Ana Sayfa > Təhsil > Kollecin tələbəsi videokonfransda çıxış etdi
Kollecin tələbəsi videokonfransda çıxış etdi9-09-2021, 11:19. Yazar: sevinc1 |
8 Sentyabr 2021-ci il tarixində YAP Veteranlar Şurasının təşkilatçılığı ilə “Etnik müxtəliflik və Azərbaycançılıq” mövzusunda videokonfrans keçirilmişdir. Konfransda Azərbaycan Dillər Universitetinin rektoru, filologiya elmləri doktoru, akademik Kamal Abdulla məruzə ilə çıxış etmişdir. “Tarixi prosesdə formalaşan etnik-mədəni müxtəlifliklər (çoxmədəniyyətlilik, multikulturalizm) və onların əsasını təşkil edən etnik-mədəni dəyərlər xalqların və dövlətlərin inkişafında mühüm rol oynayır. Lakin bu müxtəlifliklər dövlət tərəfindən tənzimlənmədikdə və yaxud düzgün tənzimlənmədikdə, ölkədə uyğun multikultural siyasət formalaşmadıqda ciddi problemlər, hətta münaqişələr baş verir. Buna görə də bu müxtəlifliklərin düzgün tənzimlənməsi çoxmədəniyyətli dövlət üçün böyük əhəmiyyət kəsb edir. Azərbaycanda normal multikultural əhvalın olması - müxtəlif konfessiyaların, etnik birliklərin dostluq və mehribançılıq şəraitində yaşaması yenə də tarixin qədim dövrlərindən qidalanır: “İlkin” müxtəliflik Azərbaycan ərazisində özünü göstərən nadir xüsusiyyətlərdəndir və bu hal “sonrakı” müxtəliflikdən indicə qeyd etdiyim kimi kəskin şəkildə fərqlənir. Məhz “ilkin” müxtəliflik bu gün Azərbaycan ərazisində özünü qoruyub saxlamış sistemli münasibət modeli formalaşdırmışdır. Nəticədə isə əsrlərdən bəri şair, yazıçı və alimlərin bədii ədəbiyyatda, elmi traktatlarda özünü göstərən müxtəlifliyə hüsnrəğbəti və loyallığı məhz Azərbaycanda, özü də müstəqillik dövründə yeni bir siyasi ahəng kəsb edə bildi. Elə ona görə də təəccüblü deyil ki, bir sıra Qərb ölkələrində, elə həmin Fransada, İngiltərədə, Almaniyada multikulturalizmin siyasi xətt kimi iflasa uğramasının bəyan edildiyi dövrdə Azərbaycan Respublikasında multikulturalizm dövlət siyasəti kimi ortaya çıxdı. Azərbaycanın müstəqilliyinin ilk dövründə Ulu öndər Heydər Əliyev Azərbaycanın gələcək uğurlu inkişafı üçün son dərəcə dəqiq ideoloji hədəf seçdi. Azərbaycanın çoxmədəniyyətlilik ənənəsini inkişaf etdirib onu keyfiyyətcə yeni müstəviyə keçirdi. Bu müstəvi siyasət müstəvisi idi. Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş multikulturalizm siyasəti müasir dövrdə Prezident İlham Əliyev tərəfindən uğurla inkişaf etdirilir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, multikulturalizm xalqımızın həyat tərzinə çevrilmişdir. Vətəndaş cəmiyyətində həyat tərzinə çevrilməsi onun inkişafının ən yüksək mərhələsidir. Bu mərhələdə bəşəri dəyərlərin, mərhəmət, şəfqət, acıma, dözümlülük, dəyərvermə kimi hisslərin cəmiyyətdə yayılması xüsusi miqyas və məna kəsb edir. Ermənilər işğalçı idilər və Azərbaycan torpaqlarını zəbt etmişdilər. Bizim ordumuz isə mahiyyətinə görə azadlıq ordusu idi, əsgərlərimiz Vətən torpaqlarını azad edirdilər. Hamı gördü ki, bu illər ərzində Azərbaycan başda Prezident, Ali Baş Komandanı olmaqla, həm ordu və müdafiə quruculuğunda, həm diplomatiyada, həm daxili, həm də xarici siyasətdə, ölkədaxili ictimai mühitdə elə bir vəhdətə, birliyə nail ola bildi ki, onu dünya müstəvisində nadir halda müşahidə etmək olar. Bütün bunlar isə Azərbaycan əsgərinin, zabitinin, hamımızın gözlədiyi müzəffər yürü¬şünü şərtləndirən amillər oldu. Bu fikirləri AMEA–nın həqiqi üzvü Kamal Abdulla bildirmişdir. LDU nəzdində Sosial və Aqrar–Texnoloji Kollecin Tələbə Gənclər Təşkilatının sədri, IV kurs tələbəsi Elnarə Miriyeva məruzəçiyə “Müasir dövrdə etnik-mədəni müxtəlifliklərin və onların əsasını təşkil edən etnik-mədəni dəyərlərin qorunması və inkişafı” haqqında diskussiya xarakterli sual ünvanlamışdır. Tədbirdə videokonfransın moderatoru YAP Veteranlar Şurasının sədri Arif Rəhimzadə, YAP-ın Şəki, Zaqatala, Cənub zonası, Bakı, Sumqayıt və Abşeron rayonları üzrə 19–35 yaş qrupları üzrə fəalları iştirak etmişlər. Cəmil Quliyev, YAP SATK ərazi ilk partiya təşkilatının sədr müavini Geri dön |