Ana Sayfa > Seçki 2024 > Nəsrəddin Aslanov: “Heydər Əliyev Azərbaycanın müstəqillik kursunun memarıdır.”

Nəsrəddin Aslanov: “Heydər Əliyev Azərbaycanın müstəqillik kursunun memarıdır.”


8-12-2021, 18:00. Yazar: admen
Nəsrəddin Aslanov: “Heydər Əliyev Azərbaycanın müstəqillik kursunun memarıdır.”

Heydər Əliyev nadir tarixi şəxsiyyətlərdəndir ki, mükəmməl dövlət quruculuğu konsepsiyasını işləyib həyata keçirə bildi. Ulu öndər əvvəlcə Azərbaycanı böyük bir fəlakətdən xilas etdi, sonra isə dövrün tələblərinə yüksək dərəcədə cavab verən müstəqil demokratik dövlət quruculuğu konsepsiyasını işləyib hazırladı. Azərbaycanın dünyada layiqli yerini tutması üçün uzun illər fədakarlıqla çalışan Heydər Əliyev müstəqil Azərbaycanın memarı və qurucusu kimi tarixdə layiqli yerini tutdu. Heydər Əliyev barədə dünyanın tanınmış şəxslərinin ifadə etdiyi fikirlər bir daha onun nə dərəcədə müdrik, eyni zamanda, praqmatik bir lider olduğunu təsdiqləyir.

Heydər Əliyev XX əsr Azərbaycan siyasətinin ən parlaq siması və XXI əsr müstəqillik kursunun memarıdır. Ümummilli liderimizin həyata keçirdikləri, nəzəri ifadə etdiyi, praktiki diplomatiyaya verdiyi töhfələr hələ uzun illər araşdırılacaq. 1993-cü ilin yayında Azərbaycan müstəqil dövlət kimi uçurumun kənarında dayanmışdı. Ölkəyə rəhbərlik edən səriştəsiz siyasi qruplar çıxış yolu tapa bilmirdilər. Düşmən isə addım-addım müstəqil dövlətçiliyimizə qəsd etməkdə idi. Bu ağır zamanda xalq təkidlə Heydər Əliyevin siyasət səhnəsinə qayıdışına nail oldu. Ulu öndərin hakimiyyətə dönüşü bir neçə anlamda Azərbaycanın qurtuluşunun başlanğıcı oldu. Birincisi, dövlətçilik ideyası iflasdan qurtuldu. Əgər cəmiyyətdə dövlət quruculuğuna inam yoxdursa, onu başqa heç bir ideya ilə ayaqda durmağa məcbur etmək mümkün deyildir. Düşmənlər tərəfindən aparılan təxribatçı ideoloji fəaliyyət yaranmış vəziyyəti daha da acınacaqlı edirdi. Bu məqamda siyasət səhnəsinə Heydər Əliyev çıxdı və xalqda dövlət quruculuğuna dərin inam yaratdı! İkincisi, Heydər Əliyev Azərbaycan cəmiyyətini siyasi təfəkkür məhdudluğundan qurtardı. Bu, böyük və inqilabi bir nailiyyət idi. Heydər Əliyev daxildəki radikal qrupları zərərsizləşdirməklə məsələnin bir qismini həll etdi. Bir neçə il siyasət meydanında at oynadanlar artıq arxa plana keçmişdi və xalq onları lider kimi qəbul etmirdi. Həmçinin ulu öndər paralel olaraq siyasi mühitdə ciddi islahatlar aparırdı. Onu üç aspektdə bir-biri ilə uyğunlaşdıraraq həyata keçirirdi – sosial-siyasi sabitlik yaradır, Dağlıq Qarabağ münaqişəsini beynəlxalq aləmə çıxarır və neft strategiyasını dövlət quruculuğuna təkan verən faktora çevirirdi. Sosial-siyasi sabitlik cəmiyyətin siyasi təfəkküründə nizam-intizam yaradırdı. Ona belə bir inam aşılayırdı ki, azərbaycanlılar öz ölkəsində siyasi sabitlik yarada bilərlər. Bu proses günbəgün daha geniş vüsət alırdı. Ermənistanın Azərbaycana təcavüzünün BMT-də müzakirə edilməsi isə dünyaya bu münaqişənin əsl simasını anlatmağa geniş imkanlar yaradırdı. Heydər Əliyev böyük ustalıqla ermənilərin əsl niyyətlərini bütün dünyaya göstərdi. Ancaq ulu öndər bununla da kifayətlənmirdi. Heydər Əliyev 1994-cü və 1995-ci illərdə BMT Baş Assambleyasının yüksək tribunasından Azərbaycanda müstəqil dövlət quruculuğunun konseptual parametrlərini dəqiqliklə geniş auditoriyaya çatdırdı. Ulu öndər Heydər Əliyev hakimiyyətə qayıdışı ilə həmçinin milli ideyanı iflasdan qurtardı. Milli ideya hər bir cəmiyyət üçün onu gələcəyə aparan əsas qüvvədir. O, yalnız cəmiyyət özünün vahid məqsədini müəyyənləşdirdikdə real məzmun kəsb edir. Milli ideya heç zaman boş yerdə yaranmır. Onun konkret prinsipləri olmalıdır. Heydər Əliyev milli ideyanı konkret ideoloji konseptdə – azərbaycançılıqda ifadə etdi. Azərbaycançılıq ideologiyasına müasir dövlət quruculuğu tələblərinə uyğun yeni məzmun çalarları verdi. Heydər Əliyev azərbaycançılıq ideyası ilə nəinki cəmiyyətdə deqradasiya prosesinin qarşısını aldı, hətta dövlətçilik şüurunun yeni şəraitə uyğunlaşdırılması istiqamətində ciddi addımlar atdı.


