Ana Sayfa > Siyasət > Adil Əliyev: Hər bir dövlətin müstəqillik günü var, amma hər dövlətin zəfər günü yoxdur

Adil Əliyev: Hər bir dövlətin müstəqillik günü var, amma hər dövlətin zəfər günü yoxdur


6-11-2021, 10:30. Yazar: admen
Adil Əliyev: Hər bir dövlətin müstəqillik günü var, amma hər dövlətin zəfər günü yoxdur

Dünyada mövcud olan dövlətlərin hamısının müstəqillik günü var. Amma hər müstəqil dövlətin zəfər günü olmur. Müstəqillik gününün təyini və ya müstəqilliyin elan olunması formal xarakterli prosesdir. Zəfər Günü isə ya faktiki olaraq müstəqilliyə aparır, ya da formal baxımdan elan edilmiş müstəqilliyin faktiki təmin olunması və təntənəsinin təzahürü kimi çıxış edir. Zəfər Gününün nadir xüsusiyyəti ondan ibarət olur ki, həmin gün müqəddəsləşir və ümummilli xarakter alır. Bu sakrallaşma prosesində isə xüsusi məna daşıyan, simvolika ilə zəngin yer və şəhərlərin önəmi böyükdür. Dünya təcrübəsi də bunu təsdiq edir. Buna ən bariz nümunə türk xalqının Çanaqqala zəfəridir. Eləcə də ruslar üçün Stalinqrad və ya Leninqrad [müvafiq olaraq indiki Volqoqrad və Sankt-Peterburq] oxşar məna daşıyır. Yəni, Zəfər Günü həm də sakrallaşmış yerlər, şəhərlər və orada baş vermiş döyüşlərlə bağlı olur. Azərbaycan üçün bu əfsanəvi Şuşa döyüşünün baş verdiyi, əsgərlərimizin misilsiz qəhrəmanlığı və qələbəsi ilə tamamlanmış 8 Noyabr - Zəfər Günüdür.

Bu fikirləri açıqlamasında Milli Məclis sədrinin müavini Adil Əliyev deyib.

Adil Əliyev qeyd edib: “Zəfər Gününün və sakrallaşmış şəhərlərin ən başlıca əhəmiyyəti ondan ibarətdir ki, sakrallaşma dini xarakter daşımır və buna görə də hər şeydən əvvəl milli səviyyədə universal birləşdirici amil rolu oynayır. Şuşa döyüşündəki qəhrəmanlıq və Qələbə azərbaycanlıları dini, etnik, dil və sair mənsubiyyətindın asılı olmayaraq, bir xalqın, bir millətin övladları kimi hiss etdirdi və birləşdirdi. Başqa sözlə desək, bu gün ulu öndər Heydər Əliyevin azərbaycançılıq məfkurəsinin real həyatdakı təcəssümü oldu. Britaniyalı siyasi mütəfəkkir Benedikt Anderson qeyd edirdi ki, millət bir xəyali birlikdir və millətə mənsub olan insanların hamısı əslində real həyatda bir-birilərini tanımırlar, görmürlər və bu heç mümkün də deyil, amma ortaq dəyərlər və amillər onları vahid bir toplum kimi çıxış etməyə, vahid səslə danışmağa, mövcud olmağa təşviq edir. Andersonun bu fikirlərini Azərbaycan kontekstinə tətbiq etsək, Zəfər Günü və Şuşa Azərbaycan xalqının bir-birini tanımadan, görmədən ətrafında birləşdiyi və dəmir yumruğa çevrildiyi müqəddəs məqamdır”.

Onun sözlərinə görə, Zəfər Günü döyüş günü və müharibənin əsas tərkib hissəsi olsa da, o həm də mahiyyət etibarilə sülh günü mənasını kəsb edib. Məhz Zəfər günü sülhün bünövrəsi qoyuldu. Şuşa uğrunda əsas döyüşlərdə Azərbaycanın qələbəsi nəticəsində Şuşanın azad edilməsi düşmən tərəfə sülhə və kapitulyasiyaya imza atmaqdan başqa yol qoymadı. Beləliklə, Laçın, Kəlbəcər və Ağdam kimi böyük ərazilərimiz bir güllə atılmadan, dinc yolla Azərbaycan qaytarıldı. Bu sülh idi. Zəfər gününün, Şuşa döyüşünün gətirdiyi sülh!

Milli Məclis sədrinin müavini vurğulayıb ki, Zəfər Günü qəhrəmanlıq və simvolikanın üzvi vəhdətdə olduğu məqamdır və millətin ruhunu özündə ehtiva edir və gələcək nəsillərə ötürür. Zəfər Günü üç əsas aparıcı qüvvənin - Xalq, Ordu və Ali Baş Komandan - gücünün nəticəsidir.

“Azərbaycan xalqının tarixində çoxlu qəhrəmanlıq səhifələri və xüsusən də fərdi və ya epizodik xarakterli qəhrəmanlıq nümunələri olub. Amma məhz İkinci Qarabağ müharibəsi və onun kulminasiya nöqtəsi olaraq 8 noyabrda Şuşanın azad edilməsi qəhrəmanlığın fərdi və ya epizodik səviyyədən ümummilli zəfərə çevrilməsini təmin etdi. Nəticədə son iki yüz ildən artıq müddətdə müxtəlif xarici və imperial qüvvələrin erməni amilindən alət kimi istifadə edərək Azərbaycana qarşı apardığı məkrli planlara sarsıdıcı zərbə endirildi. Beləliklə, təkcə Azərbaycan üçün deyil, həm də bütün region üçün yeni sülh və inkişaf mərhələsinin bünövrəsi Zəfər günündə qoyulmuş oldu. Bu mərhələnin əsas təminatçılarından biri Azərbaycan və Türkiyə arasında “Bir millət, iki dövlət” fəlsəfəsinə əsaslanan münasibətləri yeni mərhələyə yüksəldən Şuşa Bəyannaməsidir. Bu isə daha bir nadir reallığı üzə çıxarır ki, Azərbaycanın Zəfəri regionda və ya dünyadakı geosiyası şəraitin nəticəsi deyil, əksinə, özü regionda yeni geosiyasi reallıq formalaşdırır” , - deyə Adil Əliyev bildirib.

AİA.Az
Geri dön