Ana Sayfa > Manşet / Siyasət / Seçilənlər-4 > Eldar Quliyev: “Azərbaycan bütün Cənubi Qafqazın tarixində yeni səhifə açdı”
Eldar Quliyev: “Azərbaycan bütün Cənubi Qafqazın tarixində yeni səhifə açdı”13-09-2021, 12:23. Yazar: sevinc1 |
Milli Məclisinin deputatı, professor Eldar Quliyevin aia.az-a müsahibəsi Bir il bundan öncə, 2020-ci il sentyabr ayının 27-də Ermənistan silahlı qüvvələri növbəti dəfə bir neçə istiqamətdən müxtəlif növ silahlardan, o cümlədən ağır artileriyadan istifadə edərək Azərbaycanın yaşayış məntəqələrini və hərbi mövqelərimizi atəşə tutdular. Bundan sonra Azərbaycan Ordusu Ali Baş Komandanın əmri ilə erməni təxribatlarına birdəfəlik son qoymaq məqsədilə bütün təmas xətti boyunca hərbi əməliyyatlara başladı. Vətən müharibəsinin başlanma səbəbləri, gedişi və nəticələri, eləcə də son bir ildə və xüsusilə postmüharibə dövründə ölkəmizdə və Cənubi Qafqazda müşahidə olunan proseslər və bir çox digər məsələlər barədə əməkdaşımızın suallarını Milli Məclisinin deputatı, Azərbaycan Ağsaqqallar Şurasının sədri, Azərbaycan Kooperasiya Universitetinin rektoru, iqtisad elmləri doktoru, professor Eldar Quliyev cavablandırır. - Eldar müəllim, Azərbaycan öz torpaqlarının işğaldan azad edilməsinə sülh yolu ilə nail olmaq üçün 30 il gözlədi. Lakin sonda yenə də münaqişənin həlli yalnız hərbi əməliyyatlarla mümkün oldu. Bu baxımdan müharibənin başlanması səbəblərini necə şərh edərsiniz? -İlk növbədə belə bir həqiqəti xüsusi olaraq vurğulamaq lazımdır ki, II Qarabağ savaşının başlanması əslində artıq çoxdan bir tarixi zərurət kimi öz təzahürlərini göstərməkdə idi. Sadəcə olaraq, Azərbaycan, dediyiniz kimi, son anadək münaqişənin sülh yolu ilə həllinə nail olmaq üçün bütün imkanları sınadı. Bu, əlbəttə ki, dövlətimizin və ilk növbədə Azərbaycan Prezidenti cənab İlham Əliyevin humanistliyindən, insansevərliyindən irəli gələn bir hal idi. Hərbi əməliyyatlara başlandıqdan sonra bunun nə ilə nəticələnəcəyini hər kəsdən də yaxşı məhz Prezident İlham Əliyev bilirdi. Dövlət başçısı Azərbaycanın qələbəsinə tamamilə əmin idi. Buna görə də sülh danışıqlarının bütün imkanlarının sonadək tükəldilməsi əslində məhz Ermənistana verilmiş bir şans idi. Onlar bu şansdn yararlanmalı idilər. Onlar torpaqlarımızdan çıxmalı, işğaldan əl çəkməli idilər. Yalnız bu yolla Ermənistan müəyyən qədər də olsa öz simasını qoruyub saxlaya və Azərbaycanın bu gün bütün region ölkələrinə, eləcə də qonşu dövlətlərə təqdim etdiyi iqtisadi inkişaf perspektivlərindən yararlana bilərdi. Ermənistan nəhayət ki, öz iqtisadiyyatını qurmaq, müstəqil bir dövlət kimi formalaşmağa başlamaq imkanı əldə edə bilərdi. Lakin bunun əvəzində onlar utopik ideyalar uğrunda səfalətə və zəlalətə məhkum olunmağı seçdilər və nəticə də göz qabağındadır. Məhz bu günün prizmasından işğalın davam etdiyi dövr ərzində gedən proseslərə nəzər saldıqda aydın görmək olur ki, sülh yolu ilə münaqişənin həlli imkanları qəsdən, süni şəkildə tükədilirdi. Həm də bu proses mərhələli şəkildə həyata keçirilirdi ki, işğalın baş verməsindən mümkün qədər