Ana Sayfa > Media > Yeni Azərbaycan Partiyası çox böyük şərəfli və uğurlu yol keçmişdir.

Yeni Azərbaycan Partiyası çox böyük şərəfli və uğurlu yol keçmişdir.


18-11-2021, 12:15. Yazar: admen
Yeni Azərbaycan Partiyası çox böyük şərəfli və uğurlu yol keçmişdir.

Azərbaycanın yeni tarixində mühüm siyasi əhəmiyyəti olan hadisələr arasında Yeni Azərbaycan Partiyasının yaradılması xüsusi yer tutur. Bu partiyanın yaranması respublikamızın müasir tarixinin ən yaddaqalan hadisələrindəndir. Yeni Azərbaycan Partiyası Azərbaycan tarixinin son dərəcə ağır və keşməkeşli günlərində, ölkənin ciddi sınaqlara məruz qaldığı bir dövrdə Azərbaycan ziyalılarının təşəbbüsü və fəal iştirakı ilə yaranmışdır. Azərbaycanın taleyini düşünən insanlar ölkəni böhrandan çıxara biləcək yeni bir partiya yaratmaq təşəbbüsü ilə çıxış etdilər və bu məqsədlə xalqın sınanmış lideri və müdrik oğlu Heydər Əliyevin şəxsiyyəti ətrafında birləşdilər. Bu siyasi təşkilatın yaranması 1988-ci ildən başlayaraq ölkəmizdə cərəyan edən hadisələrin yekunu və mövcud olan ictimai-siyasi şəraitin məntiqi nəticəsi idi.

SSRİ-nin süqutundan sonra müstəqillik əldə etmiş respublikalardan biri kimi, Azərbaycanda ilk illər vəziyyət son dərəcə ağır idi. Həmin vaxt ölkəyə rəhbərlik edənlərin sərişdəsizliyi onsuz da ağır olan vəziyyəti getdikcə dərinləşdirirdi. Ayrı-ayrı şəxslərə xidmət edən qeyri-qanuni silahlı birləşmələrin hegemonluğu, anarxiya və özbaşınalıq xalqın əsəblərini tarıma çəkmişdi. Digər tərəfdən isə mənfur qonşumuz olan ermənilərin torpaqlarımızı hissə-hissə işğal etməsi əhalinin sabaha olan ümüdlərini heçə endirmişdi. Artıq Azərbaycan xalqının başı üstünü qara buludlar almışdı. Ölkə vətəndaş müharibəsi həddinə çatmışdı. Azərbaycana düşmən kəsilmiş qüvvələr, hakimiyyət hərisliyində olan daxili qruplaşmalar və xarici ağalarının tapşırıqlarını canla-başla yerinə yetirən satqın və xəyanətkarlar xalqımızı diz çökdürmək niyyətində idilər. Respublikamız açıq-aşkar parçalanmaq, yenicə qazanılmış müstəqilliyimizin məhv olmaq təhlükəsi qarşısında idi. Belə bir məqamda xalqı və respublikanı düşdüyü bu ağır vəziyyətdən xilas etmək üçün ölkə rəhbərliyinə dövlət idarəçiliyində zəngin təcrübəsi olan və milləti öz ətrafında birləşdirməyə qadir şəxsiyyətə böyük ehtiyac yaranmışdı. Hadisələrin gedişi xalqda belə bir inam formalaşdırmışdı: Azərbaycanı düçar olduğu bu bəladan yalnız Ulu Öndər Heydər Əliyev xilas edə, müstəqilliyimizi əbədi və ərazi bütövlüyümüzü təmin etmək üçün qəti tədbirlər görə bilər.

Ölkəni bürümüş dərin siyasi, iqtisadi, sosial böhran ziyalıları, zəhmətkeş, vətənpərvər insanları son dərəcə narahat edirdi. Onlar xalqı arxasınca aparmağa qadir, insanlarda inam yarada biləcək siyasi partiyanın təsis olunmasına və həmin təşkilata dövlət idarəçiliyində böyük təcrübəsi olan şəxsiyyətin rəhbərlik etməsinə böyük ehtiyac yarandığını açıq şəkildə bəyan edirdilər. Söz yox ki, Azərbaycanda siyasi qurumların formalaşması prosesi 1988-ci ildən başlanan xalq hərəkatı gedişində özünü büruzə vermişdi. 1990-cı ilin əvvəllərində bir sıra siyasi təşkilatlar yaranmışdı. Lakin bu qurumlar respublikanı üzləşdiyi ağır problemlərdən, iqtisadi, siyasi, mənəvi böhrandan xilas edə bilmirdi. Əksinə, vəziyyət gündən-günə pisləşirdi. Tez-tez bir-birini əvəz edən siyasi qüvvələr respublikadakı vəziyyəti daha da ağırlaşdıraraq vətəndaş qarşıdurması həddinə çatdırdılar.Bu zaman ziyalılar, Azərbaycanın taleyini düşünən insanlar ölkəni böhrandan çıxara biləcək yeni bir partiya yaratmaq təşəbbüsü ilə çıxış edərək, həmişə xalqın, Vətənin, doğma Azərbaycanın gələcəyini düşünən müdrik siyasi lider Heydər Əliyevin şəxsiyyəti ətrafında birləşdilər.

