Ana Sayfa > Seçki 2024 > Boşanmaların sayında şok artım –

Boşanmaların sayında şok artım –


7-09-2021, 13:59. Yazar: sevinc1
Boşanmaların sayında şok artım –


Dövlət Statistika Komitəsinin məlumatında qeyd olunub ki, Azərbaycanda 2021-ci ilin ilk 6 ayı ərzində 23 231 nəfər nikaha daxil olub, 8168 nəfər boşanıb.

Bununla bağlı Axar.az-a fikirlərini bölüşən psixoloq Gülnar Orucova qeyd edib ki, ölkəmizdə boşanmalar heç vaxt bu qədər çox olmayıb:

“Sovet dönəmində qadınlar daha səbirli idi. Ağsaqqallar, ağbirçəklər böyüklük edə bilirdirlər. Hazırda cəmiyyətdə aqressiyanın artması onların da düzgün olmayan qərarlar verməsinə gətirib çıxarır. Elə ailə məsələlərinin şahidi oluruq ki, evin böyükləri məsələni həll etmək yerinə, çıxış yolunu ailəni dağıtmaqda görürlər. Bu yaxınlarda qəbul etdiyim xanım pasientim bildirdi ki, oğlumun gəlinimlə ailə qurmasına razı deyildim. Bildirdi ki, nə olur-olsun, onları ayıracağam. Ağbirçək xanımın bu sözü deməsi qəbuledilməzdir”.

Psixoloq qeyd edib ki, ailə problemlərinin günahını bəzən qadınlarda görənlər də var:

“Qadınların onlara verilən azadlıqdan sui-istifadə etdiklərini düşünürlər. Azadlıqla özbaşınalıq tam fərqli şeylərdir. Bəzi qadınlar bunu səhv salırlar. Əvvəllər bir ailənin təməli tam 3 ildən sonra möhkəmlənirdi. İndi isə 3 ildən tez müddətdə, hətta 6 ay sonra boşanmalar başlayır. Tərəflər səbir edəcək vəziyyətdə deyillər. Çünki psixoloji durumları yerində olmur. Evliliyə hazır olmayanların, xüsusən qızların ailə qurması sonda problem yaradır”.

G.Orucovanın sözlərinə görə, hazırda xəyanət üstündə boşanmalar daha çox olur:

“Əvvəllər qadınlar xəyanətə göz yumurdu. İndi isə buna səbir etmirlər. Bizə müraciət edən pasientlərin çoxu xəyanətə görə boşananlardır. Ayaqlarının üstündə dayana bilən qadın həyat yoldaşından yalnız sevgi və hörmət istəyir. Sevgi, sədaqət və hörmətin olmadığı yerdə ailədən söhbət gedə bilməz. Elə qadınlar var, uşaqlarına görə dözüb gözləyir ki, zamanla düzələr. Lakin çoxunda bu təmkin qalmayıb. Günümüzdə diqqət etsək, hər gün stress faktoru daha da çoxalıb. Stressə davamsız insanların sayı getdikcə artır. Son 2 ildə pandemiya şəraiti də insanlarda gərginlik, əsəb, stress formalaşdırdı. Bu kimi hallar da boşanmaların sayının sürətlə artmasına səbəb oldu”, - psixoloq deyib.

aia.az
Geri dön