Ana Sayfa > Seçki 2024 > Çayrud və Mistan şəhidlərinin xatirəsi doğum günündə yad edildi

Çayrud və Mistan şəhidlərinin xatirəsi doğum günündə yad edildi


15-09-2021, 10:55. Yazar: sevinc1
Çayrud və Mistan şəhidlərinin xatirəsi doğum günündə yad edildi

Sentyabrın 15-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi nin tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fondunun dəstəyilə Vətən müharibəsi şəhidlərinin ailələrinə növbəti ziyarət Lerik rayonunda davam etdirildi. Həyata keçirilən layihə çərçivəsində rayonun Mistan kəndindən olan şəhidimiz Çingiz Babayevin və Çayrud kəndindən olan şəhid Hüseynov Cavadın ailəsi ilə görüş keçirilib, Qurani-Kərim və müxtəlif hədiyyələr təqdim edilib. Şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edilərək ruhlarına dualar oxunub. Eyni zamanda Çayrud kəndindən olan şəhid Həmidli Cavanşirin də müqəddəs məzarı ziyarət edilmişdir. Keçirilən tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Lənkəran bölgəsi üzrə şöbəsinin əməkdaşları Emin Həmidli və Səyyad Babakişiyev, Sosial Xidmətlər Agentliyinin 13 saylı filialının müdiri Ramin Hüccətov, Lənkəran Dövlət Universitetinin nəzdində Sosial və Aqrar-Texnoloji Kollecin ictimaiyyətlə əlaqələr üzrə direktor köməkçisi, tarix üzrə fəlsəfə doktoru Cəmil Quliyev, Lerik rayon İcra hakimiyyəti Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin əməkdaşı İskəndər Tahirli, Mondigah kənd məscidi dini icmasının sədri və məscidin imamı Mədət Abdullayev, Rvarud kənd məscidi dini icmasının sədri İlqar Babayev, Çayrud kənd məscidi dini icmasının sədri Samir Kəlbiyev iştirak etmişlər.
Vətəni sevmək imandandır. Vətənimizin müstəqilliyi, torpaqlarımızın azad olunması naminə ölümü gözə alan gənclərimiz bu müqəddəs amal uğrunda şəhid olursa, bu, xalqımızın böyüklüyüdür. Şəhid verməyən xalqın mənliyi olmaz. Şəhid qanı axmayan torpaqdan Vətən olmaz. Bizim xalqımız Vətəninə, torpağına bağlı qəhrəmanlar yetişdirən xalqdır. Şəhid qanı axmayan torpaqdan Vətən olmaz.

Şəhid Cavanşir Namik oğlu Həmidli 20 oktyabr 1997-ci ildə Lerik rayonunun Çayrud kəndində, ziyalı ailəsində anadan olmuşdur. 2 qardaş və 2 bacı olmaqla ailədə 6 nəfər olublar. Uşaqlıq illəri doğulduğu kənddə keçmişdir. 2015-ci ildə şəhid Elşən Səfərov adına Çayrud kənd tam orta məktəbini bitirdikdən sonra Lənkəran Dövlət Universitetinin "İqtisadiyyat və idarəetmə" fakültəsinə qəbul olmuş 2019-cu ildə “İqtisadiyyat və maliyyə” ixtisası üzrə bitirmişdir. Hərbi xidmətini N saylı hərbi hissədə “Həmlə” Əlahiddə əməliyyat taborunda keçir. Cavanşir gənc olsa da, hərbi xidmətin ailədə necə nigarançılıq yaratdığını əmisi polkovnik-leytenant həkim Əbülfət Həmidovun həyatından yaxşı bilirdi. Döyüşlər zamanı Cavanşir özünün facebook səhifəsində yazır:”Bunu öyünmək üçün etmirəm. Vaxt o vaxt olsun ki, Şuşanı, Xankəndini, Xocalını və başqa torpaqlarımızı azad edək. Hər kəs öz elində, obasında rahat yaşasın”. Döyüşlər zamanı öz həyatını təhlükəyə ataraq bir neçə yaralı əsgər yoldaşını əsgər yoldaşını döyüş zonasından böyük əzmkarlıq və rəşadət göstərərək çıxarmışdır. Əsgər Cavanşir Həmidli 07 oktyabr tarixində Cəbrayıl rayonunun Nüzgar kəndi uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olaaq adını qızıl hərflərlə tarixə yazmışdır. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçusu, Lerik rayonunun Çayrud kəndində anadan olan əsgər Cavanşir Namik oğlu Həmidli ölümündən sonra "Füzulinin azad olunmasına görə" və "Vətən uğrunda" medalları ilə təltif edilmişdir. Allah rəhmət eləsin. Vətən başın sağ olsun!

