Ana Sayfa > Seçki 2024 > Türk dövlətlər birliyinin sıraları ildən ilə genişlənir

Türk dövlətlər birliyinin sıraları ildən ilə genişlənir


16-11-2021, 19:37. Yazar: admen
Türk dövlətlər birliyinin sıraları ildən ilə genişlənir

Türk Dövlətləri Təşkilatının VIII Zirvə Görüşünün bəyannaməsi böyük bir siyasi dövrün yeni başlanğıcıdır. Belə ki, Şuranın təşkilat formasına keçməsi qurumun statusunun yüksəldilməsi və əhatə dairəsinin genişləndirilməsinə əlavə imkanlar yaradır. Təşkilatın Zirvə Görüşündə eyni zamanda Azərbaycanın müstəsna fəaliyyəti diqqətə çatdırılıb. Azərbaycanın Qoşulmama Hərəkatına uğurlu sədrliyi yüksək qiymətləndirilib. Qeyd olunub ki, təşkilatın mövcud durumunda Azərbaycanın əvəzsiz xidmətləri var. İstər pandemiya dövründə vaksinlərin ədalətli paylanmasında Azərbaycanın həyata keçirdiyi siyasət, istərsə də türk dövlətləri ilə qarşılıqlı əlaqələrin qurulmasında ölkəmizin körpü rolu oynaması bu təşkilatın inkişafında böyük əhəmiyyət kəsb edib.

Qlobal əhəmiyyəti baxımdan tarixi hadisə olaraq yaddaqalan İstanbulda keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) VIII Zirvə Toplantısında Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğız, Özbəkistan, Türkmənistan, Macarıstan dövlət başçıları və Türk Şurasının Baş katibi iştirak etmişdir. Tədbir çərçivəsində liderlər bir çox mühüm məqamları, o cümlədən təşkilatın gələcəyini müəyyənləşdirən məsələləri müzakirə etmiş, təşkilata sədrliyin Azərbaycandan Türkiyəyə təhvil verilməsi, həmçinin Türkmənistanın müşahidəçi statusunda Şuraya qatılması məsələsi həll edilmişdir. Türk Şurasının İstanbulda Türk Dövlətləri Təşkilatı adlandırılması, artıq türkdilli dövlətlərin yeni qlobal siyasi güc mərkəzinə çevrilməsi dünyanın aparıcı informasiya və media qurumlarının ən çox izlənən, təhlil olunan müzakirə mövzularıdır.

Bundan sonra eyni çətirin altında birləşən 6 türkdilli ölkə beynəlxalq səviyyədə Türk Dövlətləri Təşkilatı çərçivəsində fəaliyyət göstərəcək. İstanbul Zirvəsində qəbul edilən Bəyannamə də gələcək fəaliyyətin istiqamətlərini özündə əks etdirir. Kifayət qədər mühüm məqamların yer aldığı Bəyannamədə Naxçıvan Sazişinin məqsəd və prinsipləri əsas götürülür. Naxçıvan sazişi Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Türk Şurası adlandırılması və Türk Dövlətləri Təşkilatının təməlinin atılmasına zəmin yaratdı. 2009-cu ilin oktyabrında dövlət başçılarının Azərbaycanın qədim şəhəri Naxçıvanda keçirilmiş Zirvə Görüşündə ölkələrimiz arasında əməkdaşlığın təsisatlanmış yeni formatı yaradıldı. Zirvə görüşündə bu barədə Azərbaycan Prezidenti demişdi: “Azərbaycanın əsas hissəsi ilə Naxçıvan bölgəsi arasında Zəngəzur yerləşir. Vaxtilə Zəngəzur bölgəsinin Azərbaycandan alınıb Ermənistana birləşdirilməsi böyük türk dünyasını coğrafi baxımdan parçaladı. Ancaq Naxçıvanda qəbul etdiyimiz qərarlarla və birgə işimizlə biz türk dünyasının birliyini daha da gücləndirdik və qardaşlığımızı davam etdiririk. Bu mənada Türk Şurasının yaradılmasına dair qərarın məhz Naxçıvanda keçirilmiş Zirvə Görüşündə qəbul edilməsi türk dünyası üçün böyük rəmzi əhəmiyyətə də malikdir”. Saziş türkdilli ölkələrin əməkdaşlığının inkişafına yeni imkanlar açdı. İstanbul Bəyannaməsində Naxçıvan Sazişinə istinad edilməsi bundan sonrakı dövrdə türk dünyasının inteqrasiyasının xüsusi əhəmiyyət kəsb edəcəyi deməkdir. Bəyannamədə türkdilli xalqların ortaq tarixi, dili, mədəniyyəti, adət-ənənələri və dəyərlərinə əsaslanan əməkdaşlıq və həmrəyliyin dərinləşdirilməsinə və genişləndirilməsinə sadiqlik ifadə olunur.

