Ana Sayfa > Karusel > SOS: Müharibə olarsa, itkilər çox olacaq, çünki…

SOS: Müharibə olarsa, itkilər çox olacaq, çünki…


2-05-2016, 16:23. Yazar: admin




Son günlər cəbhə xəttində baş verənlər, düşmən ordusunun mülki əhalini hədəfə alması təhlükəsilik sığınacaqları məsələsini aktullaşdırıb.

"Bizim Cəbiş müəllim" filmini yəqin ki, hər kəs xatırlayır. Sığınacaqlar mülki vətəndaşları düşmən zərbəsindən qorumaq üçün ən təhülkəsiz məkanlar hesab olunur, hündürmərtəbəli binalarda sığınacaq kimi zirzəmilər də tikilirdi. Hazırda isə mülki vətəndaşlar arasında yaralıların sayının çox olmasının bir səbəbi kimi də sığınacaqların olmaması əsas gətirilir. “Cümhuriyət” 23 ildir güllə altında yaşayan rayonlarda sığınacaqların vəziyyətini araşdırıb.

Bir gün öncə düşmən tərəfindən atılan mərmilər nəticəsində dünyasını dəyişən 16 nəfərin yaşadığı Tərtər rayonunun İcra Hakimiyyəti başçısının müavini ilə əlaqə saxladıq.

“Cümhuriyət”ə açıqlama verən Elvin Umudov bildirib ki, istər mərkəzdəki çoxmərtəbəli yaşayış binalarında, istərsə də kəndlərdə sığınacaqlar var. Sığınacaqlar bütün növ həyat şəraiti ilə də təmin edilib. Mərkəz hissələrdə binanın zirzəmilərində, kəndlərdə də ümumi məhəllə-məhəllə ümumi sığınacaqlar hazırlanıb. Hətta bəzi kənd sakinləri öz təşəbbüsləri ilə də sığınacaq qurublar".

7 nəfərin yaralandığı, 2 nəfərin isə dünyasın dəyişdiyi Ağdam rayon İcra Hakimiyyəti ilə də əlaqə saxladıq. Başçının müavini Ağa Zeynalovun sözlərinə görə, əksər ərazilərdə sığınacaqlar var:

“Hətta həmin sığınacaqlar xüsusi tələbatlara uyğun şəkildə avadanlıqlarla da təchiz edilib. Yeni və müasir standartlara uyğun orta məktəblərdə də həmin sığınacaqlar tikilib məktəblilərin istifadəsinə verilib, lakin bundan yerli sakinlər də istifadə edir. Hətta bəzi vətəndaşlar öz həyətlərində öz təşəbbüsləri ilə də tikiblər. Tam şəkildə sığınacaqlar olmasa da, qismən var və vətəndaşların istifadəsinə verilib".

Bütün bu proseslərdə arxa cəbhə rolunu oynayan Bərdə rayonunda isə vəziyyət qənaətbəxş deyil.

“Cümhuriyət”ə açıqlama verən Bərdə rayon İcra Hakimiyyəti başçısının müavini Fəqət Şadlinskaya "Bu, mənim sahəm deyil. Bu barədə məlumatım yoxdur. Amma onu deyə bilərəm ki, necə ki, 1992-93-cü illərdə sakinlər qaçqın düşmüşdü, bir neçə gün bundan qabaq Ağdam və Tərtər istiqamətində evləri dağıdılan sakinlər Bərdə şəhərinə gəliblər, biz onları sığınacaqla təmin etmişik. Digər siz dediyiniz məsələ ilə bağlı isə mənim məlumatım yoxdur", - deyə bildirib.

