Ana Sayfa > Cəmiyyət > Rəfail Mehralıyev: “Heydər Əliyev siyasi kursu müasir Azərbaycan dövlətinin mövcudiyyətini təmin etmiş əsas amildir”

Rəfail Mehralıyev: “Heydər Əliyev siyasi kursu müasir Azərbaycan dövlətinin mövcudiyyətini təmin etmiş əsas amildir”


1-12-2021, 08:15. Yazar: sevinc1
Rəfail Mehralıyev: “Heydər Əliyev siyasi kursu müasir Azərbaycan dövlətinin mövcudiyyətini təmin etmiş əsas amildir”

Məlumdur ki, 1993-cü ildə, Heydər Əliyevin xalqın təkidli tələbi ilə ölkə rəhbərliyinə qayıdışı ərəfəsində Azərbaycanda ictimai-siyasi vəziyyət artıq böhran həddinə çatmışdı. Ulu öndərin qarşısında başlamaqda olan vətəndaş müharibəsini dayandırmaq, erməni işğalını qarşısını almaq, separatçı qüvvələrə ölkəni parçalamağa imkan verməmək kimi mürəkkəb, demək olar ki, icrası mümkünsüz olan vəzifələr dururdu. Lakin ümummilli liderin dühası bu vəzifələrin öhdəsindən misilsiz bir məharətlə gəldi. Xaosa sürüklənən Azərbaycan ulu öndərin hakimiyyətə gəlişi ilə parçalanmaqdan və məhv olmaqdan qurtuldu. Bundan sonra müstəqil dövlət quruculuğunu həyata keçirmək üçün Heydər Əliyev siyasi kursunun üç əsas istiqaməti müəyyənləşdi. Bunlar güclü iqtisadiyyat yaratmaq, daxili sabitliyi təmin etmək və geosiyasi mənzərəni Azərbaycanın xeyrinə dəyişməkdən ibarət idi. Artıq 1994-1996-cı illərdə həmin Azərbaycanda sosial-iqtisadi vəziyyət sabitləşdi, ölkə davamlı inkişaf xəttinə çıxdı.

Ümummilli lider Heydər Əliyevin siyasi kursu çoxtərəfli, müasir tələblərə tam cavab verən və çevik manevrlər etmək imkanlarına sahib olan mükəmməl idarəetmə sistemidir. Məhz bu günün reallıqlarına əsaslanaraq biz əminliklə deyə bilərik ki, illər keçdikcə ulu öndər Heydər Əliyevin Azərbaycanın müstəqilliyində və demokratikləşməsindəki əvəzsiz rolu daha aydın görünür. Hər keçən gün bu siyasi kursun bir-birini sürətlə əvəz edən vəziyyətlərə uyğunlaşmaq imkanlarının unikallığını və möhtəşəmliyini sübut edir. Ulu öndərin siyasi kursu XXI əsrin bütün sınaqlarından uğurla çıxmaqdadır. Ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən müasir dövrün və dünyada formalaşan yeni ictimai-siyasi münasibətlərin tələblərinə cavab verən konsepsiyalarla zənginləşdirilən Heydər Əliyev siyasi kursu malik olduğu sonsuz potensialı ilə Azərbaycanı dünyanın ən güclü və firavan dövlətləri sırasına çıxarmaq imkanına malikdir.

Bu gün bütün dünyada təhlil olunan və öyrənilən Heydər Əliyev siyasi kursu müasir Azərbaycan dövlətinin mövcudiyyətini təmin etmiş əsas amildir. Məhz buna görə də ulu öndərin şah əsəri olan müstəqil Azərbaycan dövləti yaşadıqca, Heydər Əliyev bu ölkənin vətəndaşlarının, bütün dünya azərbaycanlılarının qəlbində əbədi yaşayacaq.

