Ana Sayfa > Gündəm > Azərbaycan Respublikasının Dövlət bayrağı qürur mənbəyimizdir

Azərbaycan Respublikasının Dövlət bayrağı qürur mənbəyimizdir


10-11-2021, 11:48. Yazar: admen
Azərbaycan Respublikasının Dövlət bayrağı  qürur mənbəyimizdir

Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2009-cu il noyabrın 17-də imzaladığı Sərəncamla hər il noyabrın 9-u ölkədə Dövlət bayrağı günü kimi qeyd edilir. 2010-cu il sentyabrın 1-də Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə Bakı şəhərinin Bayıl ərazisində Dövlət Bayrağı Meydanının təntənəli açılışı olub. Meydanda Dövlət Bayrağı Muzeyi də yaradılıb.
Azərbaycan Respublikasının dövlət bayrağından istifadə Azərbaycan Konstitusiyasının 23-cü və 75-ci maddələri, “Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında” Azərbaycan Respublikasının Qanunu, eləcə də həmin Qanunla təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında Əsasnamə” əsasında tənzimlənir. Azərbaycan Respublikasının Dövlət bayrağının rəngli və sxematik təsviri adı çəkilən Qanun və Əsasnamə ilə təsdiq edilib.
Azərbaycan Respublikasının Dövlət Bayrağı eni bərabər olan üç üfüqi zolaqdan ibarət düzbucaqlı şəklindədir. Yuxarı zolaq mavi rəngdə, orta zolaq qırmızı rəngdə, aşağı zolaq yaşıl rəngdədir. Düzbucaqlının eninin uzunluğuna nisbəti 1:2-dir. Qırmızı zolağın ortasında aypara və səkkizguşəli ulduz təsviri vardır. Aypara və ulduz ağ rəngdədir. Ayparanın ucları ondan sağda yerləşən ulduza istiqamətlənmişdir. Dövlət Bayrağı, ölçüsündən asılı olmayaraq, onun rəngli və sxematik təsvirlərinə uyğun gəlməlidir.
Azərbaycan Respublikası Konstitusiyasının 75-ci maddəsinə əsasən hər bir vətəndaş Azərbaycan Respublikasının dövlət rəmzlərinə - bayrağına, gerbinə və himninə hörmət etməlidir. Dövlət rəmzlərinə hörmətsizliyin nümayiş etdirilməsi qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur.
Azərbaycan Respublikasının Dövlət bayrağı Azərbaycan vətəndaşlarının milli həmrəyliyinin, vahid məfkurə ətrafında sıx birləşməsinin başlıca amillərindən biridir. Bayraq milli identikliyin təzahür formalarından biridir. Ən müqəddəs rəmzlərdən olan bayraq millətin varlığının, mövcudluğunun sübutu, müstəqil dövlətə sahib çıxmaq bacarığının əsas göstəricisidir. Özünütəsdiq simvolu olan bayraq hər bir Azərbaycan vətəndaşı üçün qürur və güvənc yeridir.
Bayrağımız dövlət simvolu olmaqla yanaşı, milli kimliyimizin, xalqımızın azadlığı, suverenliyi, istiqlalı uğrunda apardığı mübarizənin real ifadəsidir. Bayrağımız bizim milli birliyimizin rəmzidir. Bütün dünya azərbaycanlılarının azadlığının, şərəf və ləyaqətinin, birliyimizin ifadəsi, hörmət və ehtiramın ünvanıdır.
“Biz öz himnimizi, bayrağımızı özümüz qədər sevməliyik. Çünki bu, bizim vətənimizə, millətimizə, dövlətimizə olan sədaqət, sevgi və məhəbbətin rəmzidir.”, “Kim Azərbaycanı sevirsə, kim Azərbaycanın müstəqil dövlət olmasını istəyirsə, kim Azərbaycanın işğal olunmuş torpaqlarının azad olunmasını istəyirsə, kim Azərbaycanın ərazi bütövlüyünü istəyirsə, o, bu bayraq altında birləşməlidir”.
Ali Baş Komandanın hər çıxışında, xalqa müraciətində əminliklə səsləndirdiyi işğal olunmuş ərazilərdə Azərbaycan bayrağı dalğalanacaq fikri bu gün öz təsdiqini tapır. Azərbaycan əsgəri şanlı bayrağımızı ucaldaraq xalqımızın işğal faktına daha 30 il dözməyəcəyini dünya ictimaiyyətinə, beynəlxalq təşkilatlara, həmsədr dövlətlərə bəyan etdi. Müstəqilliyimizin, suverenliyimizin ifadəsi olan bayrağımız artıq müzəffər Azərbaycan Ordusunun işğaldan azad etdiyi ərazilərdə əzəmətlə dalğalanır. Qarabağımızın hər bir qarışında, kəndində, yüksəkliyində bayrağımız dalğalanır. 
Xalqımıza, dünya azərbaycanlılarına yaşatdıqları 30 illik Qarabağ həsrətinə son qoyulması, zəfər, sevinc, qürur, fəxarət hissləri üçün möhtərəm Prezidentimiz, Ali Baş Komandan İlham Əliyevə, qəhrəman Ordumuzun hər bir əsgər və zabitinə təşəkkür edir, Şəhidlərimizin ruhu qarşısında baş əyirəm. Zəfərin mübarək Azərbaycan! Bir kərə yüksələn bayraq bir daha enməz!

Xətai rayon Gənclər və İdman idarəsinin rəisi
Əfqan Rzayev

aia.az
Geri dön