Ana Sayfa > Seçki 2024 > Samux rayonunda şəhidin ildönümü qeyd olundu.

Samux rayonunda şəhidin ildönümü qeyd olundu.


10-12-2021, 14:40. Yazar: sevinc1
Samux rayonunda şəhidin ildönümü qeyd olundu.

10 Dekabr 2021-ci ildə Samux rayonunun Füzuli kəndində 44 günlük haqq savaşında şəhadətə yüksələn qəhrəman şəhidimiz mayor Maşıyev Asəf Volodya oğlunun ildönümü mərasimi keçirildi. Anım mərasimində Samux Rayon İcra Hakimiyyətinin başçısı Alı Qocayev, YAP Samux rayon təşkilatının sədri Gündüz Bayramov, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhidin ailə üzvləri, dindarlar, ağsaqqallar və kənd ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Şəhidimizin məzarı ziyarət olunub, məzarı üstünə gül-çiçək dəstələri düzülərək əziz xatirəsi böyük ehtiramla yad edilib, şəhidimizin ruhuna dualar oxunub. Qəhrəman şəhidimizin keçdiyi döyüş yolundan, müharibə zamanı göstərdiyi misilsiz şücaətdən bəhs edildi.

Qəhrəman şəhidimizin atası oğlu ilə bağlı xatirələr danışaraq bildirdi ki, Asəf hələ Birinci Qarabağ döyüşlərini televiziya ekranlarından izləyərkən hərbçi olacağını deyirdi, həmişə bir zabit kimi qələbə çalacağımızı xüsusi qeyd edərdi. Sonralar şəhid mayor Asəf Maşıyevin bu istəyi durmadan artır, nəhayət ailəsi Asəfin bu istəyinə etiraz etmir. O, hərb sənətini seçir; 1998-ci ildə Cəmşid Naxçıvanski adına hərbi litseyə qəbul olur və 2001-ci ildə litseyi bitirir. Sonra Azərbaycan Heydər Əliyev adına Hərbi Akademiyaya qəbul olub, 2005-ci ildə akademiyanı bitirərək, “N” saylı hərbi hissədə leytinant rütbəsilə xidmətə başlayır. Respublikanın müxtəlif bölgələrində nümunəvi hərbi xidmətinə görə bir sıra fəxri fərmanlarla və “Azərbaycan Silahlı Qüvvələrinin 90, 95 və 100 illiyi” yubliley medalları, II və III dərəcəli “Qüsursuz xidmətə görə” medalları ilə təltif olunub. Vətən Müharibəsinin qəhrəmanlarından biri, kəşviyyat bölüyünün komandiri olan mayor Asəf Maşıyev torpaqlarımızın işğaldan azad edilməsi istiqamətində müstəsna xidmətləri ilə seçilib. Vətən müharibəsində torpaqlarımızın işğaldan azad olunmasında igidlik göstərərək 30.09.2020-ci il tarixdə Murovdağ istiqamətində şəhid olub. Lakin qəhrəman şəhidimizin nəşi 72 gün sonra 10 dekabr 2020-ci ildə gətirilərək doğulub boya-başa çatdığı Füzuli kənd qəbirstanlığında dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılaraq, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən ölümündən sonra mayor Maşıyev Asəf Volodya oğlu “Vətən uğrunda”, “İgidliyə görə” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.

Allah qəhrəman şəhidimizə rəhmət eləsin. Ruhu şad olsun.

aia.az

Geri dön