Ana Sayfa > Gündəm > Azərbaycandan heç kim getmək istəmir?

Azərbaycandan heç kim getmək istəmir?


4-05-2016, 10:45. Yazar: admin
Azərbaycandan heç kim getmək istəmir?

Yay aylarının gəlişinə sayılı günlər qalsa da, Azərbaycan insanı üçün istirahət mövzusu hələ aktual deyil. Ötən ilin bu dönəmi ilə müqayisədə əhali erkən rezervasiya ilə maraqlanmır.

Aia.az musavat.com-a istinadən bildirir ki, bu barədə bizə açıqlamasında "Fly Travel" turizm şirkətinin rəhbəri Mamed Əliyev deyib.

Onun sözlərinə görə, xüsusən Türkiyədə istirahət imkanları ilə maraqlananlar minimuma enib. Müsahibimizin sözlərinə görə, İstanbul səfəri də artıq azərbaycanlılar üçün arxa plana keçib. Buna səbəb isə Türkiyədə son zamanlar bir-birinin ardınca baş verən terror aktlarıdır. Ehtimal edilir ki, yay aylarında xüsusən də turizm bölgələrində bu sayaq terror dəhşətlərinin sayı çox olacaq.

M.Əliyev dedi ki, hazırda Türkiyənin istirahət bölgələrinə olan turpaketlərin satışı donub. Hətta erkən rezervasiyanın müddəti bir qədər uzadılsa da, bu, müştərilərin sayını artırmadı. İndi isə yay ayları üçün turpaketlərin qiyməti müəyyənləşib. Amma dollarla: "Antalyanın 5 ulduzlu otelinə 7 gün, 8 gecəlik turpaketin qiyməti 600-700 dollardır. Bildiyiniz kimi, rusların da bu il Türkiyədə istirahəti minimuma enib. Bu baxımdan otellər boş qalmasın deyə, qiymətlərin azalma ehtimalı da var. Amma indiki məqamda ən sərfəli variant turpaketlərin satın alınmasıdır. Otellər ucuzdur, bilet qiyməti bir qədər bahadır. Amma turpaket satın alanda bilet də ucuz başa gəlir".

İnsanların turpaket almamasının bir səbəbi terror təhlükəsidirsə, digər əsas səbəbi də manatın devalvasiyasıdır. Xarici turlar dollar və avro ilə hesablandığı üçün turizmçilər dalana dirəniblər. İlk vaxtlar turizm şirkətləri dollar tapıb ala bilmədikləri üçün tur satın almaq da mümkünsüz olmuşdu: "Manatın devalvasiyası o qədər güclü olub ki, insanlar ancaq zəruri ehtiyacları barədə düşünməyə məcburdular. Səyahət keçib arxa plana. Bir az pulu olanlar da gələcəyi düşünüb, pulunu saxlayır, pul xərcləmək istəmirlər".

Türkiyə-Rusiya münasibətlərindəki gərginlik iki ölkənin turizm əlaqələrinə də mənfi təsir edib. Bir neçə aydan bəri davam edən soyuq müharibə Türkiyənin turizm bölgələrini bəzəyən rus turistlərin ayağını bu ölkədən kəsib.

Bu məsələdə daha bir element isə insanların təhlükəsizlik baxımdan daxili turları tərcih edəcəyidir. Türkiyədə arzuladığı kurorta, otelə gedə bilməyən azərbaycanlı məcburən ölkə daxilindəki istirahət bölgələrini seçəcək. Turizmçilər ehtimal edirlər ki, iyunun əvvəllərində yerli otel və istirahət bölgələri endirim tariflərini əhaliyə təqdim edəcəklər.

Yaya sayılı günlər qalıb. Terror və devalvasiya zərbəsinin insanların istirahətinə təsir göstərib-göstərməyəcəyini yaxın zamanda biləcəyik.

Aia.az
Geri dön