Ana Sayfa > Media > Dövlət siyasətinin mərkəzində vətəndaş və onun rifahı durur
Dövlət siyasətinin mərkəzində vətəndaş və onun rifahı durur22-10-2021, 16:35. Yazar: sevinc1 |
Koronavirus pandemiyasının və maliyyə böhranının hələ də səngimədiyi bir vaxtda Prezident İlham Əliyev “Əhalinin sosial rifahının qorunması sahəsində əlavə tədbirlər haqqında” sərəncam imzalayaraq, insan amilinin dövlət siyasətinin tərkib hissəsi olduğunu bir daha nümayiş etdirdi. Dövlət başçımız pandemiyanın Azərbaycan iqtisadiyyatı üçün bir sıra problemlər yaratmasına baxmayaraq, COVID–19-a qarşı mübarizə aparmaq və insanlarımızın zərər çəkməməsi istiqamətində müvafiq sərəncam və fərmanlar imzaladı. Möhtərəm Prezidentimizin sonuncu sərəncamı əsasən, sosial inkişafın davamlı xarakter almasını və sosial ödənişlərdə ciddi artımları təmin edəcək. Bu sərəncam, ümumilikdə, 1 milyon 800 min nəfərədək vətəndaşımızın rifahının daha da yaxşılaşdırılmasına xidmət edəcək. Sərəncamın icrası ilə bağlı gələn ilin dövlət büdcəsində əməkhaqlarının, pensiya və sosial müavinətlərin, təqaüdlərin və digər sosial ödənişlərin artırılması nəzərdə tutulur. Ümumiyyətlə, Azərbaycanın sosial–iqtisadi cəhətdən inkişafı dinamik xarakter daşıyır. Son illər davamlı olaraq islahatların həyata keçirilməsi ölkəmizin inkişaf proseslərini daha da gücləndirib. İkinci Qarabağ müharibəsindəki parlaq qələbəmizdən sonra abadlıq, yenidənqurma və bərpa işləri geniş vüsət aldı. Müharibədən yeni çıxmağımıza baxmayaraq, əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətindəki tədbirlər davam etdirilir. Bütün bunlar respublikamızın iqtisadi qüdrətindən xəbər verir. Prezident İlham Əliyev daim xalqla təmasda olur, vətəndaşları narahat edən problemləri birbaşa onların dilindən dinləyir və bu məsələlərin həlli ilə bağlı müvafiq göstərişlər verir. Bir neçə il əvvəl ölkədə baş vermiş daşqınlar, zəlzələlər, yanğınlar zamanı da bunun şahidi olduq. Dövlət başçımız dərhal təbii fəlakətdən zərər çəkənlərin yanında oldu və əhaliyə dəymiş ziyan dövlət tərəfindən ödənildi. Təbii fəlakət zamanı evləri dağılmış sakinlərə əvvəlkindən də rahat və səliqəli mənzillər tikildi. Azərbaycan dövlətinin sosial sahədə atdığı addımlar öz miqyasına, təsir dairəsinə, əhəmiyyətinə görə, elə əhatəlidir ki, bu tədbirlər dünyanın heç bir ölkəsində müşahidə olunmur. Bütövlükdə, 3 milyona yaxın insan dövlətin sosial təşəbbüslərinin icrasından faydalanır. Azərbaycan dövlətinin yürütdüyü sosial siyasət, həqiqətən də, inqilabi xarakter daşıyır. Prezident İlham Əliyevin “Əhalinin sosial rifahının qorunması sahəsində əlavə tədbirlər haqqında” sərəncamı humanizm prinsiplərinə söykənən sosialyönümlü siyasətin davam etdiyini, dövlət başçısının daim hər bir vətəndaşının yanında olduğunu təsdiqləyən növbəti qətiyyətli addımdır. Əli Həsənov, YAP Göygöl rayon təşkilatının Göygöl şəhər 5 nömrəli tam orta məktəb ərazi ilk partiya təşkilatının sədr müavini aia.az Geri dön |