Müstəqillik əldə etdikdən sonra türk dövlətlərinin əhəmiyyətli siyasi və sosial-iqtisadi irəliləyişi yüksək qiymətləndirilir. Bununla keçilən yola nəzər salınır və türk dövlətlərinin inkişaf potensialı önə çıxarılır. Azərbaycanın 90-cı illərdən günümüzə qədər keçdiyi yol bunun əyani nümunəsidir. Belə ki, Azərbaycan kredit alan ölkədən kredit verən ölkəyə çevrilib, beynəlxalq layihələrin aparıcı iştirakçısıdır, dayanıqlı iqtisadi inkişafı ilə regionda model rolunu oynayır. Türkdilli ölkələrin yaratdığı Şura böyük bir tarixi mərhələdə fəaliyyət göstərib. Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının təsis edilməsində də Azərbaycanın önəmli rolu vardır. Azərbaycan bilavasitə bu Şuranın yarandığı ölkə kimi xatırlanır. Naxçıvanda ilk Sammitin keçirilməsi, orada alınan qərarlar da həmin sistemin işə düşdüyü tarix kimi anlaşılmalıdır. Şurada ilkin olaraq dörd dövlətin iştirak etməsi, ardınca da digər dövlətlərin bura geniş şəkildə üzv olaraq qatılması tarixi bir proses, türk dünyasının oyanışı, dirçəlişi baxımından təkanverici bir hadisədir. Sonradan Özbəkistanın Şuraya qoşulması, bu gün də Türkmənistanın real üzv olaraq yer alması kompleks şəkildə Türk Şurasının imkanlarını daha da genişləndirdi.

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının adının bundan sonra Türk Dövlətləri Təşkilatı adlandırılması təşkilatın statusunun yüksəldilməsinə, əhatə dairəsinin genişləndirilməsinə xidmət edəcək. Təşkilatın Qarabağ zəfərindən sonra siyasi fəaliyyətdə güc mərkəzinə çevrilməsi müşahidə edilir. Faktiki olaraq türkdilli ölkələr yeni adla və strategiya ilə Avrasiyaya genişlənməyə başlayıb. Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı uğur isə bütün türk dünyasının qələbəsi kimi qiymətləndirilir. Təşkilata üzv dövlətlər Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşmasına tərəfdar olmaqla yanaşı, Azərbaycanın münaqişədən sonrakı bərpa, yenidənqurma və reinteqrasiya səylərinə töhfə verməyə hazır olduqlarını ifadə ediblər. Transxəzər Beynəlxalq Şərq-Qərb Orta Dəhlizi çərçivəsində Zəngəzur dəhlizi daha yaxşı əlaqə təmin etmək üçün yeni yaranan fürsət kimi vurğulanır və üzv dövlətlərin müvafiq qurumları Azərbaycan Respublikası Hökumətinin dəhlizin tezliklə fəaliyyətə başlaması üçün səylərini dəstəkləməyə çağırılır. Zəngəzur dəhlizinin açılması ilə bu təşkilata üzv dövlətlər arasında maneələrdən biri də aradan qalxacaq. Prezident İlham Əliyev İstanbulda iclas zamanı bildirib ki, nəqliyyat baxımından Zəngəzur dəhlizinin açılması bütün bölgə üçün yeni imkanlar açacaq: “Ümid edirəm, öz işğalçılıq siyasətinə görə məğlub vəziyyətdə olan Ermənistan da gec-tez anlayacaq ki, heç bir ölkəyə ərazi iddiası onlara xeyir və şərəf gətirməyəcək. Ümid edirəm ki, yaxın gələcəkdə Ermənistanın həm Türkiyəyə, həm Azərbaycana ərazi iddialarına son qoyulacaq. Əks təqdirdə, onlar daha da pis duruma düşə bilərlər. Zəngəzur koridoru isə həm Türk dünyasını, həm Avropanı, həm qonşularımızı birləşdirə biləcək bir layihədir və bu gün bu layihənin gerçəkləşməsi istiqamətində fəal işlər gedir”.

İstanbulda keçirilən görüşdə təşkilatın adının dəyişilərək Türk Dövlətləri Təşkilatı adlandırılması dünya siyasətinə yeni bir ruh və baxış gətirəcək. Artıq Türk Dövlətləri Təşkilatının böyük bir gücə çevrildiyini bütün dünya görür. Bu gün beynəlxalq təşkilatlar arasında yeni bir təşkilat - Türk Dövlətləri Təşkilatı özünü təsdiq edir. Gələcəkdə bu təşkilata yeni üzvlərin daxil olması ilə onun nüfuzu daha da artacaq. Həm də Türk Dövlətləri Təşkilatının yaranması və möhkəmlənməsi tarixin və bu günün tələbi idi. Bu gün sıralarını genişləndirən və gücləndirən Türk Dövlətləri Təşkilatı dünyada birliyin etibarlı nümunəsi kimi öz sözünü deməkdədir. Təşkilata üzv dövlətlər mühüm proyektlərə imza ataraq birgə inkişaf edəcəklər. Nəticədə, inkişaf regional proseslərdə də özünü büruzə verəcək. Bununla da birliyin gücü bölgədə sabitliyin təmin olunmasına gətirib çıxaracaq.

Mətləb Hüseynov,
Salyan rayon Arbatan kənd tam orta məktəbin müəllimi

Gununxeberi.az

Geri dön