Ana Sayfa > İqtisadiyyat > Azərbaycanla Britaniya arasında energetika sahəsində əməkdaşlıq müzakirə edilib
Azərbaycanla Britaniya arasında energetika sahəsində əməkdaşlıq müzakirə edilib12-11-2021, 11:28. Yazar: admen |
Energetika naziri Pərviz Şahbazov Birləşmiş Krallıq Parlamentinin İcmalar Palatasının üzvü və Britaniya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Bob Bləkmənin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. Nazirlikdən verilən məlumata görə, görüşdə iki ölkə arasında qarşılıqlı strateji münasibətlərin digər sahələrlə yanaşı, energetika sahəsində də uğurla inkişaf etdiyi bildirilib. Neft-qaz sahəsində uzunmüddətli strateji tərəfdaş kimi “bp” şirkətinin Azərbaycandakı fəaliyyətindən bəhs edilib, Cənub Qaz Dəhlizi layihəsinin tamamlanmasının birgə səylərin nəticəsi olduğu və bu istiqamətdə əməkdaşlığın bundan sonra da uğurla davam edəcəyi qeyd olunub. Həmçinin, Azərbaycanda enerji və nəqliyyat sistemlərinin karbonsuzlaşdırılması istiqamətində şirkət ilə əməkdaşlığın bərpa olunan enerji layihələrinin həyata keçirilməsinə yaratdığı imkanlar müzakirə edilib. İşğaldan azad edilmiş ərazilərdə aparılan bərpa-yenidənqurma işləri, xarici sərmayələrin cəlb edilməsi ilə bağlı görülən tədbirlər və bu ərazilərdə “bp” şirkəti ilə bərpa olunan enerji sahəsi üzrə birgə əməkdaşlıqdan bəhs edilib. Cəbrayıl rayonu ərazisində nəzərdə tutulan günəş elektrik stansiyası layihəsinin “yaşıl enerji” sahəsində əməkdaşlığa mühüm töhfələr verəcəyinə əminlik ifadə olunub. Görüşdə, həmçinin iki ölkə arasında təmiz enerjiyə keçid sahəsində əməkdaşlıq haqqında memorandumdan irəli gələn və qarşılıqlı maraq doğuran digər məsələlərlə bağlı fikir mübadiləsi aparılıb. Geri dön |