Ana Sayfa > Manşet / Siyasət / Seçilənlər-3 > Aqiyə Naxçıvanlı: Ordumuz Cəbrayılın işğaldan azad edilməsi istiqamətində ilk qələbəsini hələ Aprel döyüşlərində qazanıb

Aqiyə Naxçıvanlı: Ordumuz Cəbrayılın işğaldan azad edilməsi istiqamətində ilk qələbəsini hələ Aprel döyüşlərində qazanıb


6-10-2021, 17:31. Yazar: admen
Aqiyə Naxçıvanlı: Ordumuz Cəbrayılın işğaldan azad edilməsi istiqamətində ilk qələbəsini hələ Aprel döyüşlərində qazanıb

Vətən müharibəsi Azərbaycanın tarixində ən şərəfli səhifələr kimi əbədi olaraq qalacaq. Çünki məhz bu müharibədə əldə etdiyi tarixi Qələbə ilə Müzəffər Azərbaycan Ordusu ölkənin ərazi bütövlüyünü və tarixi ədaləti bərpa etdi. Eyni zamanda, Vətən müharibəsinin öz təqvimində də dövlətimizin, xalqımızın tarixinə ən şərəfli günlər olaraq əbədi həkk olmuş tarixlər var. Belə günlərdən biri oktyabrın 4-ü tarixidir. 2020-ci il oktyabr ayının 4-də Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev xalqa müraciətində Cəbrayıl şəhərinin işğalçılardan azad edildiyini bəyan etdi. Tarixdə ilk dəfə olaraq müharibənin birinci həftəsində şəhər, rayon mərkəzi azad edildi.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı, professor Aqiyə Naxçıvanlı deyib.

Deputatın sözlərinə görə, məhz Cəbrayıl şəhərinin azad edilməsi Ordumuzun Zəfər yürüşündə atdığı ilk addım oldu. 2021-ci il oktyabrın 4-də Cəbrayıl ictimaiyyətinin nümayəndələri ilə görüşdə çıxışında da Prezident İlham Əliyev xüsusi olaraq vurğuladı ki, bu gün bizim tariximizdə əbədi qalacaq. Çünki oktyabrın 4-də qazanılmış Qələbənin, Cəbrayılın işğaldan azad edilməsinin çox böyük əhəmiyyəti var idi. Artıq müharibənin ilk günündə Cəbrayılın iki kəndi – Böyük Mərcanlı və Nüzgar kəndləri işğalçılardan azad edilmişdi. Oktyabrın 3-də Suqovuşan qəsəbəsi və Talış kəndi, eyni zamanda, Cəbrayıl rayonunun daha bir neçə kəndi işğalçılardan azad edildi. Bu, Ordumuza əlavə mənəvi güc verdi. Oktyabrın 4-də isə Ali Baş Komandan Cəbrayıl şəhərinin və rayonun daha doqquz kəndinin - Karxulu, Şükürbəyli, Yuxarı Maralyan, Çərəkən, Daşkəsən, Horovlu, Decal, Mahmudlu və Cəfərabadın işğaldan azad edildiyini bəyan etdi. Bununla Cəbrayılın işğalına son qoyuldu. Cəbrayıl əməliyyatı nəticəsində Ermənistan ordusunun xeyli canlı qüvvəsi və texnikası məhv edildi. Oktyabrın 4-ü Cəbrayılın işğaldan azad edildiyi gün kimi tarixə düşdü.