1992-ci il 21 noyabr tarixində YAP-ın təsis konfransı keçirilmişdir. 91 nəfər Azərbaycan ziyalısının imzası ilə Naxçıvana, Heydər Əliyevə müraciət göndərildi. Azərbaycanın ən yeni tarixinə “91-lər”in müraciəti kimi daxil olmuş həmin sənəd əslində, bütün xalqın arzu və istəklərinin ifadəsi idi. Azərbaycanın görkəmli ziyalıları, tanınmış insanları və nüfuzlu şəxsiyyətlərinin imzaladıqları bu müraciətdə Heydər Əliyevdən yeni yaradılacaq siyasi partiyaya rəhbərlik etmək xahiş olunurdu. Ulu Öndərə müraciət edən məşhur “91-lər”in çox cəsarətli addımları nəticəsində dağıdıcı proseslərin qarşısı alındı.

Azərbaycanın bütün regionlarından seçilmiş nümayəndələrin təmsil olunduğu konfrans 1992-ci il noyabrın 21-də Heydər Əliyevin sədrliyi ilə keçirildi. 550 nəfərdən ibarət təşəbbüs qrupu Naxçıvana gedərək partiyanın təsis konfransını orada keçirməyə nail oldular. Təsis konfransı Yeni Azərbaycan Partiyasının yaradılması haqqında qərar, partiyanın Proqram və Nizamnaməsini qəbul etdi. Konfransda Heydər Əliyev yekdilliklə partiyanın Sədri seçildi. Habelə, partiyanın Siyasi Şurası, İdarə Heyəti və sədrin müavinləri seçildi. Beləliklə, müstəqil Azərbaycanın tarixində öz üzərinə böyük tarixi missiya götürən Yeni Azərbaycan Partiyası yarandı. Partiyanın ilk addımları Azərbaycanda siyasi sabitliyin bərpasına yönəldilmişdir.  Xalqın tələbi ilə hakimiyyətə gələn Ulu Öndər qısa müddət ərzində vəziyyəti sabitləşdirdi və bu, imkan verdi ki, ölkəmiz inkişaf yoluna qədəm qoysun.

YAP Azərbaycan Respublikasının Konstitusiyası və qanunvericiliyi çərçivəsində, özünün Nizamnaməsi və Proqramı əsasında fəaliyyət göstərən, öz sıralarında Azərbaycanda hüquqi dövlət, sabit və social yönümlü iqtisadiyyat, vətəndaş cəmiyyəti qurmaq ideyalarını qəbul edən vətəndaşları birləşdirən siyasi partiya kimi gündən-günə möhkəmləndi, üzvlərinin sayı sürətlə artdı. Bu, Ulu Öndər Heydər Əliyevə olan inam və etimadın bariz nümunəsi idi.

Möhtərəm Prezidentimiz İlham Əliyevin Yeni Azərbaycan Partiyasının 2005-ci ilin mart ayının 26-da keçirilən III Qurultayında YAP-ın sədri seçilməsindən sonra bu təşkilat uğurlar partiyasına çevrilib. Bu, təkcə partiyamızın deyil, müasir Azərbaycanın taleyidir. Çünki partiyamız müasir, müstəqil dövlətimizlə eyni addımlayır. Dövlətimizin başçısı Ümummilli Lider Heydər Əliyevin müəyyənləşdirdiyi yolu uğurla davam etdirərək, Azərbaycanı dünya birliyinin layiqli dövlətləri sırasına qoşub. Partiyamızın yüz minlərlə üzvü dövlət başçısının ətrafında sıx birləşərək, həmişə olduğu kimi, bundan sonra da müstəqil dövlətimizin inkişafı naminə böyük fədakarlıqlar göstərəcək.

29 il öncə Azərbaycanda yaranmış ağır durum yeni bir siyasi təşkilatın meydana gəlməsi zərurətini müəyyən etmişdir. Ulu Öndər Heydər Əliyevin yaratdığı partiya ötən illər ərzində siyasi sabitliyin və davamlı inkişafın təminatçısı kimi çıxış etmişdir. Zamanın tələbi, xalqın istəyi ilə yaranan və qısa müddətdə ümumxalq partiyasına çevrilən Yeni Azərbaycan Partiyasının bütün uğurlarının arxasında xalqın inamı və bu inamdan irəli gələn dəstəyi dayanır. Xalqımız Ulu Öndər Heydər Əliyevin yaradıcısı olduğu, son 18 ildə Prezident cənab İlham Əliyevin rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyasının uğurlu gələcəyinə böyük inam və etimad göstərir. 44 günlük Vətən müharibəsində Ali Baş Komandanın uğurlu hərbi strategiyası, Müzəffər Azərbaycan Ordusunun şanlı qələbəsi sayəsində Qarabağın işğaldan azad olması Prezident İlham Əliyev tərəfindən aparılan uğurlu siyasətin nəticəsidir.

Aydın Şıxəliyev,
YAP Saatlı rayon təşkilatının məsul işçisi

aia.az

Geri dön