Ana Sayfa > Karusel / Siyasət > Türkdilli dövlətlərin fəaliyyətlərinin əsas məqsədi ölkələr arasında hərtərəfli əməkdaşlığa yardım etməkdir

Türkdilli dövlətlərin fəaliyyətlərinin əsas məqsədi ölkələr arasında hərtərəfli əməkdaşlığa yardım etməkdir


15-11-2021, 09:15. Yazar: sevinc1
Türkdilli dövlətlərin fəaliyyətlərinin əsas məqsədi ölkələr arasında hərtərəfli əməkdaşlığa yardım etməkdir

Xəbər verildiyi kimi, noyabrın 12-də İstanbulda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə Görüşü keçirilib. Azərbaycan Prezidenti İlham Əliyev də tədbirdə iştirak edib. Zirvə Görüşündə iştirak edən dövlət və hökumət başçıları gəmi ilə İstanbulun Demokratiya və Azadlıqlar Adasına gediblər. Bütün türk dünyası üçün mühüm əhəmiyyət daşıyan bu mötəbər görüşün Azadlıqlar Adasında keçirilməsinin də rəmzi mənası var. Qeyd edək ki, 2013-cü ilə qədər Yassı ada kimi tanınan bu ərazinin adı dəyişdirilərək Demokratiya və Azadlıqlar Adası adlandırılıb və Türkiyə demokratiyasının rəmzi hesab olunur. Adada, həmçinin demokratiyanın rəmzi olan mayak ucaldılıb.

Bu sözləri açıqlamasında Milli Məclisin deputatı Ülviyyə Ağayeva deyib.

Deputat qeyd edib ki, 2009-cu il oktyabrın 3-də Naxçıvan şəhərində keçirilən Zirvə Görüşündə imzalanmış Sazişə əsasən yaradılmış Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) fəaliyyətinin əsas məqsədi türkdilli ölkələr arasında hərtərəfli əməkdaşlığa yardım etməkdir. TDƏŞ beynəlxalq hökumətlərarası təşkilatdır və belə bir qurumun Zirvə Görüşünün də Demokratiya və Azadlıq adasında keçirilməsi onun xoş məramlarını bir daha əyani surətdə nümayiş etdirir.

“VII Zirvə Görüşünə sədrlik edən Azərbaycan bu dövrün bütün çətinliklərinə, pandemiya ilə əlaqədar ictimai və iqtisadi problemlərə, 44 günlük Vətən müharibəsi dövründə yaşadığı siyasi və hərbi gərginliklərə baxmayaraq uğurlu fəaliyyət göstərib, üzərinə götürdüyü öhdəlikləri tam məsuliyyəti ilə yerinə yetirib. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan qonaqları İstanbulda salamlayarkən bunu xüsusi vurğulayıb və Prezident İlham Əliyevin simasında bütün Azərbaycanı təbrik edib. Təbrik çıxışının sonunda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 44 günlük müharibə nəticəsində Qarabağın azad edilməsi uğrunda göstərdiyi səylərə, apardığı uğurlu siyasətə və türk birliyinin daha da güclənməsi işindəki uğurlu fəaliyyətinə töhfələrinə görə İlham Əliyevin Türk Dünyasının Ali Ordeni ilə təltif edilməsini elan edib və deyib: “Qarabağda təxminən otuz il davam edən işğala qətiyyətli rəhbərliyinizlə 44 gün kimi qısa müddətdə son qoyulub. Bu, təkcə azərbaycanlı qardaşlarımız üçün deyil, bütün türk dünyası üçün böyük əhəmiyyət daşımaqdadır”.

Prezident İlham Əliyev isə Zirvə Görüşündəki çıxışında aldığı ali mükafata görə minnətdarlığını bildirərkən deyib: “Bu, türk dövlətləri tərəfindən mənim işimə, mənim fəaliyyətimə verilən çox yüksək mükafatdır, yüksək qiymətdir. Buna görə də mən bütün Azərbaycan xalqı adından çox dərin təşəkkürümü bildirirəm. Çünki mən belə zənn edirəm ki, bu mükafat bütün Azərbaycan xalqına verilmiş mükafatdır”. Azərbaycan Prezidentinin bu sözləri bir daha onun üçün dövlət və xalq birliyinin mühüm əhəmiyyət daşıdığını göstərir.

Prezident İlham Əliyev çıxışında, eyni zamanda, müharibə dövründə və ümumiyyətlə, hər zaman Türkiyə dövlətinin əsl qardaş kimi Azərbaycanın yanında olduğunu dilə gətirib, Azərbaycanın Qələbəyə olan əzminin artmasında qardaş Türkiyənin göstərdiyi dəstək və mənəvi dayağın mühüm rolu olduğunu bildirib. Türkiyə Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın “Azərbaycan bu savaşda tək deyil. Türkiyə Azərbaycanın yanındadır və hər zaman yanında olacaqdır” sözlərinin xalqımıza nə qədər böyük güc verdiyini xüsusi vurğulayıb.

Çıxışının Türk Şurasına sədrliyin Türkiyəyə təhvil verilməsi ilə bağlı hissəsində bir daha Türkiyə Respublikasının bütün türk dünyası üçün aparıcı rolu və qüdrətindən danışarkən Prezident İlham Əliyev bildirib: “Türkiyə son illər ərzində böyük və şərəfli yol keçmiş, dünya miqyasında güc mərkəzinə çevrilmiş və təkcə bölgədə yox, dünya miqyasında söz sahibinə çevrilmişdir... Türkiyənin gücünü … indi dünyada bilməyən yoxdur və əziz Qardaşımın liderliyi sayəsində Türkiyənin inkişafı, Türkiyədə sabitliyin təmin olunması bütün türk dünyası üçün önəmli şərtdir. Çünki türk dünyasının mərkəzində dayanan güclü Türkiyə dövlətidir. Bizə, hər birimizə əlavə güc verən Türkiyənin güclənməsidir”.

Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin bu sözləri Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının bütün türk dünyası üçün mühüm və taleyüklü təşkilat olduğunu vurğulayır”, - deyə Ülviyyə Ağayeva fikrini yekunlaşdırıb.

aia.az
Geri dön