çox müddət keçsin. Ermənistana havadarlıq edən dünya gücləri ümid edirdilər ki, Azərbaycan gec-tez işğal faktı ilə, ərazilərinin itirilməsilə barışacaq və bunun üçün çalışırdılar. Gedən danışıqlar da, təklif olunan variantlar da birmənalı olaraq vaxtı mümkün qədər uzatmaq məqsədi güdürdü. Təbii ki, belə münasibət işğal altında olan Qarabağda yaradılmış separatçı rejimin azğınlaşmasına yol açırdı. Bu rejimin cinayətkat başçıları artıq açıq-aşkar bəyan edirdilər ki, onlar üçün Ermənistanla Azərbaycan arasındakı məlum paketlər və danışıqlar, o cümlədən “Madrid prinsipləri” – münaqişənin tənzimlənməsi məqsədilə ATƏT-in Minsk qrupu tərəfindən Azərbaycan və Ermənistana təklif olunan əsas paket – qətiyyən qəbuledilməzdir. İkinci bir tərəfdən də Ermənistan özü artıq 2019-cu ildən vəziyyəti daha da gərginləşdirmək üçün əlindən gələni edirdi. Məsələn həmin vaxt Ermənistanın müdafiə naziri olmuş David Tonoyan 2019-cu ilin martında ABŞ-a səfəri zamanı erməni diasporası ilə görüşdə çıxış edərək, “hücum imkanlarını genişləndirərək” ifadəsini işlədərək, bəhs etdiyi strategiyanı “yeni ərazilər uğrunda yeni müharibə” adlandırmışdı. Daha sonra Ermənistanın baş naziri Nikol Paşinyan separatçı rejimi danışıqlar masasına oturtmaq niyyətilə sülh danışıqlarının formatını dəyişdirməyə cəhd etmişdi. Nəhayət 2019-cu ilin avqust ayında Qarabağın işğal olunmuş ərazisinə səfəri zamanı Paşinyan, “Qarabağ – Ermənistandır, nöqtə” tipli populist bir cümlə söyləmişdi. Əlbəttə ki, bütün bunlar sülh danışıqları üçün siyasi müstəvini demək olar ki, tamamilə bağlamışdı. - Lakin bütün bunlara rəğmən Azərbaycan 2019-cu ildə yenə də hərbi əməliyyatlara başlamadı. Sizcə bunun səbəbi nə idi? - Sizə Prezident İham Əliyevin öz çıxışlarının birində söylədiyi bir ifadəni xatırlatmaq istəyirəm. Artıq Vətən müharibəsinin gedişində, oktyabr ayının 20-də xalq etdiyi müraciətində dövlət başçısı belə demişdi: “Biz nəyi nə vaxt edəcəyimizi yaxşı bilirik. Ona görə də bu gün bizim uğurlu əməliyyatımız böyük nəticələrə gətirib çıxardı. Nəyi necə, nə vaxt etmək lazımdır, bunu mən bilirəm. Azərbaycan xalqı mənə inanır. Mən də bu inama arxalanaraq bütün lazımi tədbirləri görürəm, ölkəmizi inamla idarə edirəm, bütün sahələrdə, o cümlədən hərbi quruculuq sahəsində.” Əslində bu bir neçə cümlə özü-özlüyündə bütöv bir konsepsiyadır. Həmçinin bu konseptual fikirlərin içində sizin sualınızın da cavabı var. Bəli, 2020-ci ilin iyul ayının 12-də Ermənistanın silahlı qüvvələri artilleriya və iriçaplı silahların köməyilə Tovuz rayonunun Ağdam kəndi istiqamətində Azərbaycan silahli qüvvələrinin Azərbaycan-Ermənistan sərhədindəki mövqelərinə hücuma keçməklə bizə irimiqyaslı hərbi əməliyyatlra başlamaq üçün tam əsas vermişdilər. Sözügedən hücum nəticəsində Azərbaycanın 11 hərbçisi həlak olmuş, bir neçəsi yaralanmış, həmçinin dinc sakinlər həyatlarını itirmiş, mülki obyektlərə, kəndlilərin evlərinə və xəstəxana binasına ciddi zərər yetirilmişdi. Qeyd etmək lazımdır ki, bu hücumun istiqamətini müəyyənləşdirən əsas amillərdən biri sözügedən bölgənin