Ana Sayfa > Manşet / Siyasət > Meydanəli Yolçuyev: “Azərbaycan 2003-cü ildə etdiyi doğru seçimi sayəsində bu gün qalib ölkə kimi öz tarixinin ən şərəfli dövrünü yaşayır”

Meydanəli Yolçuyev: “Azərbaycan 2003-cü ildə etdiyi doğru seçimi sayəsində bu gün qalib ölkə kimi öz tarixinin ən şərəfli dövrünü yaşayır”


13-10-2021, 16:00. Yazar: sevinc1
Meydanəli Yolçuyev: “Azərbaycan 2003-cü ildə etdiyi doğru seçimi sayəsində bu gün qalib ölkə kimi öz tarixinin ən şərəfli dövrünü yaşayır”

“Bu gün Ölkə Prezidenti cənab İlham Əliyevin xalqın mütləq əksəriyyətinin səsini qazanmaqla müstəqil Azərbaycan dövlətinin başçısı seçildiyi gündən 18 il ötür. Etiraf olunmalıdır ki, 2003-cü ilin 15 oktyabr tarixində keçirilən prezident seçkiləri 1993-cü ilin oktyabr ayında keçirilən prezident seçkiləri ilə milli mənafe baxımından eyni əhəmiyyətə malikdir. Azərbaycan xalqının 1993-cü ilin oktyabrında tam yekdilliklə etimad göstərdiyi ulu öndər Heydər Əliyev 30 ildən artıq bir müddətdə öz xalqına və dövlətinə canı, qanı ilə xidmət edən dahi dövlət xadimi, dünyanın ən nəhəng siyasi liderlərindən biri idi. Bu səbəbdən də artıq 2003-cü ildə xalqın Heydər Əliyev siyasi məktəbinin ən layiqli yetirməsi olan, bir çox məqamlarda ulu öndərin ən etibarlı silahdaşı kimi çıxış edən cənab İlham Əliyevə etimad göstərməsi, onun dövlət başçısı seçilməsi tamamilə gözlənilən, tarixi baxımdan isə həm də zəruri idi.”

Bu sözləri saytımıza verdiyi müsahibəsində Yeni Azərbaycan Partiyası Daşkəsən rayon təşkilatının sədri səlahiyyətlərini icra edən Meydanəli Yolçuyev deyib.

Hakim partiya təmsilçisi bildirib ki, tarix özü Azərbaycan xalqının 1993-cü ildə olduğu kimi, 2003-cü ildə də ən doğru seçim etdiyini və məhz bu seçimin bizi bu günkü Zəfərimizə qovuşdurduğunu isbatlayıb: “Möhtərəm Prezidentimiz cənab İlham Əliyev haqqında ulu öndər Heydər Əliyevin söylədiyi belə bir fikir xalqın qəlbinə hakim kəsilmişdi: “Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”. Əlbəttə ki, uzun illər sonra Azərbaycanın yüksəldiyi bu zirvələr, əldə olunmuş tarixi Qələbəmiz və torpaqlarımızın işğaldan azad edilməsi də Ulu Öndərimizin həmin ümidlərinin doğrulması deməkdir. Prezident İlham Əliyev 2003-cü il oktyabrın 31-də dövlət başçısı kimi ilk dəfə and içdi və həmin gündən başlayaraq ölkədə mükəmməl bir sosial-iqtisadi inkişafa start verildi. “Mən hər bir azərbaycanlının Prezidenti olacağam”, - deyən İlham Əliyev ilk növbədə həmin tezisin reallaşmasına nail oldu. Qısa müddət ərzində ölkənin yeni rəhbəri ümumxalq etimadı qazandı. Əfv fərmanları və amnistiya aktları, insan hüquqlarının daha geniş şəkildə qorunması, seçki təcrübəsinin təkmilləşdirilməsi və digər addımlar Prezident İlham Əliyevin siyasi fəaliyyətinin əsas qayəsini təşkil edirdi. Azərbaycan Prezidenti İlham Əliyev imzaladığı bir sıra fərman və sərəncamlarla sübut etdi ki, bu istiqamətdə aydın, geniş və ölçülüb-biçilmiş fəaliyyət proqramına malikdir. Bu proqrama uyğun olaraq ilk növbədə əhalinin sosial durumu diqqət mərkəzində saxlanıldı, minimum əmək haqqı və pensiyalar artırıldı, ölkəmizin beynəlxalq aləmdəki nüfuzunun yüksəldilməsi, mövqelərinin möhkəmləndirilməsi, əlaqələrinin daha da genişləndirilməsi istiqamətində qətiyyətli addımlar atıldı. Azərbaycanın sosial-iqtisadi inkişafında keyfiyyətcə yeni mərhələnin əsası məhz 2003-cü ildən qoyuldu. İqtisadi strategiyanın yeni prioritetləri və inkişaf perspektivləri müəyyən edildi. Ölkədə sosial-iqtisadi tərəqqinin davamlı dinamikasını təmin etmək üçün qeyri-neft sektorunun sürətlə inkişaf etdirilməsi, infrastruktur obyektlərinin beynəlxalq standartlara uyğun şəkildə yenidən qurulması əsas vəzifə kimi qarşıya qoyuldu.”

