Ana Sayfa > Siyasət > Medianın yeni qanunu müzakirə olunur: nələr var, nələr olacaq?

Medianın yeni qanunu müzakirə olunur: nələr var, nələr olacaq?


10-12-2021, 12:27. Yazar: admen
Medianın yeni qanunu müzakirə olunur: nələr var, nələr olacaq?

1999-cu ildə qəbul olunmuş və hazırda qüvvədə olan "Kütləvi informasiya vasitələri haqqında" qanun bu günə kimi 79 dəfə dəyişdirilib və müasir çağırışlarla uzlaşmır.

Televiziya haqqında qanun layihələri də media qanunvericiliyinə əlavə olunub. Amma bir çox qanunlarda da KİV-in fəaliyyətinə dair məhdudlaşdırıcı müddəalar əlavə edilib ki, bu da KİV-in müstəqil fəaliyyətinə bir çox hallarda maneələr yaradıb.

Medianın yüksək səviyyəsi, peşəkarlığı həssas məsələdir. Özü də indiki situasiyada daha çox həssaslıq tələb edir: üstəlik, yeni informasiya - kommunikasiya texnologiyalarının inkişafı fonunda, saxta xəbər və dezinformasiyaların ayaq açdığı bir dövrdə.

Məhz bu səbəbdən bu gün Milli Məclisdə "Media haqqında" yeni qanun layihəsinin müzakirəsi başlanır.

Qanun layihəsinin ilkin variantı əvvəlcə parlamentin İnsan hüquqları komitəsində müzakirəyə çıxarılacaq.

"Media haqqında" yeni qanun layihəsinin qəbulu ilə "Televiziya yayımı haqqında" və "KİV haqqında" qanunlar qüvvədən düşəcək.

Diffamasiya ilə bağlı da araşdırmalar gedir və müvafiq sənəd də artıq hazırlıq mərhələsindədir.



Məqsəd "Cinayət Məcəlləsindən 147, 148, 148.1 (böhtan və təhqirə dair) maddələrin çıxarılmasıdır ki, bu da ölkədə kütləvi informasiya vasitələrinə "məhkəmə təhdidi" vasitəsilə ayrı-ayrı şəxslərin və strukturların məntiqsiz, emosional hücumlarının qarşısını alacaq, eyni zamanda jurnalistlərin hüquqlarının təminatının daha da səbatlı edilməsində ciddi addım olacaq.

"Media haqqında" qanun layihəsinə əsasən:

✅Azərbaycan Media Reyestrinə daxil edilmiş jurnalistlərin fəaliyyətini məhdudlaşdıran dövlətlərin jurnalistlərinə məhdudiyyət tətbiq edəcək

✅Jurnalistlər güzəştli kreditlərdən yararlana biləcəklər

✅İrqi, dini, mənşə, cinsi, etnik və digər ayrıseçkiliyin təbliği ilə bağlı tələblər pozulduqda Audiovizual Şura tərəfindən yayım 24 saat müvəqqəti dayandırılacaq

✅Mediada xəbər "oğurluğu"nun qarşısını almaq üçün mexanizm formalaşdırılır

✅Azərbaycanda partiyalar və dini qurumlar telekanal, xəbər saytı, informasiya agentliyi təsis edə bilməyəcək

✅Xarici şirkətlər, əcnəbilər çap və onlayn media məhsulunun 25 faizinə sponsorluq edə biləcək

✅Media Reyestrində olan jurnalistlərə 3 illik jurnalist vəsiqəsi veriləcək

Ölkə mass-mediasının fəaliyyətini tənzimləyəcək yeni qanun Vergi Məcəlləsinə müvafiq dəyişiklikərin edilməsini nəzərdə tutur.

Daha konekret olsaq, mediaya 5 illik vergi güzəştlərinin tətbiqi ola bilər ki, onların arasında reklamla bağlı güzəştlər də yer alacaq.

Eyni zamanda, Azərbaycan Kiçik və Orta Biznesin İnkişafı Agentliyi ilə KOBİA Medianın İnkişafı Agentliyi arasında müzakirələr davam etdirilir. Müvafiq qurumların media sahəsinin kömək xarakterli təklifləri dəyərləndirilməkdədir. Media subyektlərinin güzəştli kreditlərdən yararlanması imkanının təmin olunması planlaşdırılır. MEDİA və biznes subyektləri arasında platformanın yaradılması planlaşdırılır. Mediaya dəstək layihələrinin yeni qaydaları hazırlanıb. 18 çap mediası ilə yanaşı ilk dəfə 39 veb-sayta maliyyə yardımının göstərilməsinə başlanılıb.

Onlayn media sahəsində reklam işinin optimallaşdırılması və potensialının gücləndirilməsi istiqamətində də xüsusi layihə konsepti hazırlanacaq.

Səbəb bəsitdir: ölkədə hazırda xeyli onlayn media vasitəsi, yəni saytldar var ki, onlar uydurma, feyk xəbərlərlə reytinq toplamağa çalışırlar. Bu isə təbii ki, peşəkar media subyektlərin fəaliyyətinə mənfi təsir edir, cəmiyyətə real və obyektiv məlumatların çatdırılmasında süni əngəllər yaradır.