strateji mövqeyi və Azərbaycanın ərazilərdə olan enerji və nəqliyyat infrastrukturunun əhəmiyyətidir. Ermənistan, Azərbaycanın neft infrastrukturunun özünün əsas hərbi hədəflərindən biri olduğunu heç zaman gizlətməyib. Bundan əlavə, Ermənistanın hərbi-siyasi rəhbərliyinin məqsədi bölgədə yeni gərginlik ocağı yaratmaq və münaqişənin coğrafi genişləndirilməsi yolu ilə özünün də iştirakçısı olduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının müdaxiləsinə zəmin yaratmaq idi. Həmçinin nəzərə almaq lazımdır ki, həmin vaxt artıq Azərbaycanın təşəbbüsü ilə Cənub qaz dəhlizinin istifadəyə verilməsi ərəfəsi idi və belə bir vaxtda bölgədə vəziyyəti ağırlaşdırmaq, layihə ilə bağlı beynəlxalq səviyyədə tərəddüdlər yaratmaq və onun reallaşdırılmasına mane olmaq Ermənistan üçün göydəndüşmə bir fürsət olardı. Artıq bu dediklərimiz Azərbaycanın 2019-cu ilin iyul ayında genişmiqyaslı hərbi əməliyyatlara başlamasının bizim üçün əlverişli olmadığını deməyə əsas verir. Halbuki, Prezident İlham Əliyevin dediyi kimi, iyul ayında biz rahatlıqla Ermənistan ərazisinə keçə bilərdik, orada da torpaqları zəbt edə bilərdik. Heç kim bizim qabağımızı ala bilməzdi. Vətən müharibəsi də bunu göstərdi. Lakin dövlət başçısı yenə də siyasi iradə nümayiş etdirərək buna imkan vermədi. Çünki bizim başqa ölkələrin torpağında gözümüz yoxdur. Bununla belə artıq tamamilə aydın idi ki, uzun illər sürən danışıqların heç bir nəticə verməyəcək. Digər tərəfdən də Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərinin qanunsuz məskunlaşdırılması ilə bağlı həyata keçirdiyi siyasət, livan ermənilərinin məqsədyönlü şəkildə həmin rayonlara köçürülməsi və Qarabağla Ermənistan arasında yol infrastrukturunun inşa edilməsi vəziyyəti daha da ağırlaşdırdı və danışıqlar prosesini dayandırdı. Faktiki olaraq rəsmi Bakı üçün danışıqları davam etdirə biləcəyi siyasi müstəvi qalmadı. Qarşı tərəf üçün isə yeganə reallıq Azərbaycan torpaqlarının işğalı nəticəsində 1994-cü ildə yaranmış status-kvo idi. Məhz bu amil bütün bu illər ərzində bütün erməni siyasi rəhbərliyinə bir qalibiyyət əhval-ruhiyəsi aşılamaqda idi. Azərbaycan torpaqlarının bu şərtlər daxilində sülh yolu geri qaytarılması mümkün deyildi. Məhz buna görə də Azərbaycan bütün beynəlxalq-hüquqi və bəşəri qanunlara zidd olan bu reallığı dəyişmək məcburiyyətində idi. Və nəhayət 2020-ci il sentyabr ayının 27-də səhər saatlarında Ermənistan silahlı qüvvələri bir neçə istiqamətdən müxtəlif növ silahlardan, o cümlədən ağır artileriyadan istifadə edərək bizim yaşayış məntəqələrimizi, eyni zamanda, hərbi mövqelərimizi atəşə tutdular. Bu, Azərbycanın səbr kasasını daşdıran son damla oldu. Həmin gün Azərbaycan Ordusu Ali Baş Komandanın əmri ilə erməni təxribatlarına son qoymaq və torpaqlarımızı işğaldan azad etmək üçün bütün təmas xətti boyunca hərbi əməliyyatlara başladı. - Amma naraqlı qüvvələr bizi inandırmağa çalışırdılar ki, münaqişənin hərbi yolla həlli mümkün deyil... - Bu da onların yürütdükləri siyasətin bir qolu idi. Dediyim kimi, işğalın davam etdiyi illər ərzində