Ana Sayfa > Gündəm > Müzəffər Ordu və öz vədlərinə sadiq qalan Müzəffər Ali Baş Komandan

Müzəffər Ordu və öz vədlərinə sadiq qalan Müzəffər Ali Baş Komandan


29-09-2021, 16:44. Yazar: sevinc1
Müzəffər Ordu və öz vədlərinə sadiq qalan Müzəffər Ali Baş Komandan

Prezidenti İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərəncamına əsasən təsis edilən Anım Günü Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü yolunda canlarından keçmiş etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiramın ifadəsidir. Bir il bundan əvvəl 27 sentyabr 2020-ci ildə Ermənistan Azərbaycana qarşı hərbi təxribat törədərək bizim döyüş mövqelərimizi və yaşayış məntəqələrimizi atəşə tutmuşdur. Bu namərd atəş nəticəsində ilk saatlarda mülki şəxslər, hərbçilər həlak olmuşdur. Bu qanlı cinayətə cavab olaraq Azərbaycan Ordusunun genişmiqyaslı əks-hücum əməliyyatının başlanılmasına dair tarixi qərar qəbul olunmuşdur. 44 gün davam edən İkinci Qarabağ müharibəsində Azərbaycan Ordusu və xalqı tam Qələbə qazanmışdır.

İkinci Qarabağ müharibəsi bizim şanlı tariximizdir. Bu Qələbə tarixdə əbədi qalacaq. Azərbaycan Silahlı Qüvvələri 44 gün ərzində düşmən ordusunu məhv edərək öz ərazi bütövlüyünü bərpa etdi. Düşmən torpaqlarımızdan qovuldu, ədalət və beynəlxalq hüquq bərpa olundu. Bu gün Azərbaycan dövləti qalib dövlət kimi yaşayır və bundan sonra müzəffər xalq və qalib dövlət kimi əbədi yaşayacaq.

Müharibədən bir il keçməsinə baxmayaraq, artıq bütün beynəlxalq aləm Azərbaycanın Qələbəsi ilə razılaşıb və bu faktı qəbul edib. Bu gün bölgədə, o cümlədən Azərbaycan-Ermənistan münasibətlərində gündəliyi formalaşdıran tərəf də Azərbaycandır.

Müharibə dövründə hamımız bir şüarla yaşayırdıq – öldü var, döndü yoxdur. Azərbaycan xalqı Azərbaycan Ordusunun arxasında möhkəm dayanaraq ordumuza əlavə güc verirdi. Günahsız insanların həlak olması, şəhər və kəndlərimizin dağıdılması Azərbaycan xalqının iradəsini qıra bilmədi. 44 gün ərzində bir gün də olmayıb ki, biz geriyə addım ataq.

Biz Qələbəni döyüş meydanında qazandıq. 300-dən çox şəhər və kənd döyüş meydanında işğaldan azad edildi. Biz qan tökərək, şəhidlər verərək bu Qələbəni əldə etdik və düşməni məcbur etdik ki, bizim qabağımızda diz çöksün və kapitulyasiya aktına imza atsın. Həmin düşmən ki, 30 il ərzində Azərbaycan xalqının şərəf və ləyaqətini tapdalamağa çalışırdı. Azğınlaşmış, harınlamış, quduzlaşmış, qudurmuş düşmən bizim qabağımızda diz çökdü, ağ bayraq qaldırdı, təslim oldu və məcbur oldu ki, noyabrın 9-dan 10-na keçən gecə kapitulyasiya aktına imza atsın. Bunun nəticəsində yüzlərlə şəhər və kənd bir güllə atmadan, bir şəhid vermədən geri qaytarıldı.

Bu gün azad edilmiş torpaqlara gələn hər bir insan erməni vəhşiliyinin təzahürlərini öz gözləri ilə görür. Bizim bütün şəhərlərimiz yerlə-yeksan edilib, bütün tarixi abidələrimiz, məscidlərimiz ermənilər tərəfindən ya tam dağıdılıb, ya da təhqir olunub. 67 məsciddən 65-i tamamilə dağıdılıb, qalan yarıdağılmış məscidlərdə mənfur düşmən bizi təhqir etmək üçün, bütün dünya müsəlmanlarını təhqir etmək üçün heyvan saxlayırdı, inək, donuz saxlayırdı.

27 sentyabr tarixində Vətən müharibəsi zamanı Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə həlak olmuş əsgər və zabitlərimizə, qətlə yetirilən mülki vətəndaşlara və itkin düşmüş soydaşlarımıza ehtiram əlaməti olaraq Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə Anım Gününə həsr olunmuş yürüş təşkil edilmişdir. Şəhidlərin xatirəsini əbədiləşdirmək üçün Bakı şəhərində inşa olunacaq Vətən Müharibəsi Memorial Kompleksinin və Zəfər Muzeyinin təməlqoyma mərasimində dövlətimizin başçısı iştirak etmişdir. Təməlqoyma mərasimindən sonra Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Dənizkənarı bulvar ərazisinə gələrək qəhrəman şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad etdilər. Daha sonra Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət ediblər.

Bu gün Azərbaycan xalqı, bütün dünya azərbaycanlıları müqəddəs Vətənimiz uğrunda canından keçən şəhidlərimizin xatirəsini dərin ehtiramla anır. Küçə, prospekt və meydanlarda, evlərin balkonlarında üçrəngli bayrağımız dalğalanır. Məscidlərdə, kilsələrdə, sinaqoqlarda Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş Vətən övladlarının ruhuna dualar oxunur. İnsanlar Anım Gününü həm də zəfər və iftixar günü kimi qeyd edirlər.


Pənah İmanov,
politoloq
aia.az

Geri dön