Ana Sayfa > Təhsil > Hər bir Azərbaycan vətəndaşı qürur duyur ki, onun İlham Əliyev kimi güclü Lideri var

Hər bir Azərbaycan vətəndaşı qürur duyur ki, onun İlham Əliyev kimi güclü Lideri var


18-10-2021, 14:44. Yazar: sevinc1
Hər bir Azərbaycan vətəndaşı qürur duyur ki, onun İlham Əliyev kimi güclü Lideri var


Xalqımız dövlətçiliklə bağlı olan bütün tarixi günləri böyük sədaqətlə yaşadır. Tarixçilərdən fərqli olaraq, xalq həmişə geriyə yox – irəliyə baxır. Xalqın irəlidə – ulu öndərdən sonra taleyini etibar etmək istədiyi lider isə yalnız İlham Əliyev idi. 2003-cü il oktyabrın 15-də Azərbaycanda keçirilən prezident seçkiləri ölkəmizin tarixinə mühüm hadisə kimi düşdü. Xalqın verdiyi 76,8 faiz səs nəticəsində dahi Lider İlham Əliyev Prezident seçildi.

Danılmaz həqiqətdir ki, hər bir xalqın və dövlətin taleyində, xüsusən də onun inkişaf mərhələsinə qədəm qoyduğu bir zamanda böyük nüfuza malik liderə ehtiyac duyulur. Bu gün dövlət başçısının rəhbərliyi ilə siyasi, iqtisadi və sosial baxımdan Azərbaycan günü-gündən inkişaf edir. Zəngin iqtisadi potensialı və əlverişli geosiyasi mövqeyi ölkəmizin müstəqilliyinin möhkəmləndirilməsi və dövlətçilik mənafelərinin qorunmasında mühüm əhəmiyyət kəsb edir. Ölkəmiz Prezident İlham Əliyevin milli maraqlara əsaslanan müdrik siyasəti nəticəsində iqtisadi inkişaf potensialına görə dünyada lider mövqeyindədir. Sözlə əməlin vəhdətinə əsaslanan Azərbaycanın öz gücünə söykənən müstəqil siyasəti xarici təhdidlərdən, beynəlxalq şəraitdən asılı olmayaraq ölkəmizi sürətlə irəli aparır, dinamik və hərtərəfli inkişaf tempi qorunur, dünyadakı mövqeləri daha da möhkəmlənir. Aparıcı iqtisadi-maliyyə institutları və reytinq mərkəzləri ölkəmizdəki sistemli iqtisadi siyasəti, islahatları yüksək qiymətləndirir. Dünyanın ən böyük beyin mərkəzlərindən bir olan İrs Fondu tərəfindən hazırlanan "İqtisadi Azadlıq İndeksi 2021" hesabatında Azərbaycan 172 ölkə arasında 38-ci yerdə qərarlaşıb. Bütün bunlar İlham Əliyevin apardığı uğurlu siyasətin nəticəsidir.

Prezident seçildiyi ilk illərdən etibarən İlham Əliyev iqtisadiyyatda, səhiyyə və təhsil sistemində, ordu quruculuğunda böyük irəliləyişlərə nail oldu. Müasir, dünya standartlarına uyğun yüzlərlə xəstəxana, minlərlə məktəblər inşa edildi. Gələcək nəsillərimizin sağlam böyüməsi, dünya idman arenalarında idmançılarımızın Azərbaycan bayrağını yüksəklərə qaldırması məqsədilə ölkəmizin demək olar ki, bütün regionlarında olimpiya idman kompleksləri inşa etdirildi.

Bu gün ulu öndər Heydər Əliyev irsinin layiqli davamçısı kimi Prezident İlham Əliyevin müəllifliyi ilə müasir Azərbaycan tarixinin şanlı səhifəsi yazılır. Prezident İlham Əliyevin özünün də dediyi kimi, o, ata vəsiyyətini, Ümummilli Lider Heydər Əliyevin ən böyük arzusunu – Qarabağın mənfur düşmənlərdən, işğalçı ermənilərdən azad olunmasını gerçəkləşdirdi.

Dahi siyasətçi İlham Əliyev Qarabağ problemini öz müdrik və uzaqgörən siyasəti ilə uğurla apardığı Vətən müharibəsi ilə 44 günə həll etdi. Xalqımızın ən ağrılı və ən böyük problemi olan Qarabağ münaqişəsi Azərbaycan ordusunun gücü ilə, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın xeyrinə başa çatdı. “Dəmir yumruq”la düşməni əzib məhv edən Ali Baş Komandan İlham Əliyev yeni reallıqlar yaratdı. Bu gün Azərbaycanda bütün sahələrdə quruculuq, inkişaf, islahat, yüksəliş müşahidə olunmaqdadır. Xalqımızın ən mühüm problemi – Qarabağ münaqişəsi tarixin arxivinə qovuşandan sonra Azərbaycan daha da sürətli inkişaf yoluna qədəm qoyub. Prezident İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad olunmuş ərazilərimizdə sürətli yenidənqurma və bərpa işləri həyata keçirilməkdədir. İşğaldan azad edilmiş ərazilərdə

yenidənqurma işlərinin geniş vüsət alması, Füzuli, Zəngilan, Laçın, Kəlbəcər rayonlarında Beynəlxalq hava limanlarının inşası, Şuşada “Xarıbülbül” festivalının, Vaqif Poeziya Günlərinin keçirilməsi və digər obyektlərin təntənəli açılışı Prezident İlham Əliyevin 18 ildə həyata keçirdiyi uğurlu daxili və xarici siyasətin bariz nümunəsidir.

Prezident İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad edilmiş torpaqlarımızın bərpası və dirçəldilməsi nəticəsində Azərbaycan daha güclü bir dövlətə çevriləcək. Biz tarix kitablarında Azərbaycanın böyük sərkərdələri və dövlət başçıları barədə oxumuşuq. Bu gündən yazılacaq tarix kitablarında bu Zəfərin, bu Böyük Qayıdışın müəllifi kimi İlham Əliyevin adı yazılacaq. Gələcək nəsillər qürur duyacaq ki, Azərbaycanın tarixində qalib Sərkərdə, xalqının xilaskarı, ərazilərini işğaldan azad etmiş İlham Əliyev adlı bir dövlət başçısı olub. Hər bir Azərbaycan vətəndaşı qürur duyur ki, onun İlham Əliyev kimi güclü Lideri var.

Xalidə Hüseynova,
Salyan rayon Yenikənd kənd Uşaq musiqi məktəbinin direktoru
aia.az


Geri dön