Ana Sayfa > Siyasət > Lütvəli Şıxəliyev: “10 noyabr Bəyanatı tarixi əhəmiyyət kəsb edən sənəddir”
Lütvəli Şıxəliyev: “10 noyabr Bəyanatı tarixi əhəmiyyət kəsb edən sənəddir”7-11-2021, 11:36. Yazar: admen |
![]() Bu gün birmənalı olaraq demək lazımdır ki, 2020-ci il noyabr ayının 10-da üçtərəfli Bəyanatın imzalanması Ermənistanın hərbi kapitulyasiyası deməkdir. Bəyanat uzun illər davam edən işğala son qoydu, münaqişənin hərbi mərhələsi başa çatdı. 44 günlük Vətən müharibəsi Azərbaycanın tam qələbəsi ilə nəticələndi. Düşmənin texnikası tam məhv edildi, canlı qüvvəsinə ciddi zərbə vuruldu. Ermənistan ordusu darmadağın edildi. Üçtərəfli Bəyanatın imzalanması ilə bütün dünya Azərbaycan xalqının milli birlik və həmrəyliyinin təntənəsinin şahidi oldu. Ölkəmizdə yaşayan bütün millətlərin nümayəndələri, bütün dini konfessiyaların nümayəndələri rəşadət nümayiş etdirərək, düşmənlə vuruşaraq Azərbaycanın ərazi bütövlüyünü bərpa etdilər. Bütün bunlarla yanaşı Üçtərəfli Bəyanatın imzalanmasının ən önəmli cəhətlərindən biri də Ağdam, Laçın, Kəlbəcər rayonlarının qan tökülmədən Azərbaycana qaytarılması ilə bağlı oldu. Ali Baş Komandan İlham Əliyevin israrlı mövqeyi nəticəsində məğlub və çıxılmaz vəziyyətə düşən Ermənistan rəhbərliyi işğal edilmiş bütün torpaqlarımızdan qeyd-şərtsiz çıxmaq və bunun üçün çıxış qrafikini təqdim etməyə məcbur oldu. Üçtərəfli Bəyanat status-kvonu tam olaraq Azərbaycanın xeyrinə dəyişdi. Artıq “Dağlıq Qarabağ Muxtar Vilayəti” adlı ərazi də yoxdur, həmin əraziyə hər hansı bir statusun verilməsi də müzakirə mövzusu deyil. Qarabağın bütün rayonları digər rayonlarımız kimi Azərbaycanın tərkibində olan ayrılmaz ərazilərimizdir. Vətən müharibəsinin gedişində yeni nəsil müharibə üsulunu nümayiş etdirmiş Silahlı Qüvvələrimizin təcrübəsi hazırda bir çox dünya ölkələri tərəfindən öyrənilir. Azərbaycan hərb tarixinə yenilik kimi düşən hərbi strategiyanı tətbiq edərək, ən müasir silahlardan istifadə etməklə, habelə minimal itkilər verərək qısa müddət ərzində düşmənin bütün hərbi texnikasını məhv etdi, canlı qüvvəsinə ciddi zərbə vurdu. Azərbaycan Ordusu öz adını hərb tarixinə həm də XXI əsrin ən yeni döyüş taktikasının müəllifi kimi yazdırdı. II Qarabağ müharibəsi zamanı istifadə olunan bu taktika dünya hərb tarixində yenilik hesab olunur və müvafiq ali hərbi məktəblərin dərsliklərinə salınaraq öyrənilir. O cümlədən ABŞ Hərbi Akademiyası və Pentaqonun rəsmiləri Azərbaycan Ordusunun hərbi əməliyyatlarının öyrənilməsi zərurətini qeyd ediblər. Bir çox aparıcı Qərb mətbu orqanlarında, habelə ABŞ-ın Milli Müharibə Kollecinin və Seton Hall Universitetinin Diplomatiya və Beynəlxalq Münasibətlər Məktəbinin analitik nəşrlərində Azərbaycan Ordusunun hərbi taktikası təhlil olunaraq belə qənaətə gəlinib ki, bizim qarşımızda hətta dünyanın aparıcı ölkəsi olsaydı belə onun da heç bir şansı olmayacaqdı. Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun yüksək peşəkarlıqla apardığı işğaldan azadetmə əməliyyatı dünya üzrə müharibələrin aparılması doktrinasında ciddi dəyişikliklərə səbəb olacaq. Həmçinin Üçtərəfli Bəyanatda öz əksini tapmış ən mühüm məqamlardan biri Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın əsas hissəsi arasında avtomobil və dəmiryolu kommunikasiyalarının yaradılması oldu. Bəyanatda bildirilir ki, köhnə kommunikasiyaların, yolların açılması ilə yanaşı eyni zamanda burada yeni nəqliyyat kommunikasiya infrastrukturu yaradıla bilər və artıq bu istiqamətdə də işlər görülür. Qeyd etmək lazımdır ki, bu bənd birbaşa Prezident İlham Əliyevin təkidilə bu bəyanata salındı. Çünki birbaşa münaqişə ilə bu bəndin heç bir əlaqəsi yox idi. Beləliklə Naxçıvan Muxtar Respublikasını Azərbaycanla, Azərbaycanın əsas hissəsi ilə quru yollarla birləşdirmə istiqamətində tarixi addım atıldı. İmzalanmış Bəyanata əsasən reallaşacaq kommunikasiya layihələri vasitəsilə Naxçıvan Muxtar Respublikasının Azərbaycanın əsas hissəsi ilə quru yollarla birləşdirməsi tarixi hadisə olacaqdır. Regionun inkişafına səbəb olacaq yeni nəqliyyat kommunikasiya infrastrukturunun yaradılması Azərbaycanın tarixi missiyasıdır. Azərbaycan Prezidenti cənab İlham Əliyev öz çıxışlarında dəfələrlə qeyd edib ki, bu gün Cənubi Qafqazda tamamilə yeni reallıqlar yaranıb. Əlbəttə ki, bu reallıqların müəllifi Vətən müharibəsində tarixi Qələbə qazanan Azərbaycandır. Əlbəttə ki, Vətən müharibəsini təhlil edərkən Qardaş Türkiyənin qəti mövqeyi xüsusi vurğulanmalıdır. Ölkə Prezidenti cənab İlham Əliyevin dediyi kimi, İkinci Qarabağ müharibəsi başlanan gündən, ilk saatlardan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana birmənalı, dəqiq və açıq dəstək ifadə etmişdir. Müharibənin ilk saatlarından o demişdir ki, Azərbaycan tək deyil. Bu, həm bizi ruhlandırdı, eyni zamanda, müdaxilə etmək fikrində olan bütün qüvvələri, dairələri dayandırdı, durdurdu. Bu gün isə ölkəmiz işğaldan azad edilmiş ərazilərdə böyük vüsətlə bərpa-quruculuq işlərini həyata keçirir. Təbii ki, bu işlərdə də qardaş Türkiyənin rolu böyükdür və bu gün istər regional, istərsə də dünya miqyasında Türkiyə və Azərbaycan əməkdaşlığı, qardaşlığı getdikcə daha önəmli amilə çevrilir. Lütvəli Şıxəliyev, YAP Saatlı rayon təşkilatının sədri səlahiyyətlərini icra edən aia.az Geri dön |