nə qədər sülh danışıqları aparılsa da, beynəlxalq təşkilatların vasitəçilik fəaliyyətlərində zaman-zaman müəyyən format dəyişiklikləri müşahidə olunsa da torpaqlarımızın işğaldan azad edilməsinin yeganə yolunun hərbi yol olduğu getdikcə özünü daha qabarıq şəkildə büruzə verməkdə idi. Bunu isə hamıdan daha əvvəl və hamıdan daha yaxşı bilən məhz Azərbaycan Prezidenti idi. Buna görə də möhtərəm dövlət başçımız bizim hazırlaşmalı olduğumuzu heç zaman gizlətməyib. Bütün bu illər ərzində Azərbaycan Prezidenti deyirdi ki, sülh yolu ilə məsələ həll olunmasa, biz müharibə yolu ilə bunu həll edəcəyik. Təsəvvür etmək belə çətindir ki, bu kimi bəyanatlar verdiyinə görə cənab Prezidentə qarşı necə güclü təzyiqlər olurdu. Xüsusən də ermənipərəst qüvvələrin çoxluq təşkil etdiyi bir sıra böyük dövlətlərin nümayəndələri dövlətimizin başçısını müharibəni təbliğ etməkdə ittiham edirdilər. Demək olar ki, bu münaqişəyə münasibət bildirən, onu müzakirə edən bütün beynəlxalq qurum və təşkilatlar dünyanı, ilk növbədə isə əlbəttə ki, bizi inandırmağa çalışırdılar ki, Dağlıq Qarabağ münaqişəsinin hərbi həlli yoxdur. Yalnız Azərbaycan Prezidenti cənab İlham Əliyev hər zaman bunun əksini söylədi. Danışıqlar davam edən dövrdə beynəlxalq təşkilatlar Prezident İlham Əliyevə təkidlə və davamlı olaraq təklif edirdilər ki, Ermənistanla hər hansı bir formada bir protokol imzalansın. Bu təklifin mahiyyətində isə münaqişənin hərbi yolla həllini istisna etmək cəhdi dururdu. Təbii ki, dövlət başçımız buna razılıq vermədi və bundan sonra həmin qüvvələr ittiham formasında bəyan etdilər ki, Azərbaycan Prezidenti müharibəyə hazırlaşır. Bu ağır, hətta mən deyərdim ki, son dərəcə riskli məqamda da Prezident İlham Əliyev öz siyasi iradəsini ortaya qoymaqdan çəkinmədi və birmənalı olaraq bəyan etdi: “Bəli, hazırlaşıram, xalq hazırlaşır, dövlət hazırlaşır. Əgər məsələ həll olunmasa, müharibə yolu ilə bunu həll edəcəyik!” - Eldar müəllim, Azərbaycan Vətən müharibəsində həqiqətən də möhtəşəm tarixi Qələbə qazandı. Bu qələbəni təmin edən amillər barədə nə deyə bilərsiniz? - Bunu Azərbaycan Prezidenti cənab İlham Əliyev öz çıxışlarında dəfələrlə vurğulayıb – Azərbaycan bu müharibəyə hazırlaşırdı və hərbi əməliyyatlar başlanan gün bizim hərbi hazırlığımız ən yüksək səviyyədə idi. Bu gün biz birmənalı olaraq deyə bilərik ki, 2003-cü ildən Vətən müharibəsinə başlandığı günə qədər keçən dövr ölkəmiz üçün öz ərazi bütövlüyünü bərpa etməyə bir hazırlıq dövrü olub. Ölkə Prezidenti cənab İlham Əliyev 17 il ərzində daim deyirdi ki, biz iqtisadi sahəyə güclü təkan verməliyik, iqtisadi müstəqilliyimizi təmin etməliyik. Həmin illər ərzində dövlətimizin başçısı səbr və əzmkarlıqla, müdrikcəsinə Qələbəmizi təmin edəcək şəraiti yaratmaq məqsədilə düşünülmüş siyasət yürüdüb, zəruri addımlar atıb. Aydındır ki, istənilən bir müharibənin əsas iştirakçısı ilk növbədə silahlı qüvvələrdir, yəni ordudur. Lakin güclü ordu özü-özünə yaranmır. Güclü orduya sahib olmaq üçün birincisi insan resursları, ikincisi də müasir texnologiyalara əsaslanan silahlar