Ana Sayfa > Ölkə > Azərbaycan Respublikasının Konstitusiyası müasir dövrün ən demokratik prinsiplərini, müddəalarını təsbit edən ən təkmil konstitusiyalardan biridir

Azərbaycan Respublikasının Konstitusiyası müasir dövrün ən demokratik prinsiplərini, müddəalarını təsbit edən ən təkmil konstitusiyalardan biridir


10-11-2021, 13:02. Yazar: admen
Azərbaycan Respublikasının Konstitusiyası müasir dövrün ən demokratik prinsiplərini, müddəalarını təsbit edən ən təkmil konstitusiyalardan biridir

Məlum olduğu kimi, konstitusiyaların başlıca hüquqi əlaməti onların stabilliyidir, başqa sözlə, Konstitusiya – məzmununun sabitliyi olan, uzunmüddətli fəaliyyət üçün nəzərdə tutulmuş aktdır. Konstitusiyanın stabilliyi qanunçuluq rejiminin sabitliyinin, dövlət hakimiyyətinin təşkili və həyata keçirilməsinin, şəxs, dövlət və cəmiyyət arasındakı münasibətlərin əsas şərtlərindəndir. Bununla belə, Konstitusiyanın stabilliyi heç də onun tamamilə dəyişilməzliyi demək deyildir, ictimai münasibətlərin inkişafı prosesi konstitusiyaların zərurət yarandıqda təkmilləşdirilməsini, onlara müəyyən əlavə və dəyişikliklərin edilməsini labüd edir. Belə ki, Konstitusiyanın qəbulu zamanı onun tənzimetmə predmetini təşkil edən ictimai münasibətlər və bu münasibətlərin tərkib hissəsi olan hüquqi, siyasi, sosial və iqtisadi vəziyyət zaman keçdikcə dəyişə bilər.

Bu baxımdan, hüququn müasir inkişaf tendensiyaları və ölkəmizin inkişaf etmiş və müasir ölkələrin ailəsinə fəal inteqrasiyası Azərbaycanda konstitusiya islahatlarının aparılmasını, Əsas Qanunun daha da təkmilləşdirilməsini zəruri etmişdir. Bu zərurətdən irəli gələrək 2002-ci il avqustun 24-də, 2009-cu il martın 18-də və 2016-cı il sentyabrın 26-da keçirilmiş referendumlar nəticəsində Konstitusiyamızın mətninə müvafiq dəyişikliklər edilmiş, bu dəyişikliklər Azərbaycanın hüquq sisteminin inkişaf etmiş dövlətlərin hüquq sisteminə və beynəlxalq hüquq normalarına uyğunlaşdırılması, ölkəmizdə demokratikləşmə proseslərinin dərinləşməsi, insan hüquqlarının və azadlıqlarının daha səmərəli müdafiə edilməsi məqsədlərinə xidmət etmişdir.
Belə ki, 2002-ci il avqustun 24-də Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında referendum aktına uyğun olaraq Konstitusiyanın 24 maddəsində 29 əlavə və dəyişikliklər edilmişdir. Bu əlavə və dəyişikliklər, ilk növbədə, cəmiyyətimizin inkişafından doğan və Konstitusiyamızın, bütövlükdə hüquq sisteminin təkmilləşdirilməsi, demokratikləşdirmə proseslərinin dərinləşdirilməsi və insan hüquqlarının daha səmərəli müdafiə edilməsi zərurətindən irəli gəlir. Bütövlükdə isə dəyişikliklər ölkəmizin İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyasına qoşulmasından, dövlətimizdə məhkəmə islahatlarının həyata keçirilməsindən irəli gələn öhdəliklərə əməl edilməsi, seçki sisteminin təkmilləşdirilməsi, insan hüquq və azadlıqlarının daha səmərəli müdafiəsi məqsədinə xidmət etmişdir.


Bu referendumla Konstitusiya Məhkəməsinin səlahiyyətlərinə də dəyişikliklər edilmiş və məhkəməyə müraciət etmək hüququ olan subyektlərin dairəsi xeyli genişlənmişdir. Referendumla təsbit edilmiş bu yeniliklə bütün məhkəmələrə, vətəndaşlara və Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinə (Ombudsmana) Konstitusiya Məhkəməsinə birbaşa müraciət etmək hüququ verilmişdir. Dəyişikliyin məzmununa görə hər kəs onun hüquq və azadlıqlarını pozan qanunvericilik və icra hakimiyyəti orqanlarının normativ aktlarından, bələdiyyə və məhkəmə aktlarından qanunla müəyyən edilmiş qaydada pozulmuş insan hüquq və azadlıqlarını bərpa etmək məqsədilə Konstitusiya Məhkəməsinə şikayət verə bilər.

