə Ərəbistanının müvafiq xəbərdarlığı bütün ölkələrdən gələn zəvvarlara aiddir: "Dünyanın elə bir ölkəsi yoxdur ki, oradan Səudiyyə Ərəbistanına kütləvi şəkildə zəvvar gəlməsin. Və gələnlərin içərisində də sərhəddən müəyyən narkotik vasitələr keçirənlər olur. Bəzən həmin şəxslər zəvvar olduqlarına görə gömrük keçid məntəqələrində diqqətlə yoxlanılmır, onlara güzəştlər edilir. Onlar da bundan sui-istifadə edir, müəyyən uyuşdurucu maddələr keçirirlər. Ona görə də Səudiyyə Ərəbistanı tərəfindən verilmiş bu qərarı çox haqlı hesab edirəm".

S.Həsənli əlavə edib ki, Azərbaycandan gedən zəvvarlarla bağlı indiyədək belə bir problem yaranmayıb.

QMİ sədrinin müavini əlavə edib ki, Azərbaycanda Həcc ziyarətinə getmək üçün müraciət edən şəxslər yeni xəbərdarlıq barədə təlimatlandırılır: "Azərbaycan zəvvarları bir çox ölkələrin zəvvarlarından fərqli olaraq, səmimi şəkildə bu seçimi etdiklərindən Allah evinə uyuşdurucu ilə getmirlər. Allah evinə uyuşdurucu ilə getməyin özü çox məntiqsiz hərəkətdir, haramdır".

Hazırda Həcc ziyarətinə getmək üçün qeydiyyatın aparıldığını deyən S.Həsənlinin sözlərinə görə, bu il azərbaycanlı zəvvarlar üçün təxminən 1000 yerlik kvota ayrılıb.

Kvotanın ötən illərdən aşağı olduğunu xatırladan QMİ sədrinin müavini deyib ki, bəzi illərdə Azərbaycandan Həccə 3000, hətta 4000 zəvvar gedib: "Kvotanın aşağı salınması Səudiyyə Ərəbistanının qərarıdır. Onlar bəlkə də "Məscidül-Həram"da təmir işləri tam bitmədiyi üçün kvotanı aşağı salıblar. Bunun müxtəlif səbəbləri ola bilər, amma bunun Azərbaycana qarşı hər hansı cəza olmasını düşünmək gülünc olardı".

Həcc ziyarəti üçün qiymətlərin də bahalaşdıığı deyən S.Həsənli əlavə edib ki, bu il Həccə getmək üçün sadə gedişin qiyməti 3500, xüsusi gedişin qiyməti isə 4500 dollardır: "Bu il də səfərlər yalnız təyyarə ilə olacaq. Əvvəllər avtobuslarla da səfərlər təşkil edilirdi. Avtobuslar Suriyadan, İraqdan keçməklə hərəkət edirdi. İndi nə Suriyadan, nə də İraqdan keçmək məqsədəuyğun deyil, bu riski etmək mümkün deyil. Artıq 5 ildir ki, avtobuslarla gediş yoxdur".

S.Həsənli Həcc ziyarətinin sentyabrın əvvəllərindən həyata keçiriləcəyini söyləyib.

O, zəvvarların təhlükəsizliyinin təmini üçün hər il Səudiyyə Ərəbistanı hökuməti tərəfindən tədbirlər görüldüyünü, bu il də müvafiq işlərin aparılacağını deyib.

Qeyd edək ki, qanuna əsasən, narkotik vasitə, spirtli içki və təbliğat xarakterli ədəbiyyatların Səudiyyə Ərəbistanına gətirilməsi qəti qadağandır. Ölkəyə narkotik aparanlar ölüm hökmü (edam) cəzasına məhkum edilir.

Aia.az
Geri dön