Ana Sayfa > Seçki 2024 > Postmüharibə dövrü və yeni reallıqlar

Postmüharibə dövrü və yeni reallıqlar


28-09-2021, 09:34. Yazar: sevinc1
Postmüharibə dövrü və yeni reallıqlar

Azərbaycanın möhtəşəm Qələbəsi, 30 ilə yaxın işğal altında qalan torpaqlarımızın azad olunması ilə nəticələnən İkinci Qarabağ müharibəsinin bitməsindən artıq 10 ay keçir. Bu qısa dövrdə Qarabağda və Şərqi Zəngəzurda aparılan bərpa və yenidənqurma işləri miqyasına və mahiyyətinə görə illərə bərabərdir və haqlı olaraq ictimaiyyətimiz tərəfindən böyük Zəfərimizin davamı olaraq qəbul edilməkdədir. Keçən ilin sentyabrında təsəvvür belə edə bilməzdik ki, cəmi bir ildən sonra Füzulidə Beynəlxalq Hava Limanının yaradılmasından, Şuşaya yol çəkilməsindən, Molla Pənah Vaqifin məqbərəsinin bərpa edilməsindən, Kəlbəcərə işıq çəkilməsindən və ya ordumuzun hərbi təlimlərini Laçın rayonunun ərazisində keçirməsindən fəxrlə bəhs edəcəyik. Bəli, “möcüzələr olmur” deyənlər haradasa haqlı çıxsalar da, Azərbaycan dövləti bunun əksini sübuta yetirməkdədir. Möhtərəm Prezidentimiz İlham Əliyevin müdrik rəhbərliyi, qətiyyəti, siyasi uzaqgörənliyi ilə cəmi 44 günə torpaqlarımızı azad etdiyi kimi, qısa müddət ərzində Zəngəzurda və Qarabağda da möcüzələr, xarüqələr yaradır. Laçında, Kəlbəcərdə və Suqovuşanda gücü 20 meqavat olan su elektrik stansiyaları bərpa edilib. Bu il təkcə azad olunmuş ərazilərin bərpası proqramına 1,3 milyard dollar vəsait ayrılmışdır.
İşğaldan azad olunmuş ərazilərdə ilk quruculuq layihəsinin təməli hələ döyüşlərin davam etdiyi günlərdə Suqovuşanda yeni yolun çəkilişi ilə qoyulmuşdu. Müharibənin bitməsindən cəmi altı gün sonra isə Füzulidə cənab İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə genişmiqyaslı quruculuq işlərinə start verildi.


Artıq təməli qoyulan layihələrin bir qisminin icrası başa çatmaq üzrədir. Məsələn, 2021–ci ilin yanvarında inşasına başlanan Füzuli Beynəlxalq Hava Limanı sentyabr ayının içərisində tam istifadəyə veriləcək. Füzuli Hava Limanının və daha sonra Zəngəzur və Laçında yeni hava limanlarının inşası ilkin mərhələdə Qarabağda və Şərqi Zəngəzurda aparılan bərpa və yenidənqurma işlərinin sürətləndirilməsinə təkan verəcək. Sonrakı mərhələdə isə bu hava limanları Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının iqtisadi və turizm potensiallarının realizə edilməsində, bütövlükdə bu bölgələrimizin yüksəlişində, keçmiş şöhrətlərini bərpa etməsində əhəmiyyətli rol oynayacaq.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev sentyabrın 25-də «Nasionalnaya oborona» jurnalına verdiyi müsahibəsində bildirir ki, hazırda region ölkələrində müzakirə olunan təşəbbüslər müsbət əməkdaşlığa yönəlib. 3+3 təşəbbüsü var. Bu təşəbbüs Rusiya, İran, Türkiyə və Azərbaycan tərəfindən dəstəklənib. Gürcüstanın etirazı var, Ermənistan isə öz mövqeyini bildirməyib. Nə hə deyib, nə yox. Yenə mövqe yoxdur. Əgər bu müsbət mövqe olsa, bu istiqamətdə işə başlamaq olar. Bu isə öz növbəsində həm regionda sabitləşməyə və təhlükəsizlik risklərini minimallaşdırmağa kömək edəcək, həm də şərait yaradacaq ki, region ölkələrinin qarşılıqlı fəaliyyətini onlar özləri müəyyən etsinlər, necə yaşayacaqlarını özləri həll etsinlər.

