Ana Sayfa > Karusel / Siyasət > Azərbaycanın Vətən müharibəsində qələbəsini şərtləndirən əsas amil düzgün dövlət idarəçiliyidir - Sabiq nazir

Azərbaycanın Vətən müharibəsində qələbəsini şərtləndirən əsas amil düzgün dövlət idarəçiliyidir - Sabiq nazir


25-09-2021, 14:25. Yazar: admen
Azərbaycanın Vətən müharibəsində qələbəsini şərtləndirən əsas amil düzgün dövlət idarəçiliyidir - Sabiq nazir

Azərbaycanın 44 günlük Vətən müharibəsində qələbəsini şərtləndirən əsas amil düzgün dövlət idarəçiliyi idi. Düzgün dövlət idarəçiliyinin əsasında həm uğurlu daxili və xarici siyasət formalaşır, həm müdafiə sisteminin formalaşması və yüksək səviyyəyə çıxması təmin olunur, həm də insanların vətənpər ruhda yetişdirilməsi həyata keçirilir.

Bunu Azərbaycanın keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov deyib.

T.Zülfüqarov bildirib ki, 44 günlük Vətən müharibəsində gənclərimiz böyük qəhrəmanlıq göstərdilər: “Azərbaycanda yüksək vətənpərvərlik ruhunda bir nəsil yetişdirilib. Bu nəsil məhz cənab Prezident İlham Əliyevin vaxtında yetişib. Vətənpərvər ruhda yetişdirilmiş gənclərimiz böyük qəhrəmanlıq göstərərk qələbəmizi təmin etdilər. Bu, cənab Prezident tərəfindən aparılan uğurlu və düzgün daxili siyasətin nəticəsidir. Ermənistanda fərarilərin sayı olduqca çox idi, müdafiə sistemi dağılmışdı, ancaq Azərbaycanda gənclərimiz Vətən uğrunda canlarından keçdilər”.

T.Zülfüqarov vurğulayıb ki, Azərbaycanın Zəfərini şərtləndirən amillərdən biri də düzgün müdafiə konsepsiyasının seçilməsi idi: “Hansısa silahları alanda, zabitlərin təlimi, tədrisi təşkil olunanda düzgün bir konsepsiya olmalıdır, hansı silah sistemlərinin alınıb-alınmaması barədə düzgün seçim edilməldir. Yəni müdafiə sistemi düzgün konsepsiya üzərində qurulmalıdır. Düzgün konsepsiyanın seçilməsi də idarəçiliyin bir nümunəsidir. Zabitlərimiz təlimlərdən keçir və müdafiə sistemimizin möhkəmlənməsinə töhfə verirdilər. Silahların alınmasında düzgün seçim edildi. Azərbaycan elə silahlar aldı ki, onlar Vətən müharibəsində uğurla istifadə edildi. Bəzən populist fikirlər səsləndirdilər ki, səfərbərlik olmalıdır, hamı əlinə silah alıb torpaqlarımızı azad etməlidir. Ancaq bu, sadəcə bir şüardır. Azərbaycan elə bir peşəkar ordu qurmuşdu ki, heç tam səfərbərlik də olmadı, peşəkar hərbçilər, mütəxəssislər, təchiz olunmuş ən müasir silahlar sayəsində ən az itkilərlə torpaqlarımızı işğaldan azad etdik.

Müharibənin qanunu odur ki, hücum edən tərəfin itkiləri üç dəfə çox olur. Ancaq düzgün idarəçilik nəticəsində Azərbaycan müharibənin bu qanununu dəyişdirdi. Bu, çox vacib, hətta həlledici amil idi. Əlbəttə, bu qələbə şəhidlərimizin qanı nəticəsində əldə olundu, ancaq düzgün idarəçilik nəticəsində itkilərimiz az oldu.

Eyni zamanda, xalqımız, siyasi partiyalar bir məqsəd uğrunda birləşdilər və hesab edirəm ki, bu da düzgün idarəçiliyin nəticələrindən biri idi”.

T.Zülfüqarov bildirib ki, son illərdə aparılan düzgün xarici siyasət, Azərbaycanın öz torpaqlarını azad etmək hüququna malik olmasının beynəlxalq ictimaiyyətə təbliği müharibə vaxtı bizə qarşı ola biləcək xarici əngəlləri önləmiş oldu: “Diplomatiyanın əsas məqsədi dost ölkələrlə daha da sıx dostluq etmək, dost olmayan ölkələri isə ən azından neytrallaşdırmaqdır. Əgər dost olmayan ölkələr öz mövqeyini dəyişibsə və ya dəyişmədən neytral qalıblarsa, bu, diplomatiyanın ən böyük nailiyyətidir. Azərbaycan düzgün xarici siyasət nəticəsində buna nail olmağı bacardı. Eyni zamanda, Azərbaycan geopolitik dəyişiklikləri öz xarici siyasətində çox ciddi şəkildə analiz etdi və bunlardan çox məharətlə istifadə elədi. Azərbaycanın xarici siyasətinin digər bir uğuru isə xaricdə, o cümlədən Qərbdə olan ermənipərəst dairələrin neytrallaşdırması oldu.

Azərbaycan müharibədən öncə bütün dünyaya öz torpaqlarını hərbi yolla azad etmək hüququnu sübut etdi. Bunun nəticəsində müharibə vaxtı Azərbaycana ciddi xarici təzyiqlər olmadı. Düzdür, müxtəlif maneələr var idi, amma kritik forma almadı.

Bütün bunlar hamısı Azərbaycanın dügzün siyasətinin və idarəçiliyinin nəticəsi idi”.

AİA.Az
Geri dön