Ana Sayfa > Seçki 2024 > Ümummilli lider Heydər Əliyev böyük Zəfərimizin banisidir

Ümummilli lider Heydər Əliyev böyük Zəfərimizin banisidir


10-12-2021, 14:09. Yazar: sevinc1
Ümummilli lider Heydər Əliyev böyük Zəfərimizin banisidir

Xalqımızın ümummilli lideri Heydər Əliyev Azərbaycan tarixinin yetişdirdiyi ən böyük şəxsiyyətlərdən biridir. Azərbaycan tarix boyu bəşəriyyətə böyük dühalar bəxş edib. İstər ədəbiyyat, istər fəlsəfə, istər astronomiya, istər dəqiq elmlər və sair. Elə bir sahə tapılmaz ki, Azərbaycanın yetirdiyi şəxsiyyətlərin adı dünyanın müxtəlif sahələr üzrə seçilmiş insanlarının adları ilə qoşa çəkilməsin. Ümummilli lider Heydər Əliyevin adı bu şəxsiyyətlərin sırasında daha uca zirvələrdə dayanır. Bunun da əsas səbəbi Ulu Öndərin hərtərəfli insan olması ilə bağlıdır. Ümummilli Liderimiz təkcə ictimai-siyasi xadim kimi deyil, həm də bir insan olaraq böyük nüfuza malik idi. Ulu Öndər bütün xüsusiyyətlərinə görə insanlığa nümunə olub.

Bu fikirlər “Qarabağa dönüş” təşkilatının rəhbəri, Milli Məclisin deputatı Tural Gəncəliyevin “Ümummilli lider Heydər Əliyev böyük Zəfərimizin banisidir” sərlövhəli məqaləsində yer alıb.

Məqalədə bildirilib ki, hər bir şəxsin üzərinə bir missiya düşür. Hər kəs öz üzərinə düşən missiyanın öhdəsindən müxtəlif səviyyələrdə gələ bilir. Ulu öndər Heydər Əliyev isə təkcə öz üzərinə götürdüyü missiyanı daha layiqincə yerinə yetirdi. Dahi şəxsiyyət Heydər Əliyevin missiyası Azərbaycan dövlətinin əsaslarını yaratmaq və bu dövləti düzgün istiqamətləndirmək və özündən sonra onu etibarlı əllərə buraxmaq idi. Azərbaycanın 30 ildən artıq bir dövrünü əhatə edən tarixi taleyi, bu illər ərzində xalqın ictimai-siyasi, iqtisadi və mədəni həyatının bütün sahələrində dirçəlişi Ulu Öndərin adı ilə sıx bağlıdır. Ulu Öndər rəhbərlik etdiyi bu dövr ərzində Azərbaycanı bir dövlət kimi zamanın ağır və sərt sınaqlarından çıxara bildi, ölkənin gələcək inkişaf strategiyasını müəyyən etdi.

“Mən daha çox diqqəti Ulu Öndərin ikinci dəfə hakimiyyətə gəldiyi dövrə yönəltmək istərdim. Öz yurd-yuvasından didərgin düşmüş bütün insanlar ümidsizlik sindromuna düşmüşdü. Hamı qəlbinin dərinliyində bir xilaskarın gələcəyinə və insanları düşdüyü müsibətlərdən qurtaracağına inanırdı. Azərbaycan yalnız Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra insanların qəlbində ümid çırağı yanmağa başladı. Ulu Öndərin söylədiyi “gün gələcək Azərbaycanın bayrağı Şuşada və digər işğal olunmuş ərazilərdə dalğalanacaq” sözləri xalqımızın sabaha inamını artırdı.

Uzun illər diplomatik korpusda çalışan bir insan kimi deyə bilərəm ki, Heydər Əliyevin siyasi zəkası sayəsində Azərbaycanın beynəlxalq aləmdən təcrid olunmaq təhlükəsi aradan qaldırıldı. Heydər Əliyevin xarici siyasət məsələlərinə müstəsna əhəmiyyət verməsi, beynəlxalq miqyasda uğurlu və cəsarətli addımlar atması, milli məqsədlər naminə ən nüfuzlu tribunalardan bacarıq və məharətlə istifadə etməsi Azərbaycan dövlətçiliyinin bu günü və gələcəyi baxımından son dərəcə əhəmiyyətli oldu. Ulu Öndər Azərbaycan həqiqətlərini, xüsusilə Ermənistan-Azərbaycan münaqişəsinin mahiyyətini dünya ictimaiyyətinə çatdıra bildi.1994-cü ilin mayında Ermənistan-Azərbaycan müharibəsində atəşkəsə nail olunmaqla torpaqlarımızın işğalı prosesi dayandı”, - deyə müəllif vurğulayıb.

Bildirilib ki, müstəqilliyin ilk illərində mövcud olan ayrı-ayrı şəxslərə və siyasi qruplaşmalara xidmət edən silahlı birləşmələr Ali Baş Komandan Heydər Əliyevin məqsədyönlü və qətiyyətli siyasəti nəticəsində ləğv edildi. Milli Ordunun formalaşdırılması, Azərbaycanın nizami Silahlı Qüvvələrinin yaradılması ilə bağlı təxirəsalınmaz tədbirlər görüldü. Orduda kütləvi fərarilik hallarına son qoyuldu. Hərbi intizam möhkəmləndirildi. Bu gün Azərbaycanın suverenliyini, müstəqilliyini yüksək şərəfi və şücaəti ilə qoruyan, Müzəffər Ali baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Zəfər qazanaraq ərazi bütövlüyünü təmin edən Azərbaycan Ordusu Ulu Öndərin xalqımız qarşısında göstərdiyi misilsiz xidmətlərdən birinin bariz nəticəsi sayılmalıdır. Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsi ilə bir milyondan çox insanın yurd həsrətinə son qoydu. Ümummilli lider Heydər Əliyevin layiqli davamçısı İlham Əliyevin rəhbərliyi ilə Ordumuz xalqımızın şanlı tarixini yazdı.

“Artıq işğaldan azad olunmuş bütün rayon, kənd və qəsəbələrdə geniş abadlıq quruculuq işləri aparılır. Biz keçmiş məcburi köçkünlər öz yurdumuza geri dönməyə hazırlaşırıq. Hesab edirəm ki, biz 44 günlük möhtəşəm Qələbəyə görə həm də ümummilli lider Heydər Əliyevə borcluyuq. Çünki bizi 30 il ərzində qələbəyə yaxınlaşdıran ordu quruculuğunun əsasını məhz ümummilli lider Heydər Əliyev qoyub. İndi Qarabağ bölgəsinin qürurlu sakini kimi deyə bilərəm ki, Ulu Öndər Heydər Əliyevin uzaqgörən, dəqiq düşünülmüş iqtisadi, siyasi, hərbi strategiyası xalqımızı daha böyük zəfərlərə çatdıracaq. Ümummilli lider Heydər Əliyev təkcə Azərbaycan dövlətinin deyil, həm də qalib Azərbaycanın böyük Zəfərinin banisidir, - deyə T.Gəncəliyev qeyd edib.

aia.az
Geri dön