Konstitusiyaya əlavə və dəyişikliklərin ikinci mərhələsi 2009-cu il martın 18-də Azərbaycan Konstitusiyasının 25 maddəsinə 30-dan artıq əlavə və dəyişiklik edilməsi ilə başlamışdır. Bu dəyişikliklərin özü də Konstitusiyanın bir çox müddəalarının təkmilləşdirilməsinə xidmət edirdi. Azərbaycan dövlətinin sosial-iqtisadi bazası daha da güclənmiş, onun vətəndaşların hüquq və azadlıqlarına bu sferada təminat vermək, sosial dövlət prinsiplərini təsbit etmək imkanları daha da genişlənmişdi. Bütün bunların həm də Əsas Qanunda təsbit olunması məsələsi ortaya çıxmışdı. Bu isə nəticə etibarilə, cəmiyyətin inkişafı demək idi. Məhz belə bir şəraitdə Konstitusiyaya əlavə və dəyişikliklər edilməklə insan hüquq və azadlıqlarının təminatının daha da gücləndirilməsi, bu hüquqların məzmununun genişləndirilməsi və digər məsələlər vasitəsilə Əsas Qanun daha da təkmilləşdirildi.
2009-cu ildən keçən 7 il ərzində Azərbaycanın sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında genişmiqyaslı inkişaf özünü göstərirdi. Ölkə iqtisadiyyatı dinamik inkişaf edir, genişmiqyaslı infrastruktur və quruculuq layihələri həyata keçirilir, sosialyönümlü siyasət və əsaslı iqtisadi islahatlar konsepsiyası uğurla davam etdirilir. Bütün bu proseslər ölkəmizin siyasi idarəetmə sisteminin daha da müasirləşdirilməsini, iqtisadi idarəetmə mexanizmlərinin çevik fəaliyyətinin təmin edilməsini, vətəndaşların hüquqlarının daha təsirli müdafiə olunmasını və bu məqsədlə növbəti dəfə Konstitusiya islahatlarının aparılmasını zərurətə çevirmişdi. Buna görə də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2016-cı il iyulun 18-də “Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Referendum Aktının layihəsinin Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə göndərilməsi barədə” Sərəncam imzalamışdı. İyulun 25-də Konstitusiya Məhkəməsi Plenumunun xüsusi iclası keçirilmiş və Referendum Aktı layihəsinin Konstitusiyanın tələblərinə uyğun olması barədə rəy verilmişdi.

Referendum Aktında Azərbaycan Respublikası Konstitusiyasının 23 maddəsində dəyişiklik edilməsi və 6 maddədə əlavə olunması nəzərdə tutulmuşdu. Dəyişikliklər ölkədə baş vermiş əsaslı inkişafdan irəli gələrək müasir dövrdə cəmiyyət həyatının əsas sahələrini əhatə etmişdir.
Bununla da dövlət başçısı İlham Əliyevin təşəbbüsü ilə Azərbaycan Respublikasının Əsas Qanununa - Konstitusiyaya əlavə və dəyişikliklərin edilməsi məqsədilə 2016-cı il sentyabrın 26-da keçirilən ümumxalq səsverməsi (referendum) ölkədə insan hüquq və azadlıqlarının konstitusiya təminatının daha da gücləndirilməsi, demokratik təsisatların fəaliyyətinin və bütövlükdə idarəetmə sisteminin təkmilləşdirilməsi məqsədlərinə xidmət göstərmişdir. Konstitusiyaya təklif olunmuş və ölkə vətəndaşları tərəfindən dəstəklənmiş dəyişikliklər Azərbaycan Respublikasının bəyan etdiyi demokratiyanın inkişafı konsepsiyasının daha da möhkəmləndirilməsinə xidmət etmişdir.
Beləliklə, hazırda Azərbaycan Respublikasının Konstitusiyası müasir dövrün ən demokratik prinsiplərini, müddəalarını təsbit edən ən təkmil konstitusiyalardan biridir. Bu Konstitusiya hüquqi, demokratik, konstitusion dövləti inkişaf etdirmək üçün yetərincə hüquqi bazanı təsbit edib.

Avdi Həsənov,
Salyan DAİM-də sektor müdiri

aia.az

Geri dön