Ermənistanın hərbi təcavüzü nəticəsində Azərbaycan Respublikasının ümumilikdə 1,7 milyon hektar ərazisi işğal olunmuşdu. Rəngarəng flora və faunası, zəngin faydalı qazıntı ehtiyatları, dağlıq və düzənlik əraziləri, meşə örtüyü, bolsulu çayları, böyük su ehtiyatları olan bu ərazilər uzun müddət iqtisadiyyatımızdan təcrid olunub. Ölkə ərazisinin beşdə bir hissəsini təşkil edən bu regionun ölkə iqtisadiyyatına inteqrasiyası əlavə dəyər yaratmaqla ölkəmizin iqtisadi qüdrətini daha da artıracaq. Kənd təsərrüfatının bərpa olunması, sənaye istehsalının yaradılması, turizm imkanlarından istifadə ölkəmizin iqtisadiyyatını daha da yaxşılaşdıracaq. Belə ki, iqtisadiyyatın qeyri–neft sektorunun inkişafı üçün bu ərazilər kifayət qədər resurslara malikdir.

Füzuli Hava Limanı həm yükdaşımaları, həm də sərnişin daşımaları həyata keçirəcək. Dövlət başçısının tapşırığı ilə Laçın və Zəngilan rayonlarında beynəlxalq hava limanlarının tikintisi isə davam edir.

Dünya Bankının qənaətinə görə, işğaldan azad olunmuş ərazilərdə iqtisadi fəallığın yaranması Azərbaycan iqtisadiyyatının növbəti illərdə sürətli və genişmiqyaslı inkişafını təmin edəcək, ümumi daxili məhsulun həcmini artıracaq. Yeni iş yerlərinin yaradılması isə əhalinin həyat şəraitinin daha da yaxşılaşması ilə nəticələnəcək.

Qəhrəman hərbçilərimizin Şuşa şəhərini işğaldan azad edərək keçdikləri cığırların üzərində inşa olunan “Zəfər yolu” da işğaldan azad olunmuş ərazilərimizdəki sürətli bərpa prosesinin təcəssümüdür.
Heydər Əliyev Fondu öz humanitar missiyası ilə və icra etdiyi qlobal layihələr sayəsində artıq neçə ildir səhiyyə, təhsil, Azərbaycan mədəniyyətinin qorunub saxlanması, muğam və aşıq sənəti kimi ənənəvi incəsənət növlərinin qorunub saxlanması üzrə iş aparır. Şuşada dahi Azərbaycan şairi və ictimai xadimi Molla Pənah Vaqifin muzey–məqbərə kompleksinin təmir–bərpa və yenidənqurma işlərindən sonra açılışı, Bülbülün ev-muzeyinin, “Qarabağ” hotelinin və görkəmli Azərbaycan bəstəkarı Üzeyir bəy Hacıbəylinin heykəlinin açılışları, dahi bəstəkarın ev muzeyinin bərpası işlərinə başlanması, “Hotel və Konfrans Mərkəzi”-nin təməlinin qoyulması göstərdi ki, azad olunmuş ərazilərdə bərpa və yenidənqurma işləri olduqca əhatəli və məzmunludur.

Hal–hazırda işğaldan azad edilən ərazilərimizdə sürətlə və yüksək səviyyədə həyat şəraiti yaradılır. Böyük quruculuq işləri aparılır. Bu da ondan xəbər verir ki, tezliklə bütün məcburi köçkünlər zorla didərgin salındıqları doğma yurdlarına qayıdacaqlar. Möhtərəm Prezidentimiz İlham Əliyev bildirmişdir ki, böyük qayıdış başlayır. Əminəm necə ki, düşməni qısa müddət ərzində - cəmi 44 gün ərzində torpaqlarımızdan qovduq, bizim dədə-baba torpağımız olan Qarabağı da qısa müddət ərzində bərpa edəcəyik.
Şübhə yoxdur ki, yaxın vaxtlarda Qarabağ və Şərqi Zəngəzurda hələ çox layihələrin başa çatdırılmasının şahidi olacağıq.

Mahiyyə Həsənova,
Salyan şəhər 9 saylı tam orta məktəbin direktoru

AİA.Az


Geri dön