tələb olunur. Silahlanma isə məlumdur ki, çox baha başa gələn bir prosesdir. Deməli, güclü ordu yaratmaq üçün əvvəlcə güclü iqtisadiyyata sahib olmaq lazımdır. Sözsüz ki, bu sahədə bizi Ermənistanla müqayisə etmək ümumiyyətlə absurd bir yanaşma olardı. Ölkə Prezidenti cənab İlham Əliyevin son illər yürütdüyü uğurlu daxili və xarici siyasət və bu zəmində Azərbaycanın əldə etdiyi böyük iqtisadi uğurlar beynəlxalq dairələrin də diqqətini cəlb etməkdədir. Deməli, güclü iqtisadiyyat bizə imkan verdi ki, həm müasir silahlar alaq, həm özümüzün hərbi-sənaye kompleksimizi inkişaf etdirək. Azərbaycan Prezidenti məqsədyönlü fəaliyyəti və ciddi səyləri nəticəsində bunu təmin etdi. Vətən müharibəsində tarixi Qələbəni əldə etmək üçün xüsusilə son illər ərzində həm ölkə daxilində həm də beynəlxalq müstəvidə böyük hazırlıq işləri həyata keçirildi. İlk növbədə əlbəttə ki, beynəlxalq müstəvidə uğur qazanmaq vacib idi. Məsələ bundadır ki, Ermənistan, onun xaricdəki havadarları, erməni lobbisi Qarabağla bağlı, oradakı vəziyyətlə bağlı daim tam təhrif edilmiş mənzərə ortaya qoyurdular. Ona görə beynəlxalq müstəvidə real həqiqətləri dünya ictimaiyyətinə çatdırmaq, mötəbər beynəlxalq təşkilatların qərarlarını qəbul etdirmək Azərbaycan üçün başlıca vəzifə idi və Azərbaycan Prezidenti yürütdüyü düşünülmüş praqmatik xarici siyasət sayəsində buna nail oldu. Son illər ərzində aparıcı beynəlxalq təşkilatlar məhz Azərbaycanın mövqeyini dəstəkləyən qərar və qətnamələr qəbul etdilər. Prezident İlham Əliyevin ciddi səyləri nəticəsində Azərbaycan sübut etdi ki, beynəlxalq hüquq bizim tərəfimizdədir və Dağlıq Qarabağ əzəli Azərbaycan torpağıdır. Aparıcı beynəlxalq təşkilatlar – BMT, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, hətta daim Azərbaycana qarşı ədalətsiz mövqe sərgiləyən Avropa Parlamenti, Avropa Şurası məcbur olub həqiqəti əks etdirən, ölkəmizin maraqlarına cavab verən qərar və qətnamələr qəbul etdilər. Digər tərəfdən isə Azərbaycan Prezidenti cənab İlham Əliyev bütün bu illər ərzində ölkəmizin beynəlxalq mövqelərini möhkəmləndirən ikitərəfli əlaqələrin inkişafını xüsusi diqqət mərkəzində saxladı. Bu gün Azərbaycanla daha yaxın əlaqələr qurmaq istəyən ölkələrin sayı durmadan artır və İkinci Qarabağ müharibəsi bunu bir daha göstərdi. Ermənistan tamamilə təcrid edilmiş vəziyyətə düşdü. Dövlət başçımızın yorulmaz fəaliyyəti nəticəsində bütövlükdə dünyada bu müharibə ilə bağlı artıq tam konkret və həqiqəti əks etdirən təsəvvür formalaşdı. İkitərəfli formatda bir çox ölkələrlə bərabərhüquqlu və qarşılıqlı maraqlar üzərində qurulmuş münasibətlər Azərbaycanın gücünü artırdı. Qardaş ölkələr – Türkiyə başda olmaqla Pakistan və Əfqanıstan, eyni zamanda, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı və digər ölkələr müharibənin ilk saatlarından öz dəstəklərini göstərdilər. Nəhayət Azərbaycanın Vətən müharibəsində qələbəsini təmin edən ən vacib amillərdən biri də bu gün ölkəmizdə mövcud olan xalq-iqtidar birliyi, milli həmrəyliyimiz, xalqın öz Prezidentinə olan sonsuz inamı və bu zəmində