Şəhid Cavad Cavid oğlu Hüseynov 16 sentyabr 1998-ci ildə Lerik rayonunun Çayrud kəndində doğulmuşdur. Cavad Hüseynov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpası üçün başlanan Vətən müharibəsində savaşıb. Cavad Hüseynov oktyabrın 17-də Suqovuşan ərazisində gedən döyüşlərdə şəhid olub. 18 noyabrda Sumqayıt Şəhidlər xiyabanında dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən Cavad Hüseynov "Vətən uğrunda" medalı ilə təltif edilmişdir. Allah rəhmət eləsin.

Şəhid Çingiz Sulduz oğlu Babayev 21 sentyabr 2001-ci ildə Lerik rayonunun Mistan kəndində anadan olmuşdur. Evin tək övladı olan Çingizin uşalıq illəri doğulduğu kənddə keçib. Anası Sevinc xanım epilepsiya xəstəliyindən əziyyət çəkir, atası Çingiz kişi isə ruhi xəstədir. 2001-ci ildə Mistan kənd natamam orta mətəbin 1-ci sinfinə gedib. 2016-cı ildə həmin məktəbin 8-ci sinfini başa vurduqdan sonra Lerik rayon şəhid İldırım Nuriyev adına Qosmalıan kənd tam orta məktəbində təhsilini davam etdirib. 2018-ci ildə həmin məktəbin 11-ci sinfini başa vurduqdan sonra Bakı Biznes və Kooperasiya Kollecinə qəbul olub. Çingiz hələ Kollecin II kursunda oxuyarkən, 2018-ci il oktyabr ayının 3-də Lerik rayon Hərbi komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılıb və Tərtər rayonunun Cəmilli kəndində yerləşən "N" saylı hərbi hissəyə göndərilib. Çingiz anadangəlmə böyrək xəstəliyindən əziyyət çəktiyi üçün 04 mart 2020-ci ildə Mərkəzi Hərbi Klinik Hospitalına göndərilir. Həmin ayın 7-də əməliyyat olunan Çingiz 10 gün müalicə aldıqdan sonra yenidən xidmətini davam etdirməyə hərbi hissəyə qayıdır. Çingiz 2020-ci il 27 sentyabrdan etibarən başlayan və 44 gün davam edən II Qarabağ müharibəsinin fəal iştirakçısı olur. Ağdərə, Tərtər və Suqovuşan istiqamətində gedən ağır döyüşlərdə böyük şücaət və qəhrəmanlıqlar göstərir. Düşmənə sarsıdıcı zərbələr endirən və xeyli sayda canlı qüvvəsini məhv edən qəhrəman Çingiz 10 oktyabr 2020-ci il tarixində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən şiddətli döyüşlərdə qəhrəmancasına şəhid olur. Şəhidin nəşi doğulduğu Lerik rayonu Mistan kəndinə gətirilir və kənd qəbiristanlığında torpağa tapşırılır. Prezident İlham Əliyevin imzaladığı Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının medallarla təltif edilməsi haqqında Sərəncamına əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak etmiş və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçusu, Lerik rayonunun Mistan kəndində anadan olan əsgər Çingiz Sulduz oğlu Babayev ölümündən sonra "Laçının azad olumasına görə" və "Vətən uğrunda" medalları ilə təltif edilir. Allah rəhmət eləsin. Vətən sağ olsun!

İgid qardaşlarımız bu qəhrəmanlığı, mübarizliyi aprel döyüşləri, 44 günlük Vətən müharibəsi zamanı bütün dünyaya nümayiş etdirdilər. Düşmən təxribatının qarşısını alarkən canından keçən nə qədər mərd oğullar fəda verdik. Həmin gün onlar düşməni bir addım da irəli buraxmamaq üçün son damla qanlarına kimi vuruşdular. Qorxu duymadan, ürəklərində böyük Vətən sevgisi ilə qəhrəmancasına döyüşüb şəhid olan Mubariz İbrahimov, Pəncəli Teymurov, Polad Həşimov və başqaları bir daha sübut etdilər ki, bu xalqın qəhrəmanları yüzlərlə, minlərlədir. Onların ömür yolu gənclərimizə nümunədir. Uşaqdan–qocaya hər bir vətəndaşımız şəhidlərimizi daim böyük ehtiramla anır, onların qəhrəmanlığını örnək bilir. Sizinlə fəxr edirik.


Cəmil Quliyev

LDU nəzdində Sosial və Aqrar-Texnoloji Kollecin

İctimaiyyətlə əlaqələr üzrə direktor köməkçisi, tar.ü.f.d.

aia.az


Geri dön