Ana Sayfa > Manşet / Siyasət / Seçilənlər-5 > Könül Nurullayeva: “ABŞ Demokratiya zirvəsinə qeyri-demokratikləri dəvət edib”

Könül Nurullayeva: “ABŞ Demokratiya zirvəsinə qeyri-demokratikləri dəvət edib”


16-11-2021, 18:29. Yazar: admen
Könül Nurullayeva: “ABŞ Demokratiya zirvəsinə qeyri-demokratikləri dəvət edib”

ABŞ Prezidenti Co Baydenin təşəbbüsü ilə dekabrın 9-10-da online formatda keçiriləcək Demokratiya zirvəsinə Azərbaycan və Türkiyə dəvət olunmayıb. Sammitə dəvət alanların siyahısına nəzər yetirsək, açıq qərəzi görmək mümkündür. Maraqlıdır ki, İraq, Konqo Demokratik Respublikası sammitə dəvət alır, amma Avropa İttifaqına üzv olan Macarıstan yox. Azərbaycan və Türkiyənin siyahıdan kənarda qalması isə bu ölkələrin “demokratiya tələblərinə” cavab verməməsi ilə izah oluna bilməz. Burada söhbət ABŞ Administrasiyasının “tələblərinə” cavab verməkdən gedir. Daha dəqiq desək, bu ölkələrin öz milli maraqlarına uyğun müstəqil siyasət yürütməsi onların demokratiya zirvəsindən kənarda qalmasının əsas səbəbidir. Yəni söhbət “demokratiya kriteriyalarına cavab verən” və “verməyən” ölkələrdən yox, Qərbin tələblərinə qeyd-şərtsiz tabe olmayanlara, ilk növbədə Rusiya və Çinə qarşı yeni koalisiyanın yaradılmasından gedir. Bu məqamda ABŞ-ın özündə demokratiya ilə bağlı vəziyyətə nəzər salmaq zərurəti yaranır. Son seçkilər və ondan sonrakı proseslərə nəzər salsaq, Donald Trampın seçkilərin saxtalaşdırıldığını bildirməsi, onun nəticələrini tanımaması, sabiq prezidentin sosial mediaya çıxışlarının bloklanmasını, eyni zamanda Ferqüssonda baş verən iğtişaşları, irqi və cinsi faktora görə diskriminasiya siyasətini xatırlatmaq yerinə düşər. Yəni, ABŞ-ın demokratiya anlayışından təzyiq vasitəsi kimi istifadə edərək, bir çox ölkələri öz iradəsinə tabe etdirməyə çalışdığını görürük. Bu isə beynəlxalq səviyyədə birmənalı qarşılanmır.

Bir fakta nəzər salmaq kifayətdir - NATO -ya üzv olmaq üçün əsas tələblərdən biri siyasi rejimin demokratikliyidir. Bu mənada NATO-ya üzvü olan, Avropa İttifaqına namizəd sayılan Türkiyənin demokratiya zirvəsindən kənarda qalması və guya müvafiq kriteriyalara cavab verməməsinə dair iddia sadəcə, absurddur. Bu, bir daha təsdiqləyir ki, demokratiya zirvəsində iştirak edən dövlətlərin siyahısı obyektiv deyil. Burada Bayden administrasiyasının münasibəti əsas götürülüb. Siyahıya adı salınan İraqın, seçki dövründə müxalif düşərgənin namizədlərinin güllələndiyi, hakimiyyəti tənqid edənlərin həbs olunduğu, beynəlxalq qeyri-hökumət təşkilatlarının hesabatlarında yarı konsolidasiya olunmuş avtoritar rejim kimi qiymətləndirilən Ermənistanın hansı kriteriyalara cavab verdiyini təxmin etmək çətin deyil. Qeyri-demokratiklərin iştirakı bu zirvənin ciddiliyini də şübhə altına alır.

aia.az
Geri dön