Son vaxtlar ölkə kütləvi informasiya vasitələrinin bir parasında və sosial şəbəkələrdə müzakirə predmetinə çevrilən "Media ombudsmanı olmalıdırmı?" sualının cavabı isə yeni qanun layihəsində yoxdur, olmamamalıdır da. Çünki bu məsələ media barədə qanunun predmeti deyil.

İnternet televiziyalarına, yəni YouTube-dakı kanallara gəldikdə isə, Azərbaycanda internet televiziyaların lisenziya almaq üçün müraciət etməsi məcburi xarakter daşımayacaq.

Lisenziya almayan internet televiziyalar fəaliyyətlərini maneəsiz davam etdirə biləcəklər.

Digər ciddi problem hazırda ölkə mass-mediasında "xəbər oğurluğu", yəni konkret media strukturunun intellektual (əqli) mülkiyyəti və məhsulu olan xəbərin (məlumatın, informasiyanın) digər media strukturu tərəfindən istinadsız dərci, nümayişi və s.-dir.

Media subyektlərinin istehsal etdikləri məhsullar üzərindəki müəlliflik hüquqlarının qorunması təmin ediləcək, media subyektlərinin bir-birindən xəbər "oğurlamaq" vərdişləri aradan qaldırılacaq, xəbər uğrunda mübarizə və xəbər yaratmaq bacarıqlarının inkişafı təşviq ediləcək.

Qanun layihəsi qəbul edildikdən sonra jurnalistika peşəsinin ciddi mahiyyət qazanmasına təkan verəcək, ictimaiyyətdə jurnalistikaya və jurnalistlərə qarşı formalaşmış neqativ təsəvvürlərin aradan qaldırılmasına şərait yaradacaq, ictimaiyyət və media arasında qarşılıqlı etimadın güclənməsini təmin edəcək.

Ölkədəki jurnalistlərə vahid vəsiqənin verilməsi də nəzərdə tutulub.

Media reyestrinə daxil edilən jurnalistlərə vahid jurnalist vəsiqəsinin təqdim olunması könüllülük prinsipi əsasında həyata keçirilsə də, media mühitinin sağlamlaşmasına müsbət təsir göstərəcək.

Reyestrin aparılması nəticəsində keyfiyyətli xəbər istehsalını təmin etmək, bu sahədə stimullaşdırıcı tədbirləri həyata keçirmək mümkün olacaq, kütləvi informasiyanın əldə olunması, ötürülməsi, istehsalı və yayımı fəaliyyətini təsadüfi və qeyri-müntəzəm şəkildə həyata keçirən, əsas istiqaməti media sahəsində fəaliyyətin həyata keçirilməsi olmayan subyektlər media subyekti hesab edilməyəcək.



İnformasiyaya dair tələblərin müəyyənləşdirilməsi, eyni zamanda, ciddi medianın yaralı yeri olan müəllif hüquqlarının qorunmasına hüquqi təminatın verilməsi media subyektləri arasında sağlam rəqabət mühiti formalaşdıracaq.

Təbii ki, belədə, özünü media subyekti və ya jurnalist kimi təqdim edən şəxslərin fəaliyyətinin qarşısı alınacaq.

Reyestrə daxil edilmək üçün tələb olunan məlumatlar mahiyyət etibarı ilə mətbu nəşrlərin uçotu zamanı tələb olunan məlumatlardır, sadəcə müasir dövrün çağırışlarına uyğunlaşdırılmışdır. Onsuz da bu məlumatlar və sənədlər media subyektlərində mövcuddur, reyestr sadəcə onları vahid bazada toplayır və pərakəndəliyin qarşısını alır. Çünki dağınıq və səpələnmiş məlumatlar medianın inkişafına dəstək layihələrinin həyata keçirilməsinə və bu istiqamətdə səmərəli fəaliyyətin təşkil edilməsinə mane olur.

Tələb olunan rəsmi məlumatın məqsədi həm media subyektlərinin, həm də jurnalistlərinin fəaliyyətinin daha səmərəli təşkilini və onların hüquqlarının ən yüksək səviyyədə müdafiəsini təmin etmək, heç bir qanuni əsası olmadan özünü media subyekti və ya jurnalist kimi təqdim edən və qeyd olunan statusdan sui-istifadə edən şəxslərin fəaliyyətinin qarşısını almaqdır", - layihədə qeyd olunub.

Və ən nəhayət, çap mediası və onlayn media subyektinin təsis edilməsi üçün dövlət orqanlarından (qurumlarından) icazə tələb olunmayacaq.



Reyestrin məqsədi media subyektlərinin sayının müəyyənləşdirilməsi, bununla da media subyektlərinə və onların işçilərinə tanınan hüquqların müdafiəsi mexanizminin formalaşdırılması, akkreditasiya prosedurunun daha sürətli və səmərəli həyata keçirilməsinin təmin edilməsi, bu sahədə fəaliyyətin stimullaşdırılmasıdır.

... Yeni qanun, düşünürük ki, Azərbaycanda medianın inkişafına imkan verən qanunvericilik bazasının formalaşdırılmasında irəliləyişə istiqamətlənən önəmli addım olacaq, reklam bazarının inkişafına, medianın maliyyə dayaqlarının inkişaf etdirilməsinə öz töhfəsini verməlidir
Geri dön