Sovet Sosialit Respublikalrı İttifaqı adı altında 14 ölkəni faktiki olaraq Rusiyanın müstəmləkəsi vəziyyətində saxlayan sovet imperiyası 70 il ərzində beynəlmiləlçilik şüarları altında fərqli ideologiya təbliğ edirdi. İnsanların beyinlərinə yeridilən bu ideologiyanın əsas məqsədi SSRİ xalqlarını öz milli dəyərlərindən məhrum etmək və perspektivdə onlara milli mənsubiyyətlərini unutdurmaq idi. Əlbəttə ki, bu ideoloji siyasətin əsas məqsədi çoxmillətli imperiyanı dağılmaqdan qorumaq idi. Lakin öz müdrikliyi və uzaqgörənliyi sayəsində İttifaqın tezliklə süqut edəcəyini görən Heydər Əliyev artıq o dövrdə möhkəm milli əsaslara malik olan müstəqil Azərbaycan dövlətinin bünövrəsini formalaşdırırdı. Ümummilli lider Heydər Əliyevin Vətən və xalq qarşısında göstərdiyi misilsiz xidmətlərdən biri də milli dövlətçiliyimizin möhkəmləndirilməsi baxımından həyati əhəmiyyət kəsb edən azərbaycançılıq ideyasını irəli sürməsi, onu bir ideologiya şəklində formalaşdırması olmuşdur. Bütün bu illər ərzində möhtəşəm nailiyyətlərin qazanılmasına səbəb olmuş uğurlu daxili və xarici siyasət də məhz Heydər Əliyev dühasının formalaşdırdığı azərbaycançılıq konsepsiyasının tərkib hissəsidir. XX əsrin 30-cu illərində formalaşmağa başlayan azərbaycançılıq vətənpərvərlik, milli özünüdərk dünyagörüşünün təşəkkülü ilə bağlı olmuşdur. Bu mənada Heydər Əliyev ən böyük azərbaycanlıdır. Ulu öndər deyirdi: “Hər bir kəsin milli mənsubiyyəti onun üçün qürur mənbəyidir. Mən həmişə fəxr etmişəm və bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam.” Azərbaycançılıq dünyagörüşü ulu öndərin siyasi fəaliyyətinin bütün sahələrində geniş kontekstdə öz ifadəsini tapmışdır. O cümlədən, 1969-1982-ci illər ərzində Azərbaycana rəhbərlik etdiyi dövrdə Heydər Əliyev tərəfindən siyasi-ideoloji müstəvidə görülən işlər milli inkişaf və həmrəyliyimizin təminatçısı qismində çıxış etmişdir. Ulu öndər Heydər Əliyevin 1993-cü ildə xalqın istəyi ilə hakimiyyətə qayıdışından sonra Azərbaycanda əldə edilmiş milli birlik respublikamızın ən qiymətli mənəvi-ideoloji sərvətlərindən biridir. Xalqın nəzərində bütöv, milli şəxsiyyət kimi təcəssüm olunan Heydər Əliyev dühası Azərbaycana ikinci rəhbərliyi dövründə vətəndaş sülhü və ümumxalq həmrəyliyinin möhkəmləndirilməsi xəttini davam etdirmiş, bu siyasi xətti özünün konkret addımları ilə kamil elmi-nəzəri konsepsiya səviyyəsinə qaldırmışdır.

Bu gün Azərbaycan Prezidenti cənab İlham Əliyev ulu öndərin siyasi kursunu keyfiyyətcə yeni müstəvidə davam etdirməklə, xalqımızın və dövlətçiliyimizin bu kursun mahiyyətindən doğan milli maraqlarını beynəlxalq miqyasda təmin edir. Heydər Əliyev siyasətinin uğurla həyata keçirilməsi müstəqilliyimizi möhkəmləndirir, dövlətçiliyimizi qüdrətləndirir və nəticədə beynəlxalq aləmdə Azərbaycan Respublikasının rolunu və nüfuzunu artırır. Bu deyilənlərin ən bariz sübutu da Azərbaycanın Vətən müharibəsində əldə etdiyi tarixi Qələbəsi və öz torpaqlarını işğaldan azad etməsidir. Xalqımız 44 günlük Vətən müharibəsinin gedişində Prezident İlham Əliyevə dərin inam və məhəbbət bəslədiyini bir daha təsdiq etdi. Azərbaycanın sürətli, hərtərəfli və dinamik inkişafı Heydər Əliyev siyasi kursu və bu kursu inamla irəli aparan Prezident İlham Əliyevin düşünülmüş və yaradıcı fəaliyyəti ilə qırılmaz tellərlə bağlıdır.

Rail Mehralıyev,
Bakı Şəhər Mənzil Kommunal Təsərrüfat Departamentinin rəisi

aia.az

Geri dön