Ana Sayfa > Təhsil > Tanınmış filosof alim Zümrüd Quluzadə vəfat edib

Tanınmış filosof alim Zümrüd Quluzadə vəfat edib


27-09-2021, 15:57. Yazar: sevinc1
Tanınmış filosof alim Zümrüd Quluzadə vəfat edib

AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun Fəlsəfə və ictimai fikir tarixi şöbəsinin uzun illər müdiri olmuş, “Şərq fəlsəfəsi problemləri” beynəlxalq elmi-nəzəri jurnalının baş redaktoru, Əməkdar elm xadimi, Prezident təqaüdçüsü, fəlsəfə elmləri doktoru Zümrüd Quluzadə ömrünün 89-cu ilində vəfat edib.

Bu barədə AMEA-dan bildirilib. Qeyd edilib ki, Zümrüd Əliqulu qızı Quluzadə 1932-ci il martın 17-də Bakı şəhərində ziyalı ailəsində anadan olub. 1939-1949-cu illərdə orta məktəbi fərqlənmə ilə bitirib. 1949-cu ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Tarix fakültəsinin fəlsəfə şöbəsinə qəbul olub, oranı 1954-cü ildə fərqlənmə diplomu ilə başa vurub. 1954-1957-ci illərdə Azərbaycan Pedaqoji İnstitutunun (indiki Azərbaycan Dövlət Pedaqoji Universiteti) Fəlsəfə kafedrasının aspirantı olub. 1957-1960-cı illərdə Azərbaycan Politexnik İnstitutunda fəlsəfə fənni üzrə assistent və baş müəllim vəzifələrində işləyib.

1959-cu il noyabrın 29-da Moskva Dövlət Universitetinin Fəlsəfə fakültəsinin Elmi şurasında “Antoqonist cəmiyyətdə üstqurumun rolu” mövzusunda namizədlik dissertasiyasını müdafiə edib. 1960-cı ildən AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun Fəlsəfə və ictimai fikir tarixi şöbəsində çalışıb, uzun illər həmin şöbənin aparıcı elmi işçisi və müdiri olub. 1969-cu ildə “Hürufilik və onun Azərbaycanda nümayəndələri” mövzusunda doktorluq işini müdafiə edib.

Tədqiqatçı alim Zümrüd Quluzadə İslam fəlsəfə tarixi, xüsusən də çoxsaylı təsəvvüf təlimləri və Azərbaycanda meydana gələrək daha sonralar Anadolu və Balkanlarda geniş yayılan hürufilik cərəyanının fəlsəfi mahiyyətinin araşdırılmasında səmərəli xidmətlər göstərib və ümumilikdə Azərbaycan fəlsəfə tarixinin inkişafına böyük töhfələr verib. O, Azərbaycan mədəniyyətinin dünya şöhrətli nümayəndələrindən Nizami, Nəimi, Nəsimi, Şah Qasım Ənvar, Füzuli kimi mütəfəkkirlərin yaradıcılıqlarındakı dərin fəlsəfi görüşləri ilk tədqiq edən alimlərdən biri olub.

1996-cı ildə Zümrüd Quluzadənin təşəbbüsü və təklif etdiyi elmi konsepsiyaya müvafiq olaraq yaradılmış “Şərq fəlsəfəsi problemləri” beynəlxalq elmi-nəzəri jurnal Azərbaycan fəlsəfə tarixinin inkişafında xüsusi yerə malikdir.

Postsovet ölkələrinin elmi mühitində nüfuzlu alim kimi tanınan Zümrüd Quluzadə 2010-cu ildən Rusiya Fəlsəfə Cəmiyyətinin üzvü seçilib. Onun elmi yaradıcılığı ölkə ictimaiyyəti və Fəlsəfə və Sosiologiya İnstitutu tərəfindən daima yüksək qiymətləndirilib. 2015-ci ildə Prezident İlham Əliyevin Sərəncamı ilə “Şöhrət” ordeninə layiq görülüb.

Tanınmış elm xadimi Zümrüd Quluzadənin işıqlı xatirəsi onu tanıyanların qəlbində daim yaşayacaq.

AİA.Az
Geri dön