Ana Sayfa > Siyasət > Mahir Qasımov: “Azərbaycan xalqı 2003-cü ildə ən mühüm tarixi qərarını vermişdir”

Mahir Qasımov: “Azərbaycan xalqı 2003-cü ildə ən mühüm tarixi qərarını vermişdir”


15-10-2021, 11:21. Yazar: admen
Mahir Qasımov: “Azərbaycan xalqı 2003-cü ildə ən mühüm tarixi qərarını vermişdir”

“2003-cü il müstəqil Azərbaycanın tarixi üçün xüsusi əhəmiyyət kəsb edən ildir. Çünki məhz həmin il Azərbaycan xalqı ölkənin bundan sonra hansı yolla gedəcəyi barədə qərar verməli idi. Bu qərardan asılı olaraq ya ölkədə Heydər Əliyev siyasəti davam etməli idi, ya da Azərbaycan yenidən təhlükə və fəlakətlərlə üz-üzə qalmalı idi. Lakin Azərbaycan xalqı həmişə olduğu kimi, müdrikliyini göstərərək öz qərarını düzgün verdi, öz səsini Heydər Əliyev siyasətinə verdi.”

Bu sözləri saytımıza verdiyi açıqlamada Meliorasiya-İrriqasiya Obyektlərinin Qeydiyyatı və Suların İstifadəsinə-Mühafizəsinə Nəzarət İdarəsinin rəisi Mahir Qasımov deyib.

Müsahibimiz bildirib ki, Azərbaycan xalqının 2003-cü ildə düzgün seçim etdiyini həmin vaxtdan ötən dövrün hər günü və bugünkü reallıqlar təsdiq edir: “Məhz xalqın düzgün seçimi sayəsində 2003-cü ildən bu günə qədər Azərbaycanda sürətli inkişaf dövrü yaşanır, Heydər Əliyev siyasəti uğurla davam etdirilir. Bu illər ərzində Azərbaycan bütün sahələrdə çox böyük uğurlara imza atıb. Beynəlxalq əlaqələr genişlənib, Azərbaycan dünya miqyasında böyük rəğbətə və nüfuza malik olan bir ölkəyə çevrilib. Azərbaycanın ikitərəfli əlaqələri getdikcə inkişaf edir, dünyada dostlarımızın sayı getdikcə artır. Bu gün üzv olduğu bütün təşkilatlarda Azərbaycanın sözünün böyük çəkisi var. Əlbəttə ki, bütün bunlar ilk növbədə Azərbaycan Prezidenti cənab İlham Əliyevin siyasi iradəsi, şəxsi nüfuzu sayəsində və yürütdüyü praqmatik siyasəti nəticəsində əldə olunmuşdur. Məhz bu siyasətin nəticəsi olaraq bu gün Azərbaycan mühüm beynəlxalq layihələrin ən etibarlı və əsas iştirakçılarından birinə, bir çox hallarda isə həm də təşəbbüskarına çevrilib. O cümlədən ötən ilin sonlarında Cənub Qaz Dəhlizinin istifadəyə verilməsi ilə Azərbaycanın artıq sadəcə regional deyil, həm də ümumdünyəvi əhəmiyyət kəsb edən, qlobal miqyaslı layihələrin həm təşəbbüskarı, həm də ən vacib iştirakçısı kimi dünya dövlətləri tərəfindən qəbul edildiyini bir daha təsdiqlədi. Bunun ölkəmiz üçün əhəmiyyətini düzgün qiymətləndirə bilmək üçün Azərbaycanın bir il bundan öncə apardığı və qələbə ilə başa çatdırdığı Vətən müharibəsinin gedişinə və nəticələrinə bir daha nəzər salmaq kifayətdir. Ölkə Prezidenti cənab İlham Əliyevin də dəfələrlə vurğuladığı kimi, əgər bizim iqtisadi müstəqilliyimiz olmasaydı, biz siyasi suverenliyimizi təmin edə bilməzdik. Əgər bizim siyasi suverenliyimiz olmasaydı, o zaman bizə müharibə aparmağa və xüsusən də onu zəfərlə başa çatdırmağa imkan verməzdilər. İqtisadi müstəqillik isə ilk növbədə məhz Cənub Qaz Dəhlizi kimi möhtəşəm layihələrin reallaşdırılması ilə əldə olunur.”