Heydər Əliyev fenomeni bütün dünya üçün böyük əhəmiyyət kəsb edən bir dahi insan faktoru idi. Avrasiya kimi geniş və ziddiyyətli bir məkanda yeni tarixin yaradıcılarından olmaq böyük qüdrət tələb edir. Heydər Əliyev həyata keçirdiyi siyasətlə bunu yüksək səviyyədə dünyana nümayiş etdirib. Həmin bağlılıqda ulu öndərin Bakı-Tbilisi-Ceyhan neft boru xəttinin çəkilişində göstərdiyi müdrikliyi, təmkini, qətiyyəti və aktivliyi ayrıca vurğulamaq lazımdır. Hələ o vaxt ümummilli lider daim vurğulayırdı ki, Bakı-Ceyhan layihəsi bütövlükdə Avrasiyanın geosiyasi dinamikasını dəyişəcək. Bu layihə geniş bir məkanda inkişafa, əməkdaşlığa və qarşılıqlı faydalı əlaqələrin yeni səviyyəyə yüksəlməsinə xüsusi töhfə verəcək. O cümlədən təhlükəsizlik sahəsində keyfiyyət dəyişikliyi edəcək. Tarix ulu öndərin tam haqlı olduğunu təsdiq etdi. Bu gün Azərbaycan bir neçə əhəmiyyətli beynəlxalq enerji, nəqliyyat layihələrinin təşəbbüskarıdır. "Şərq-Qərb" və "Şimal-Cənub" dəhlizlərinin reallaşdırılmasının fəal üzvüdür, "Yeni İpək Yolu" layihəsində aktiv iştirakçıdır. Bunlar məcmu halında Avrasiyanın geosiyasi xəritəsində ciddi dəyişikliklərə təkan verməkdədir. Bu barədə dünyanın aparıcı siyasi liderləri dəfələrlə fikir bildiriblər. Bugünkü mövqeyə gəlib çıxmaqda ulu öndərin qlobal miqyasda irəli sürdüyü əməkdaşlıq prinsipləri həlledici rol oynayıb.

Beləliklə, Heydər Əliyevin milli qurtuluş fəlsəfəsinin əsas prinsipləri bütövlükdə dövlətimizi yeni inkişaf səviyyəsinə çıxarmış, onu mühüm geosiyasi oyunçuya çevirmişdir. Təbii ki, bu prosesdə Heydər Əliyevin xarici siyasət kursu ciddi rol oynamışdır. Bu gün ulu öndərin dövlət quruculuğu kursunu Prezident İlham Əliyev böyük uğurla inkişaf etdirir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən strateji kursun ən mühüm prioritetlərindən biri olan ordu quruculuğu istiqamətində görülən işlərin nəticəsində Azərbaycan Ordusu bu gün dünyanın ən güclü 50 ordusu sırasında yer alıb. Və nahət bütün bu proseslərin məntiqi nəticəsi olaraq Azərbaycan Ordusu Vətən müharibəsində parlaq tarixi Qələbə əldə edərək ölkəmizin ərazi bütövlüyünü təmin edib. Azərbaycan bu inamlı qələbəsilə öz gücünü və Heydər Əliyev siyasi kursunun alternativsizliyini bütün dünyaya nümayiş etdirdi.

Nəsrəddin Aslanov,
Tovuz Rayon Suvarma Sistemləri İdarəsinin rəisi,
Yeni Azərbaycan Partiyası Tovuz rayon təşkilatının İdarə Heyətinin üzvü.

Geri dön