Sakinlərin təhlükəsizliyinin təmini ilə bağlı danışan hərbi-siyasi icmalçı Ramil Məmmədli məsələnin ciddiliyinə diqqəti çəkib:

“Bu ordunun üzərinə düşən məsələ deyil. Ordu döyüşür, savaşır, düşmənə zərbələr endirir, onları zərərsizləşdirir, arxa cəbhədə mülki əhalinin təhlükəsizliyinin təminatı isə tam başqa qurumların işidir, icra strukturlarının, mülki müdafiənin işidir. Bu işlə yerli icra strukturları və mülki müdafiə qoşunları məşğul olmalıdır. Tarixə nəzər salsaq, Sovetlər dönəmində belə sığınacaqlar var idi. Daha çox şəhərlərə xarakterik olsa da bölgələrdə də var idi və hərbi obyekt kimi qeydiyyatda idi. Şəhərlərdə hündürmərtəbəli binaların zirzəmiləri sığınacaq kimi istifadə edilirdi. Ukraynada baş vermiş hərbi əməliyyatlar zamanı da şəhər sakinləri gündüzlər və sakitlik vaxtı evlərində olsalar da, gecələr, təhlükə olan zaman binaların zirzəmilərindəki sığınacaqlara çəkilirdilər. Hətta gecələr orda da yatıb qalırdılar. 30-cu illərin sonu, 40-cı illərin əvvəllərində tikintisi başlanılan Metropliten də məhz sığınacaq üçün tikilmişdi və yarımhərbi strateji obyekt sayılırdı”.

Ekspertin fikrincə, bölgələrdə isə vəziyyət bu gün tam fərqlidir:

“Ərazisi böyükdür və evlər fərdidir. Burada 2-3 sığınacaq tikilsə belə ani şəkildə baş verən atışmalar zamanı yenə də kənd sakinlərinin həmin sığınacaqlara yerləşməsi uzun vaxt alacaq yenə də xəsarətdən o qədər yaxa qurtarmaq çətin olacaq. Doğrusu, burada icra qurumları yaşayış məntəqələrinin sakinlərinin hər birinə, yaxud iki-üç ailəyə bir sığınacağın tikilməsini tələb etməliydi, təklif etməliydi, maarifləndirilməli idi. Belə bəlli olur ki, bu məsələdə çatışmazlıqlar var.

Mən təklif edərdim ki, Ağdam, Tərtər, həmçinin digər istiqamətlərdə cəbhəyanı ərazilərdə klassik sığınacaqlar istifadəyə verilməlidir və bunun tikintisi labüddür. Hər bir ailə üçün bu sığınacaqların tikilməsi ola bilər, maddiyat baxımından baha başa gələ bilər, amma təklif edərdim ki, ən azından hər 2-3 ailə üçün bir dənə sığınacaq tikilsin. Qarabağda istifadə olunan silahlar o qədər də böyükçaplı silahlar deyil. 122, 155 mm-lik “Qrad” və top mərmiləridir ki, onlar da klassik sığınacaqları dağıdacaq gücə malik deyil. Həmin sığınacağın da inşası o qədər də böyük maliyyə vəsaiti tələb eləmir.

Bu təbii ki, yerli icra orqanları, icra hakimiyyətləri tərəfindən tikilməlidir. Mülki müdafiənin ilk birinci görəcəyi iş, icra hakimiyyətinin belə bir vəziyyətdə görəcəyi ilk iş sakinlərin təhlükəsizliyini təmin etməkdir, onları sığınacaqlarla təmin etməlidir. Lap elə götürək Bakı şəhərini. Bakı şəhərində binaların zirzəmiləri ictimai iaşə obyektlərinə çevrilib və özəlləşdirilib. Gecə klubları, massaj salonları, gözəllik salonları, karaokelər...

Misal üçün götürsək Bakını, əgər sabah nəsə olsa, biz gedib hansı obyektə girə bilərik ki, qapını aç, biz sığınmaq istəyirik? Hamısı özəlləşdirilib, hamısı satılıb. Həmin sığınacaqların sığınacaq kimi istifadəyə verilməsi və fəaliyyətinin bərpa edilməsi zəruridir. Onlar özəlləşdirilməməlidir. Bu məsələ az öncə qeyd etdiyim kimi, çox ciddi məsələdir və ictimailəşdirilməlidir. İctimailəşdirilməlidir ki, yerli orqanlar bu məsələni diqqətdə saxlasınlar, sakinlərin təhlükəsizliyini təmin etsinlər”.
Geri dön