Ana Sayfa > İqtisadiyyat > Mərkəzi Bankın fəaliyyətində nələr gözlənilir?

Mərkəzi Bankın fəaliyyətində nələr gözlənilir?


8-12-2021, 09:51. Yazar: admen
Mərkəzi Bankın fəaliyyətində nələr gözlənilir?

Azərbaycan Mərkəzi Bankı (AMB) bazarın inkişafı, investorların hüquqlarının qorunması və investisiya əməliyyatlarının tənzimlənməsi istiqamətində tədbirlər həyata keçirməyi planlaşdırır.

AİA.Az bildirir ki, bunu Trend-ə Mərkəzi Bankın Prudensial siyasət idarəsinin rəisi Arif Cəlilov deyib.

Onun sözlərinə görə, ləğv edilmiş Maliyyə Bazarlarına Nəzarət Palatasının, xüsusən də kapital bazarına dair səlahiyyətlərinin AMB-yə verildikdən sonra tənzimləyici dərhal qiymətli kağızlar bazarının inkişaf strategiyası planını qəbul edib.

"Bu layihə 2023-cü ilə qədər olan dövrü əhatə edir. Bununla bağlı üç istiqamətdə iş aparılır: kapital bazarının hüquqi bazasının tənzimlənməsi, əməliyyat infrastrukturunun təkmilləşdirilməsi və kapital bazarının (həm emitentlər, həm də investorlar) dəstəklənməsi. Bütün bu istiqamətlər üzrə müvafiq tədbirlər həyata keçirilir", - deyə Cəlilov bildirib.

O qeyd edib ki, 2019-cu ildən etibarən AMB istiqrazların buraxılması qaydalarının təkmilləşdirilməsi, onların buraxılışının asanlaşdırılması istiqamətində geniş işlər görüb.

"Bundan əlavə, ötən il Milli Depozit Mərkəzinin (MDM) xidmətlərinin ödənişində differensial yanaşma tətbiq edilib, yəni Bakı Fond Birjasında qeydiyyata alınan investisiya şirkətləri üçün faiz dərəcələri aşağı salınıb. Bu, şəffaflığın təmin edilməsi sahəsində qiymətli kağızlar bazarına siqnalımız idi. Bundan əlavə, bu il investisiya əməliyyatları bazası təkmilləşdirilib, burada müştəri hesablarının məsafədən açılması və elektron sifarişlər üçün həllər tətbiq edilib. Bu da müəyyən mənada investisiya bazarının inkişafına təsir etdi", - Arif Cəlilov vurğulayıb.

İdarə rəisinin sözlərinə görə, rəqəmsallaşma və avtomatlaşdırma prosesi bütün sahələrdə günbəgün inkişaf edir və tənzimləyici bu tendensiyanı kapital bazarına transfer edir.

"Beləliklə, marja ticarəti təkmilləşdirildi və kredit əmsallarına düzəlişlər edildi ki, bu da investorların hüquqlarının qorunmasına və bütövlükdə bazara müsbət təsir etdi. Lakin, biz bununla kifayətlənmirik və gələcəkdə bazarın inkişafı, investorların hüquqlarının qorunması və investisiya əməliyyatlarının tənzimlənməsi üçün tədbirlər həyata keçirməyi planlaşdırırıq", - deyə Cəlilov əlavə edib.
Geri dön