Ana Sayfa > Siyasət > Deputat: Vətən müharibəsi nəticəsində qazanılan Qələbənin təməlində Ulu Öndərimizin uzaqgörən siyasəti dayanır

Deputat: Vətən müharibəsi nəticəsində qazanılan Qələbənin təməlində Ulu Öndərimizin uzaqgörən siyasəti dayanır


11-12-2021, 09:18. Yazar: admen
Deputat: Vətən müharibəsi nəticəsində qazanılan Qələbənin təməlində Ulu Öndərimizin uzaqgörən siyasəti dayanır

Azərbaycan xalqı ümummilli liderimiz Heydər Əliyevi hər zaman böyük ehtiramla yad edir, onun əziz xatirəsini daim uca tutur. Ulu Öndərimizin müəyyənləşdirdiyi siyasət daim ölkəmizə və xalqımıza işıqlı yol göstərir. Ulu öndər Heydər Əliyevin müdrik və uzaqgörən idarəçiliyi sayəsində Azərbaycan bu gün xarici siyasətində etibar və sabitlik mili kimi çıxış edən, iqtisadi inkişaf və sosial rifah yolunda mətin addımlarla irəliləyən, demokratik təsisatların təşəkkül tapdığı müasir ölkədir. Görkəmli dövlət xadimi Heydər Əliyevin Azərbaycana rəhbərliyi dövründə xalqın min illərlə arzusunda olduğu niyyətlər gerçəyə çevrilib, Azərbaycan müstəqilliyə qovuşub.

Bu fikirləri açıqlamasında Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva deyib.

Deputat bildirib ki, dünya siyasətinin nəhənglərindən sayılan Heydər Əliyev xalqının xilaskarı missiyası ilə Tanrı və zaman tərəfindən Azərbaycanın taleyinə bəxş edilmiş və bu qürurlu taleyin zirvəsini müəyyən etmiş nadir şəxsiyyətlərdən biridir. Bu dahi insanın Azərbaycan xalqının qan və qəlb yaddaşında qurucu və xilaskar dövlət xadimi, milli lider və xalq məhəbbətini qazanan öndər kimi qalması heç şübhəsiz ki, təsadüfi deyildir. Xalqının taleyində, mənəvi, siyasi və ictimai həyatında, dövlət quruculuğunda onun qədər misilsiz xidmətlər göstərən ikinci dövlət adamı tapmaq gerçəkdən mümkünsüzdür. Elə bu səbəbdəndir ki, Heydər Əliyevi tanıdığımız gündən ona ən böyük azərbaycanlı demişik.

Sevinc Fətəliyeva vurğulayıb ki, məhz Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi kurs nəticəsində Azərbaycan özünün geostrateji, iqtisadi və mədəni potensialından istifadə edərək Şərqlə Qərb arasında etibarlı körpü rolunu oynamış və onu dünyanın ən dinamik inkişaf edən ölkələrindən birinə çevirib: “Heydər Əliyev dövlət başçısı və siyasi xadim kimi beynəlxalq vəziyyəti düzgün təhlil edərək, Azərbaycan dövlətinin müstəqilliyinin qorunması və inkişafı yolunda müstəqil siyasət apararaq xalqı öz ətrafında birləşdirməyi bacarmışdır. Müstəqil dövlət quruculuğundan danışarkən ölkənin xarici siyasət kursuna nəzər salmamaq mümkün deyildir. Heydər Əliyev mürəkkəb qlobal və regional vəziyyətin mövcudluğu, ölkə daxilində destruktiv qüvvələrin fəallaşdığı bir şəraitdə əsaslandırılmış xarici siyasət kursunu müəyyənləşdirdi. Bu, Azərbaycan dövlətçiliyi üçün tarixi töhfədir. Ulu Öndərimizin müəyyənləşdirdiyi xarici siyasətdə Ermənistan-Azərbaycan münaqişəsinin həlli ən başlıca yer tuturdu. Bu siyasət nəticəsində ölkəmiz diplomatik müstəvidə Ermənistanı küncə sıxışdırdı və beynəlxalq təşkilatların qəbul etdiyi sənədlərdə Azərbaycanın ərazi bütövlüyü tanınırdı. 44 günlük Vətən müharibəsi nəticəsində qazanılan Qələbənin əsasında məhz Ulu Öndərimizin əsasını qoyduğu uzaqgörən siyasət dayanır”.

Deputat söyləyib ki, Ulu Öndərimizin müəyyənləşdirdiyi xarici siyasət kursunda Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ən başlıca yeri tuturdu. Belə ki, Heydər Əliyev bütün xarici səfərlərində, beynəlxalq tədbirlərdə, xarici ölkələrin nümayəndələrinin ölkəmizə səfərlərində Qarabağ həqiqətlərinə xüsusi yer verir, Ermənistanın işğalçılıq siyasətini ifşa edirdi. Məhz bu siyasət nəticəsində Azərbaycan diplomatik müstəvidə münaqişənin həlli ilə bağlı uğurlar qazanırdı. Dünya ölkələri, beynəlxalq təşkilatlar Azərbaycanın ərazi bütövlüyünü tanıyır və bu barədə sənədlər qəbul edirdilər. Vətən müharibəsində qazanılan Qələbədə bu amillər vacib rol oynadı. Çünki Ulu Öndər tərəfindən müəyyənləşdirilmiş siyasi kursda milli maraqlarımız hər şeydən üstün dayanırdı. Bu kursun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticə etibarilə Qələbəmizi şərtləndirdi. Müharibənin davam etdiyi günlərdə Ermənistan rəhbərliyinin, erməni lobbisinin və diasporunun cəhdlərinə baxmayaraq, heç bir dövlət, beynəlxalq təşkilat Azərbaycana qarşı hər hansı addım atmadı, Qarabağın Azərbaycanın tərkib hissəsi olduğu bəyan edildi.

Ulu öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyev Azərbaycanı inamla irəli aparır. Xalqımızın Ümummilli Liderinin layiqli davamçısı, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə tarixi ədalət bərpa edilmiş, işğal altında olan torpaqlarımız azad olunmuş, Zəfər salnaməsi tarixdə layiqli yerini almışdır. Müstəqil və qüdrətli Azərbaycanın memarı, qurucusu Heydər Əliyevin adı Azərbaycanın özü qədər əbədi olacaq, onun parlaq ideyaları gələcəyimizə daim nur saçacaq”, - deyən deputat fikrini yekunlaşdırıb.

aia.az
Geri dön