Ana Sayfa > Seçilənlər-6 > Bakıda eyvanı olanlar pul qazanacaqlar

Bakıda eyvanı olanlar pul qazanacaqlar


6-05-2016, 11:49. Yazar: admin



Bakıda keçiriləcək Formula 1 Avropa Qran-Prisinin başlamasına az vaxt qalıb.
Aia.az anspress-ə istinadən bildirir ki, yarışa idmançı və təşkilatçılarla yanaşı, yarış keçiriləcək ərazidə mənzili olan sakinlər də hazırlaşırlar. Əlbəttə, belə əlverişli yerdə mənzili olan insanın yarışı bir tamaşaçı kimi izləməməsi təəcübləndirərdi. Bəzi sakinlər isə yarışı təkcə seyr etmək yox, həm də bu yarışdan pul qazanmaq niyyətinə düşüblər. Biletlərinin qiyməti 29 manatdan başlayan yarışa paralel "bilet satışı"na start verilib. Paytaxt sakinləri bolidlərin keçəcəyi küçələrə baxan eyvanları olan mənzillərini kirayə verməyə başlayıblar. Daha dəqiq, mənzilin eyvanını kirayə verirlər.

"Bu biznes artıq dünyada dəb halına çevirilib"

Sosial şəbəkələrdə verilən elanlardan bir günlük eyvan kirayəsinin qiymətinin hətta 500 manata çatdığı da bəlli olur. Eyvan sahibləri kirayənişin-tamaşaçıların qəlyənaltı və spirtsiz içkilərlə də təmin olunmasını öhdələrinə götürürlər.

Nə qədər qəribə səslənsə də bu biznes artıq dünyada dəb halına çevirilib. Fransa, İspaniya, Braziliya, Almaniya və digər beynəlxalq turnirlərin keçirildiyi ölkələrdə evlərin eyvanlarını kirayəyə verirlər. Bunun nə qədər qanuni olması çoxlarını narahat etmir.

Bakıda keçiriləcək Formula 1 Avropa Qran-Pri yarışının rəsmi elçisi Fernando Alonsodur. 17-19 iyun tarixlərində Bakıda keçiriləcək yarışda dünyanın ən güclü pilotları qalib adı uğrunda mübarizə aparacaqlar. Yarış 20 müxtəlif çətinlikli döngə və 6 km-lik uzunluğu olan 51 dövrədə tamamlanacaq.

Bu arada maksimal 340 km/saat sürət toplamağa imkan verəcək Bakı Şəhər Halqasının cari F1 təqvimində ən sürətli şəhər treki statusuna imza atacağı gözlənilir. Yarış ərəfəsində Formula 1 şəhərciyində təşkil olunacaq konsertlərdə dünya ulduzları çıxış edəcəklər. İyunun 17-də Kris Braun, iyunun 18-də Enrike İqlesias və iyunun 19-da Farel Uilyams Bakıda ən məşhur ifalarını səsləndirəcəklər.



Aia.az
Geri dön