Daha sonra Meydanəli Yolçuyev qeyd edib ki, Azərbaycanın Vətən müharibəsində əldə etdiyi tarixi Qələbəsi də ilk növbədə Prezident İlham Əliyevin 2003-cü ildən bəri həyata keçirdiyi möhtəşəm hazırlıq işlərinin nəticəsidir: “Azərbaycan Prezidenti cənab İlham Əliyev öz çıxışlarında dəfələrlə vurğulayıb ki, Azərbaycan bu müharibəyə hazırlaşırdı və hərbi əməliyyatlar başlanan gün bizim hərbi hazırlığımız ən yüksək səviyyədə idi. Bu gün biz birmənalı olaraq deyə bilərik ki, 2003-cü ildən Vətən müharibəsinə başlandığı günə qədər keçən dövr ölkəmiz üçün öz ərazi bütövlüyünü bərpa etməyə bir hazırlıq dövrü olub. Ölkə Prezidenti cənab İlham Əliyev 17 il ərzində daim deyirdi ki, biz iqtisadi sahəyə güclü təkan verməliyik, iqtisadi müstəqilliyimizi təmin etməliyik. Həmin illər ərzində dövlətimizin başçısı səbr və əzmkarlıqla, müdrikcəsinə Qələbəmizi təmin edəcək şəraiti yaratmaq məqsədilə düşünülmüş siyasət yürüdüb, zəruri addımlar atıb. Aydındır ki, istənilən bir müharibənin əsas iştirakçısı ilk növbədə silahlı qüvvələrdir, yəni ordudur. Lakin güclü ordu özü-özünə yaranmır. Güclü orduya sahib olmaq üçün birincisi insan resursları, ikincisi də müasir texnologiyalara əsaslanan silahlar tələb olunur. Silahlanma isə məlumdur ki, çox baha başa gələn bir prosesdir. Deməli, güclü ordu yaratmaq üçün əvvəlcə güclü iqtisadiyyata sahib olmaq lazımdır. Etiraf olunmalıdır ki, Ölkə Prezidenti cənab İlham Əliyevin son illər ərzində yürütdüyü uğurlu daxili və xarici siyasət və bu zəmində Azərbaycanın əldə etdiyi böyük iqtisadi uğurlar beynəlxalq dairələrin də diqqətini cəlb etməkdədir. Deməli, güclü iqtisadiyyat bizə imkan verdi ki, həm müasir silahlar alaq, həm özümüzün hərbi-sənaye kompleksimizi inkişaf etdirək. Azərbaycan Prezidenti məqsədyönlü fəaliyyəti və ciddi səyləri nəticəsində bunu təmin etdi. Vətən müharibəsində tarixi Qələbəni əldə etmək üçün xüsusilə son illər ərzində həm ölkə daxilində həm də beynəlxalq müstəvidə böyük hazırlıq işləri həyata keçirildi. İlk növbədə əlbəttə ki, beynəlxalq müstəvidə uğur qazanmaq vacib idi. Məsələ bundadır ki, Ermənistan, onun xaricdəki havadarları, erməni lobbisi Qarabağla bağlı, oradakı vəziyyətlə bağlı daim tam təhrif edilmiş mənzərə ortaya qoyurdular. Ona görə beynəlxalq müstəvidə real həqiqətləri dünya ictimaiyyətinə çatdırmaq, mötəbər beynəlxalq təşkilatların qərarlarını qəbul etdirmək Azərbaycan üçün başlıca vəzifə idi və Azərbaycan Prezidenti yürütdüyü düşünülmüş praqmatik xarici siyasət sayəsində buna nail oldu. Əlbəttə ki, Azərbaycanın Vətən müharibəsində qələbəsini təmin edən ən vacib amillərdən biri də bu gün ölkəmizdə mövcud olan xalq-iqtidar birliyi, milli həmrəyliyimiz, xalqın öz Prezidentinə olan sonsuz inamı və bu zəmində müharibənin ilk günlərindən müşahidə etdiyimiz böyük ruh yüksəkliyidir. Ölkə Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi siyasətin daha bir təntənəsi də məhz Azərbaycanda bərqərar olmuş ümummilli birlik və həmrəylik mühiti ilə bağlıdır. Bu gün ölkə ictimaiyyəti Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən son bir neçə ildə həyata keçirilən və ölkəmizdə milli və siyasi həmrəylik mühitinin formalaşmasına xidmət edən mütərəqqi təşəbbüslərinin müsbət nəticələrini aşkar şəkildə müşahidə etməkdədir. Siyasi sabitliyə, etibarlı münasibətlərə və davamlı inkişafa xidmət edən bu təşəbbüslər milli həmrəyliyin, xalq-hakimiyyət birliyinin təcəssümünə çevrilib. Müharibədən əvvəlki dövrə təsadüf edən son bir neçə ay ərzində siyasi dialoqun bərqərar olunması, etibarlı münasibətlərin formalaşması, siyasi partiyaların fəaliyyətinə dövlət tərəfindən göstərilən dəstək və digər tədbirlər nəticəsində ölkədə indiyədək müşahidə olunmamış siyasi birliyi də nail olundu. Bütün siyasi partiyalar ölkəmizə qarşı genişmiqyaslı terror təxribatlarının qarşısının alınması məqsədilə Ölkə Prezidentinin həyata keçirdiyi bütün siyasi və hərbi tədbirləri yekdilliklə dəstəklədiklərini və onun yanında olduqlarını bildirmişdilər. Bu, həqiqətən Prezident İlham Əliyevin ölkədə həyata keçirdiyi daxili siyasətin ən böyük uğurlarından biri oldu. Birmənalı olaraq demək lazımdır ki, məhz Prezident İlham Əliyevin siyasi iradəsi, əzmi və qətiyyəti, eləcə də uğurla həyata keçirdiyi düşünülmüş xarici və daxili siyasəti sayəsində Azərbaycan bu gün qalib ölkə kimi öz tarixinin ən şərəfli dövrünü yaşayır.”

AİA.Az

Geri dön