Ana Sayfa > Gündəm > Oğurluq cəzası sərtləşdi

Oğurluq cəzası sərtləşdi


6-05-2016, 14:50. Yazar: admin
Oğurluq cəzası sərtləşdi

Milli Məclisin bu gün keçirilən plenar iclasında Cinayət Məcəlləsinə dəyişikliklər layihəsi qəbul olunub.

Aia.az qafqazinfo-ya istinadən bildirir ki, dəyişikliklərə əsasən, aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə əmlak ziyanı vurma ilə bağlı cəzalar ağırlaşdırılıb. Dəyişikliyə əsasən, aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə mülkiyyətçinin və ya sair sahibin əmlakına talama əlamətləri olmadan ziyan vurma min manatdan iki min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq. Hazırda bu əməllər yüz manatdan beş yüz manatadək miqdarda cərimə və ya üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Eyni əməllər qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə və təkrar törədildikdə iki min manatdan üç min manatadək miqdarda cərimə və ya iki ildən dörd ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq. Hazırda bu əməllər beş yüz manatdan min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Bundan əlavə, oğurluğun bütün halları üzrə cəzalar ağırlaşdırılıb. Belə ki, maddənin 1-ci bəndinə edilən dəyişikliyə əsasən, oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama 500 manatdan 1000 manata qədər cərimə və ya 180 saatdan 240 saatadək ictimai işlər və ya 2 ilədək müddətə islah işləri və ya 2 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılacaq. Hazırda isə bu cəza yüz manatdan yeddi yüz manatadək miqdarda cərimə və ya yüz səksən saatdan iki yüz qırx saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

Maddənin 2-ci bəndinə əlavə edilən beşinci hissəyə görə, oğurluq "zərərçəkmiş şəxsin üzərindən, cibindən, çantasından və ya digər əl yükündən çıxarılmaqla törədildikdə, 3 min manatdan 5 min manatadək miqdarda cərimə və ya 3 ildən 7 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır".

Maddənin 3-cü bəndinə edilən dəyişikliyə görə, "eyni əməllər: mütəşəkkil dəstə tərəfindən törədildikdə, külli miqdarda ziyan vurmaqla törədildikdə, əvvəllər talama və ya hədə-qorxu ilə tələb etməyə görə iki dəfə və ya daha çox məhkum edilmiş şəxs tərəfindən törədildikdə 7 ildən 12 ilədək azadlıqdan məhrumetmə ilə cəzalandırılır". Hazırda isə bu cəza 6 ildən 12 ilə qədərdir.

Həmçinin sağlamlığa qəsdən yüngül zərər vurma ilə bağlı cəzalar da ağırlaşdırılıb. Dəyişikliyə əsasən sağlamlığın qısa müddətə pozulmasına və ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma 500 manatdan 1000 manata qədər cərimə və ya bir ilədək müddətə islah işləri, yaxud bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılаcаq. Hazırda isə bu cəza 300 manata qədər cərimə və ya bir ilədək azadlıqdan məhrum etmədir.

Digər dəyişiklik odur ki, qəsdən sağlamlığa yüngül zərər vurma əməlini ilk dəfə törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad olunacaq.

Son olaraq isə ictimai işlərin çəkilməmiş hissəsi ilə bağlı azadlıqdan məhrumetmə cəzasının hesablanması qaydası dəyişib. Yəni bundan sonra məhkəmə tərəfindən müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasının müddəti müəyyən edilərkən məhkumun ictimai işləri yerinə yetirdiyi müddət nəzərə alınacaq və 8 saat ictimai işə bir gün azadlıqdan məhrum etmə hesabı ilə hesablanacaq. Qanunun hazırkı redaksiyasına görə 12 saat ictimai işə bir gün azadlıqdan məhrum etmə hesabı ilə hesablanıb.

Aia.az
Geri dön