Ana Sayfa > Seçki 2024 > Günəş Quliyeva : Şuşa, bir daha gözün aydın!... Zəfər sənə çox yaraşdı

Günəş Quliyeva : Şuşa, bir daha gözün aydın!... Zəfər sənə çox yaraşdı


3-09-2021, 11:56. Yazar: admen
Günəş Quliyeva : Şuşa, bir daha gözün aydın!... Zəfər sənə çox yaraşdı

“Qızılgül açılan günlərdə gülzari- Qarabağa .
Sənin olsun , əzizim, böylə məlumun ki,mən gəldim”...
M.P.Vaqif


Şuşa Azərbaycanın gözü!...Qarabağın incisi !...Türk dünyasının mədəniyyət paytaxtı!... Gözəlliklər diyarı!...Öz əsrarəngiz, füsunkar gözəlliyi ilə Şuşa bizə yaradanın ərməğanıdır. Burda hər daş, hər qaya bir tarixdir, bir salnamədir. Mədəniyyətimizin. tariximizin rəmzidir.

...Şuşa, bir daha gözün aydın!... Zəfər sənə çox yaraşdı. Bu gün o əzəmətli dağlarından Xan əminin səsi gəldi qulağıma. Oxudu, daha gur, daha şaqraq səslə oxudu.Vüqarlı dağlarında bitən otun, gülün, çiçəyin ,bir başqa ətir saçdı. Xarı bülbülün müqəddəs torpağına qovuşdu, üzü güldü, nəğmə dedi el-oba. Güllərin, çiçəklərin zəfər qoxusu saçdı. Şuşa zəfər , qələbə nəğməsi ilə qarşıladı bizi.

Ulu öndərin bir zaman dediyi kimi , “Şuşasız Qarabağ yoxdur, Qarabağsız isə ümumiyyətlə, Azərbaycan yoxdur!”...

Bu sözlər o zaman ulu öndərin Şuşanın Azərbaycan üçün nə qədər böyük tarixi əhəmiyyət daşıdığını, dəyərini çox gözəl ifadə edirdi. Uzaqgörən liderin böyük qətiyyətlə, əminliklə söylədiyi o fikirlər bu gün öz təsdiqini tapdı. Cənab İlham Əliyevin söylədiyi kimi , “Xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik!..Bu böyük qələbədir!. Bu gün şəhidlərimizin , Ulu öndərin ruhu şaddır.Əziz Şuşa,biz qayıtmışıq!”...

Şuşa qəhrəman oğullarına ,bu torpağın əsl sahiblərinə öz qucağını açdı. Cıdır düzü üçün darıxan Qarabağın şahbaz atları yel kimi uçdu, doğma, müqəddəs vətənə. Bəli,bu günlərdə möhtəşəm bir tarix yazıldı. 39 il bundan öncə keçirilən Vaqif Poeziya günlərinin növbəti ancaq bir qədər kövrək, xatirə dolu , eyni zamanda möhtəşəm qələbə sevincli coşğusu yaşandı.Düz 39 il öncə Şuşada ulu öndər H.Əliyevin iştirakı ilə Vaqif məqbərəsinin açılışı olmuşdur.Cənab prezident öz çıxışında o tarixi belə xatırladı;” 1982-ci il iyulun 29 –u atamla bərabər ikinci dəfə Şuşaya gəlmişdim.O zaman H.Əliyevin 59 yaşı vardı.Bu gün mənim 59 yaşım var.Bəziləri hesab edə bilər ki. bu təsadüfdür.Ancaq , mən hesab edirəm ki, burda böyük rəmzi məna var, tarix təkrarlanır.Azərbaycan tarixinin qara səhifəsi artıq arxada qaldı.Biz yenidən nəfəs almağa başlamışıq.”...

1992-ci ildə erməni quldur dəstələrinin törətdiyi vandalizm aktı nəticəsində qədim, tarixi memarlıq abidələri talanıb, məhv edilmiş və bu işğal nəticəsində kompleksin binası, X.Natəvanın , Ü.Hacıbəylinin , Bülbülün ev muzeyi. Vaqifin məqbərəsi və burda sərgilənən onlarla eksponat məhv edilmiş, dağıdılmışdır.

Artıq bu acı tarix geridə qalır.Bu gün 270 illik tarixi olan Şuşa şəhəri öz əvvəlki əzəmətini geri qaytarır. Bu gün Şuşa daha qürurlu, daha yenilməz bir gələcəyə yol açır.Xarı Bülbül festivalının keçirilməsi, Ü.Hacıbəylinin heykəlinin açılışı,Qarabağ hoteli ,Vaqifin büstünün açılışı ,Şuşa şəhərinin yeni yaşayış massivinin ilk məhəlləsinin təməlinin qoyulması, çəkilən yollar,abadlıq, quruculuq işləri Şuşanın gələcək, parlaq sabahından xəbər verir. Çox sevindiricidir ki, Cənab prezident İlham Əliyev başda olmaqla, Mehriban xanımın iştirakı ilə dəyərli ziyalılarımızın , şair və yazıçılarımızın ,görkəmli mədəniyyət xadimlərimizin ürəkdolu ,titrək çıxışlarında Vaqif poeziya günləri 39 ildən sonra yenidən böyük bir sevinc , coşqu hissi ilə yaşanır. Bu böyük tarixi gün münasibətilə bir daha gözün aydın olsun, Vətən!...Bu həm də böyük Qarabağın gözəlliklərini sevə-sevə nəzmə köçürən şairin-M.P Vaqifin ruhuna, Azərbaycan poeziya sənətinə verilən böyük dəyərin , qələbənin ifadəsidir.!...

Prof. Nizami Cəfərovun qeyd etdiyi kimi ,çünki, “Qarabağ bütün təbii gözəllikləri ilə Vaqif poeziyasının , fəlsəfi-estetik təfəkkür mədəniyyətinin Vətəni idi.”...

Xalq şairi Nəbi Xəzri 1954-cü ildə yazdığı “Şuşanın Yolları” şeirində bir zaman heyranlıqla söz açdığı o yollardan ;

Sərin bulaqlarından ellər su içmiş,
Dostunu düşməndən yaxşıca seçmiş,
Burdan Vaqif ötmüş. Vidadi keçmiş...
Onalrın izləri hanı a yollar ?!...

– Vaqif də, Vidadi də igid oğullarımızın mənfur düşmənin ayağını kəsdiyi bu yollardan bu gün daha qürurlu, daha vüqarlı keçir.

... “Qızılgül açılan günlərdə gülzari- Qarabağa .

Sənin olsun ,əzizim,böylə məlumun ki,mən gəldim” ... M.P.Vaqif

-deyən şair, Ruhun şad olsun! . Bir zaman Qarabağda gördüyün, hüsnünə heyran olduğun o qızılgüllər bu gün daha gözəl açdı. Gülzara döndü Qarabağ!.
Və ... Sən də gəldin Qarabağa!...
Bayramın mübarək, Şair!...

Azərbaycan Dövlət Pedaqoji Kollecinin müəllimi
BDU-nun dissertantı
Günəş Quliyeva

Geri dön