Cəbrayılın azad edilməsi uğrunda Azərbaycan Ordusunun ilk qələbələrini hələ 5 il bundan əvvəl qazandığını vurğulayan deputat deyib: “Qeyd etmək lazımdır ki, Cəbrayıl rayonu strateji əhəmiyyətinə görə hər zaman diqqət mərkəzində olub. Rayonun işğaldan azad olunması uğrunda döyüşlər isə faktiki olaraq artıq beş il bundan əvvəl başlamışdı. Möhtəşəm 2016-cı il Aprel döyüşləri zamanı Azərbaycan Ordusunun əks-hücumu nəticəsində Lələtəpə yüksəkliyi düşməndən təmizlənib və Cocuq Mərcanlı kəndi Azərbaycan Ordusunun tam nəzarəti altına keçib. Dövlət başçımızın dediyi kimi, strateji yüksəkliklər işğalçılardan azad olunandan sonra Cocuq Mərcanlıya həyatın qayıtması artıq mümkün olmuşdur və bu, bizim önəmli qələbəmiz idi. Çünki bu, uzun fasilədən, atəşkəsdən sonra ilk böyük qələbə idi. Əlbəttə, ermənilər hər zaman olduğu kimi, o vaxt da Aprel döyüşləri barədə dünyaya yalan məlumatlar yayırdılar. Məsələn, bəyan edirdilər ki, bu, o qədər də böyük əhəmiyyət daşıyan ərazilər deyil və hətta döyüşlərdə özlərini qalib kimi təqdim edirdilər. Lakin həqiqət bu idi ki, Azərbaycan o vaxt təqribən 9-10 min hektar əraziyə nəzarəti ələ keçirmişdi. Aprel döyüşlərindəki qələbə haqlı olaraq Ordumuzun şanlı Qələbəsi kimi qeyd edilir və bizim qayıdışımızın da başlanğıcı məhz o vaxt olmuşdur. Cocuq Mərcanlıya qayıdış Böyük Qayıdışın başlanğıcı idi”.

Aqiyə Naxçıvanlı, həmçinin qeyd edib ki, Azərbaycan Ordusu Vətən müharibəsində tam və qəti qələbə qazanmaqla düşməni həm fiziki, həm də mənəvi-psixoloji cəhətdən məhv etdi, erməni təbliğatının illər boyunca dünyanı həqiqiliyinə inandırmaq istədiyi miflərin cəfəngiyat olduğunu sübuta yetirdi: “Bu gün artıq erməni ordusu deyilən bir qüvvə mövcud deyil. Vətən müharibəsinin gedişində şanlı Azərbaycan Ordusu erməni silahlı qüvvələrini tamamilə məhv etdi. Digər tərəfdən, bu tarixi Qələbə ermənilərin illər boyunca özlərinin, ordularının yenilməzliyi haqqında uydurduqları mifləri də bütünlüklə puça çıxardı, darmadağın etdi. Prezident İlham Əliyevin Cəbrayıl ictimaiyyəti ilə keçirdiyi görüşdə vurğuladığı kimi, bu müharibə, eyni zamanda, erməni mifologiyasının tamamilə məhv olması deməkdir. Həqiqətən də uzun illər ərzində, ermənilər dırnaqarası “hərbi qələbə” ilə öyünürdülər. Onlar az qala bütün dünyanı inandırmışdılar ki, erməni ordusu “yenilməz ordu”dur və onların ordusu bu torpaqları əbədi işğal altında saxlaya bilər. Lakin Azərbaycan əsgəri bu mifi dağıtdı. Erməni ordusu tamamilə məhv edildi. Erməni ordusunun silah-sursatlarının mütləq əksəriyyəti məhv edildi, ya da ki, qənimət kimi götürüldü. Onlar iddia edirdilər ki, erməni əsgəri “cəsur”dur və istənilən müharibədə qalib gələ bilər. Lakin Vətən müharibəsi göstərdi ki, erməni əsgəri fəraridir, qorxaqdır. Onlar özləri etiraf etdilər və bu da sübut olundu ki, müharibə dövründə Ermənistan ordusunda 10 min fərari olmuşdur.

Qalib Azərbaycan xalqı isə Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Ordumuzun qazandığı tarixi Qələbə ilə öz tarixinin ən şərəfli səhifəsini yazdı”.
Geri dön