Ana Sayfa > Siyasət > Azərbaycanla Türkiyə arasında əlaqələrin möhkəmlənməsi regionun təhlükəsizliyinə mühüm töhfələr verir

Azərbaycanla Türkiyə arasında əlaqələrin möhkəmlənməsi regionun təhlükəsizliyinə mühüm töhfələr verir


27-10-2021, 17:02. Yazar: sevinc1
Azərbaycanla Türkiyə arasında əlaqələrin möhkəmlənməsi regionun təhlükəsizliyinə mühüm töhfələr verir

Azərbaycan-Türkiyə əməkdaşlığının müqavilə-hüquq bazası kifayət qədər yetərli olsa da, bu bazanı möhkəmlətmək üçün zaman-zaman yeni addımlar atılır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın oktyabrın 26-da Füzuli Beynəlxalq Hava Limanının açılış mərasimində, Zəngilan rayonunda “Dost Aqropark”ın və Zəngəzur dəhlizinin təməlqoyma mərasimlərində iştirak etməsi iki qardaş ölkənin xalqlarının sarsılmaz birliyini nümayiş etdirir. Bu hadisə, eyni zamanda, bütün dünya ölkələrinə, xüsusən də Cənubi Qafqaz regionuna Azərbaycan və Türkiyə həmrəyliyinin nümayişi üçün bir mesaj idi.

Bunu açıqlamasında Milli Məclisin deputatı Anar Məmmədov deyib.

O diqqətə çatdırıb ki, Füzuli Beynəlxalq Hava Limanının istifadəyə verilməsi təkcə bu rayonun deyil, bütövlükdə Qarabağın, Şərqi Zəngəzurun hərtərəfli inkişafına şərait yaradacaq. Füzuli rayonunda yerləşən hava limanı beynəlxalq statusa malik olduğundan bir çox üstünlüklərə malikdir. Hava limanında uzunluğu 3000 metr, eni 60 metr olan uçuş-enmə zolağının istismara verilməsi hər növ təyyarələri qəbul etmək imkanı yaradır. Bu da təbii ki, rayonun və regionun inkişafı üçün zəruri olan yerli və idxal olunan mal və materialların daşınması üçün əlverişli şərait yaradacaq. Digər bir üstünlük isə gələcəkdə yerli sakinlərin köçürülməsi və yerləşdirilməsi prosesində səmərəliliyin nəzərdə tutulmasıdır. Bu işdə də Füzuli Beynəlxalq Hava Limanının böyük rolu olacaq. Ən başlıcası isə bu hava limanı Zəngəzur dəhlizinin də əhəmiyyətini artıracaq. Bu dəhlizin bərpası nəinki Azərbaycanın, həmçinin regionun iqtisadi inkişafına böyük töhfələr verəcək. Dəhliz vasitəsilə Naxçıvan Muxtar Respublikasının Azərbaycana quru yolla birləşdirilməsi də bu tarixi diyarımızın Azərbaycan iqtisadiyyatına daha da reinteqrasiyasına səbəb olacaq.

Zəngəzur dəhlizinin Azərbaycan iqtisadiyyatında çox böyük rolu olacağını vurğulayan deputatın sözlərinə görə, onun ən üstün cəhətlərindən biri ondan ibarətdir ki, nəinki Azərbaycanla Naxçıvan arasındakı nəqliyyat əlaqələrinin şaxələndirməsinə, həmçinin Xəzər və Aralıq dənizlərindən başlayaraq Cənub-Şərqi Asiya və Mərkəzi Asiya ilə Avropa arasındakı nəqliyyat-logistika xətti olacaq. Zəngəzur dəhlizi Azərbaycanı öz ayrılmaz hissəsi olan Naxçıvanla, həmçinin Türkiyə ilə birləşdirəcək. Növbəti mərhələdə regional əməkdaşlıq platformasına qoşulub-qoşulmamaq Ermənistan hökumətinin öz işidir. Bu ölkə hələ ki, çalxalanır, Azərbaycan Ordusundan aldığı sarsıdıcı zərbədən özünə gələ bilmir. Eyni zamanda, erməni siyasətçiləri gah Azərbaycanla münasibətləri normallaşdırmağın vacibliyindən danışır, gah da məğlub olduğu ölkədən intiqam almaq barədə düşünürlər.

“Azərbaycan və Türkiyə liderlərinin Zəngilanda verdikləri bəyanatlar isə bir daha iki qardaş ölkənin xalqlarının sarsılmaz birliyini ifadə edirdi. Prezident İlham Əliyev dünyaya növbəti dəfə mesaj verdi ki, Azərbaycan Ordusunun qazandığı tarixi zəfər Azərbaycan-Türkiyə birliyinin təcəssümüdür. Öz növbəsində Bakı və Ankara erməni işğalından qurtulmuş Azərbaycan torpaqlarına yenidən həyat vermək barədə planlar hazırlayır. Artıq konkret layihələr barədə söhbət gedir. Azadlığa çıxmış Azərbaycan torpaqlarında indi infrastruktur layihələri icra edilir, yol, işıq, su çəkilir. Qarabağın və işğaldan azad edilmiş digər ərazilərin dirçəldilməsi işində Azərbaycan və Türkiyə şirkətləri dost ölkələrlə bərabər iştirak edir”, - deyə A.Məmmədov vurğulayıb.

Deputat bildirib ki, Türkiyə və Azərbaycan arasında əlaqələrin gücləndirilməsi Qafqaz bölgəsində sabitliyin təmin edilməsi üçün mühüm əhəmiyyət kəsb edir. Belə ki, ölkələrimiz arasında əlaqələrin inkişafı və möhkəmlənməsi regionun inkişafına, sabitliyinə və təhlükəsizliyinə mühüm töhfələr verir.

AİA.Az

Geri dön