Daha sonra Mahir Qasımov qeyd edib ki, Azərbaycanın Ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində əldə etdiyi şanlı Qələbə xalqımızın çoxəsrlik tarixinin ən böyük və ən şərəfli hadisəsidir: “Məlumdur ki, Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan ərazilərinin düşmən əsarətindən xilas edilməsi istiqamətində ilkin mühüm addımlar Ümummilli Lider Heydər Əliyev tərəfindən atılmışdır. Ulu Öndər müstəqil Azərbaycan dövlətinin başçısı kimi iştirak etdiyi bütün beynəlxalq tədbirlərdəki çıxışlarında Qarabağın xalqımıza məxsus olduğunu bəyan etmiş, bu münaqişənin ilk növbədə sülh yolu ilə, danışıqlar vasitəsilə həll olunmasına tərəfdar olduğunu, əks halda isə müharibə yolunun da mümkünlüyünü vurğulamışdır. Ulu Öndər Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti kimi müstəqil dövlətin milli ordu quruculuğunun əsaslarını yaratmış və silahlı qüvvələrimizin peşəkar kadrlarla, yeni nəsil mütəxəssislərlə, müasir texnika ilə təchiz edilməsi istiqamətində əhəmiyyətli addımlar atmışdır. Ölkəmizin iqtisadiyyatını inkişaf etdirmək və zəruri hazırlıq işlərini aparmaq baxımından vaxt və imkan qazanmaq üçün atəşkəs sazişinə nail olması da Ulu Öndərin tarixi xidmətlərindəndir. Bütün bunlarla yanaşı, Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi tarixi missiyansını məhz Ali Baş Komandan cənab İlham Əliyev həyata keçirdi. Bu məqsədlə Prezident İlham Əliyev, ilk növbədə, Azərbaycan Respublikasını iqtisadi cəhətdən uğurla inkişaf etdirmişdir. Ölkəmizə rəhbərlik etdiyi 18 il ərzində dövlət başçısı Azərbaycanda iqtisadi cəhətdən bütün sahələrdə şaxələnmiş böyük inkişafa nail olmağı təmin etmişdir. Bir çox nüfuzlu beynəlxalq maliyyə qurumları müstəqil Azərbaycan Respublikasının iqtisadi göstəricilərinə görə regionda və dünyada ən yüksək reytinqə malik olan dövlətlərdən birinə çevrildiyini dönə-dönə, dəfələrlə bəyan etmişlər. Ölkə Prezidenti cənab İlham Əliyevin ölkənin müdafiə qüdrətinin artırılması istiqamətində ardıcıl olaraq həyata keçirdiyi davamlı və məqsədyönlü siyasət tarixi Qələbəyə aparan yolun ən mühüm amilidir. Ordu quruculuğu sahəsində həyata keçirilmiş böyük islahatlar: şəxsi heyət arasında azərbaycançılıq, hərbi-vətənpərvərlik tərbiyəsinin qüvvətləndirilməsi, ordumuzun ən müasir hərbi texnika ilə silahlandırılması, yüksək ixtisaslı, peşəkar zabit korpusunun formalaşdırılması Azərbaycana regionda ən güclü orduya sahib olmaq imkanı vermişdir. Hələ neçə illər bundan qabaq ən nüfuzlu beynəlxalq hərbi ekspertlər Azərbaycan Ordusunu bütün əsas göstəricilərinə görə dünyanın ən güclü əlli ordusundan biri hesab etmişdilər. Sözsüz ki, Azərbaycanın beynəlxalq nüfuzunun artırılması, bütün dünyada etibarlı müttəfiqlərin və tərəfdarların qazanılması da tarixi Qələbəni təmin edən əsas amillərdəndir. Bu gün dünyanın istənilən ölkəsi ilə müqayisədə Azərbaycan Respublikasında yaranmış çox möhkəm xalq-iqtidar birliyi mövcuddur. Prezident İlham Əliyevin siyasəti və səyləri nəticəsində əldə olunmuş bu möhtəşəm birlik böyük Qələbəmizin ən etibarlı təməli olmuşdur. Bütün bunlar bir daha sübut edir ki, Azərbaycan xalqı 2003-cü ildə ən düzgün seçimini etmiş, ən mühüm tarixi qərarını vermişdir.”

AİA.Az
Geri dön