müharibənin ilk günlərindən müşahidə etdiyimiz böyük ruh yüksəkliyidir. - Yeri gəlmişkən, ölkədə mövcud olan milli həmrəyliydən danışarkən müharibənin ilk günlərində Azərbaycanda fəaliyyət göstərən 50 siyasi partiyanın Ali Baş Komandan, Prezident İlham Əliyevi dəstəklədikləri və onun yanında olduqları barədə imzaladıqları birgə bəyanatı da qeyd edə bilərik. Sizin fikrinizcə bu sənəd nə kimi bir əhəmiyyət kəsb etmiş oldu? - İlk növbədə birmənalı olaraq qeyd etmək lazımdır ki, bu gün ölkə ictimaiyyəti Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən son bir neçə ildə həyata keçirilən və ölkəmizdə milli və siyasi həmrəylik mühitinin formalaşmasına xidmət edən mütərəqqi təşəbbüslərinin müsbət nəticələrini aşkar şəkildə müşahidə etməkdədir. O cümlədən 2020-ci ildə aparılan siyasi dialoqun məntiqi nəticəsi kimi, həmin ilin iyul ayının 15-də Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz rayonu istiqamətində baş vermiş hərbi təxribatla əlaqədar ölkədə fəaliyyət göstərən siyasi partiyaların 43-ü, sentyabrın 27-də isə Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatı ilə əlaqədar 52 siyasi partiyadan 50-si Ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin ətrafında birləşib və birgə dəstək bəyanatı imzalamaları möhtəşəm siyasi həmrəylik nümayişi idi. Siyasi sabitliyə, etibarlı münasibətlərə və davamlı inkişafa xidmət edən bu addım milli həmrəyliyin, xalq-hakimiyyət birliyinin təcəssümü oldu. Müharibədən əvvəlki dövrə təsadüf edən son bir neçə ay ərzində siyasi dialoqun bərqərar olunması, etibarlı münasibətlərin formalaşması və siyasi partiyaların fəaliyyətinə dövlət tərəfindən göstərilən dəstək məhz bu şəkildə öz nəticələrini göstərdi. 2020-ci ilin oktyabr ayının 3-də keçirilmiş həmin tarixi videokonfransa qatılan bütün siyasi partiyaların rəhbərləri çıxışlarında bildirmişdilər ki, Ermənistanın siyasi hakimiyyəti xalqının diqqətini ölkə daxilindəki sosial-iqtisadi problemlərdən, pandemiyanın yaratdığı sosial çətinliklərdən yayındırmaq məqsədilə cəbhədə təxribat törədib. Bu, bir daha göstərir ki, Ermənistan hökuməti 30 ildir sürən münaqişənin həllində maraqlı deyil və mütəmadi olaraq cəbhə xəttində atəşkəsi pozur. Ermənistan baş nazirinin qəbuledilməz bəyanatları, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll edilməsi müzakirələrində konstruktiv mövqe nümayiş etdirməməsi, “Qarabağ Ermənistandır” kimi sərsəm bəyanatları da siyasi partiya rəhbərləri tərəfindən danışıqların pozulmasını şərtləndirən əsas amillər kimi göstərilmişdi. Azərbaycanda fəaliyyət göstərən siyasi partiyalar Ali Baş Komandan, Prezident İlham Əliyevin Vətənimizin ərazi bütövlüyünün və vətəndaşların təhlükəsizliyinin qorunması, Ermənistanın ölkəmizə qarşı genişmiqyaslı terror təxribatlarının qarşısının alınması məqsədilə həyata keçirdiyi bütün siyasi və hərbi tədbirləri yekdilliklə dəstəklədiklərini və onun yanında olduqlarını bildirmişdilər. Bu, həqiqətən Prezident İlham Əliyevin ölkədə həyata keçirdiyi daxili siyasətin ən böyük uğurlarından biri idi. Ardı var... aia.az Geri dön |