Ana Sayfa > Ölkə > Zəfər günü Sumqayıt teatrı yeni tamaşanın premyerasını keçirib

Zəfər günü Sumqayıt teatrı yeni tamaşanın premyerasını keçirib


10-11-2021, 10:07. Yazar: admen
Zəfər günü Sumqayıt teatrı yeni tamaşanın premyerasını keçirib

İllərlə həsrətinə susadığımız Zəfər günü Sumqayıtda da bir sıra silsilə tədbirlərlə yadda qaldı.
Sumqayıt Dövlət Dram Teatrında Zəfər günü münasibətilə yeni tamaşanın premyerası keçirilib. İdeya müəllifi və layihə rəhbəri Əməkdar artist Mübariz Həmidov, "Missiya" qəhrəmanlıq dramının müəllifi Hafiz Ataxanlı, quruluşçu rejissor xalq artisti Firudin Məhərrəmov, quruluşçu rəssam Elşən Sərxanoğlu olan tamaşa böyük ruhla hazırlanıb və bütöv bir millətin sevincini ifadə edib. Elşən Sərxanoğlunun əsərin ideyasına uyğun tərtibatı, Fuad Kazımovun və Ümid Abbasın dramatik anları qüvvətləndirən musiqi seçimləri də uğurlu alınıb.

Teatrın direktoru Mübariz Həmidov çıxışından əvvəl bu zəfəri bizə yaşatmış, azadlq uğrunda canlarını fəda etmiş şəhidlərin xatirəsini 1 dəqiqəlik sükutla yad olunmasını təklif etdi.

Vətənpərvərlik mövzusunda qələmə alınmış əsərin aktuallığını bildirən direktor qələbə mövzusunda, zəfər müjdəli əsərlərin bundan sonra da teatrın repertuarında önəmli yer tutacağını söyləyib.
Müəllif Hafiz Ataxanlı və tamaşanın quruluşçu rejissoru, xalq artisti Firudin Məhərrəmov "Missiya"nın səciyyəvi cəhətlərindən danışıblar.
"Missiya" birpərdəli, 4 şəkilli qəhrəmanlıq dramında Xüsusi Təyinatlı Dəstənin zabiti Mübariz Eyvazov Şuşa uğrunda döyüşlərdə ağır yaralanır, komaya düşür və ruhlar aləmində 1-ci Qarabağ savaşında şəhid olmuş atasını görür. Onların dialoqlarında 1-ci Qarabağ savaşı ilə Vətən müharibəsi arasında paralellər aparılır. Zabit Eyvazov hospitalda gözünü açanda televizordan Ali Baş Komandanın "Əziz Şuşa, sən azadsan" sözlərini və insanların sevinc, qələbə dolu şüarlarını eşidir...

Əsas rolları əməkdar artist Rauf Ağakişiyev, aktyorlar Oktay Mehdiyev, Şəmistan Süleymanlı canlandırıb. Digər obrazları isə tamaşaçı auditoriyasına Dağlar Rüstəmov, Yalçın Səlimov, Rövşən Hüseynov, Ceyhun Məhərrəmli, Aynur Hümbətova, Rövşad İlyasov, Etibar Əmirov, Ramazan Xanlarov, Zaur Şirinov, Elmir Mehdiyev təqdim edib.
Tamaşanın premyerası alqışlarla qarşılanıb.

Sonda yaradıcı heyət qaziləri və şəhid analarını səhnəyə dəvə edib. Şəhid anaları onlara belə vətənpərvərlik ruhlu tamaşa təqdim etdiklərinə görə kollektivə və onun rəhbərliyinə minnətdarlıqlarını bildirdilər. Sonra tədqiqatçı-publisist Üzeyir Əlizadə, AYB Sumqayıt bölməsinin sədri Gülnarə Cəmaləddin, şairə, tərcüməçi Rəfiqə Şəms, şair Elçin Həmidli çıxış edərək "Missiya" əsərinin Zəfər bayramına ən gözəl gözəl hədiyyə olduğunu bildirdilər. Çıxışlarda qeyd olunub ki, Ali Baş Komandanın rəhbərliyi altında qüdrətli Azərbaycan Ordusu torpaqlarımızı işğaldan azad edib. İndi də söz sənət adamlarınındır. Onlar bu möhtəşəm qələbəni bədii dildə əks etdirməli və tarix yaratmalıdırlar. Qürurverici haldır ki, bu mənada Sumqayıt Dövlət Dram Teatrı öndədir.

Premyera yaradıcı heyət, şəhid anaları və qazilərlə birgə Azərbaycan Himninin oxunması ilə başa çatıb. Tamaşaçıların onlara qoşulması isə daha təbii və təsirli alınıb.

aia.az
Geri dön