Ana Sayfa > Seçki 2024 > Astaranın XTQ şəhidləri Əli və Raminin xatirəsi ehtiramla anıldı

Astaranın XTQ şəhidləri Əli və Raminin xatirəsi ehtiramla anıldı


30-08-2021, 09:54. Yazar: admen
Astaranın XTQ şəhidləri Əli və Raminin xatirəsi ehtiramla anıldı


Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fondunun maliyyə dəstəyi və Lənkəran rayonu Osakücə kənd məscidi dini icmasının təşkilatçılığı ilə Məhərrəm ayı çərçivəsində doğum günü olan Vətən Müharibəsi şəhidlərinin ailələrinin ziyarətinə başlanılıb. Layihə çərçivəsində bu gün Astara rayonu, Maşxan kəndində Şəhid ailələri ilə görüşlər keçirilib və müxtəlif hədiyyələr təqdim edilib. Maşxan kənd qəbirstanlığında I Qarabağ şəhidi Azər Əsədullayev, II Qarabağ şəhidləri Əli Cəfərov, Rauf Cahangirov və Ramin Əliyevin əziz xatirəsi ehtiramla yad edilərək ruhlarına dualar oxunub. Keçirilən görüşlərdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Lənkəran bölgəsi üzrə şöbəsinin əməkdaşları Emin Həmidli və Elnur Ağayev, Astara rayon icra hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Turan Həsənzadə, Lənkəran rayonu Osakücə kənd məscidi dini icmasının sədri Rizvan Dadaşov, ƏƏSMN yanında Sosial Xidmətlər Agentliyinin 13 saylı filial müdiri Ramin Hüccətov, LDU nəzdində Sosial və Aqrar–Texnoloji Kollecin ictimaiyyətlə əlaqələr üzrə direktor köməkçisi tar.ü.f.d. Cəmil Quliyev, Lənkəran şəhər təhsil şöbəsinin aparıcı məsləhətçisi Cəmil Axundzadə və Astara rayonu Maşxan kənd məscidi dini icmasının sədri Orucəli Dadaşov iştirak etmişlər.
Bizim gəlişimiz II Qarabağ müharibəsi şəhidi, Xüsusi Təyinatlı Qüvvələrin müddətdən artıq hərbi qulluqçusu Cəfərov Əli Bəyulla oğlunun doğum gününə təsadüf edirdi. Əli 29 Avqust 1993–cü ildə Astara rayonunun Maşxan kəndində zəhmetkeş ailədə dünyaya göz açmışdır. 2010-cu ildə Maşxan kənd orta məktəbini bitirmişdir. Əli gənc ömrünü hərb sənətinə bağlamışdı. 27 Sentyabrdan başlayaraq Murovdağ, Cəbrayıl, Qubadlı, Fizuli, Xocavənd, Hadrut, Zəngilan və Şuşa uğrunda gedən döyüşlərdə böyük qəhrəmanlıq göstərmişdir.
Şəhidlərimizin bu qələbədə ən çox payı vardır. Şəhidlərimizin əziz xatirəsi böyüməkdə olan nəsil üçün ən parlaq nümunədir. Zaman ötür, fəsillər dəyişir, illər əsrlərə, əsrlər minilliklərə çevrilir, tarixə dönür. Bu illər ərzində bir çox tarixi hadisələr baş verir. Bəzi tarixi hadisələr müəyyən dövrdən sonra yaddan çıxır, unudulur. Lakin elə tarixi hadisələr də var ki, heç vaxt unudulmur. Qərinələr ötsə belə, nəsillər bir-birini əvəz etsə belə öz qanları ilə dastan yazan şəhidlərimiz, torpaq uğrunda canından keçən oğul və qızlarımız heç vaxt unudulmur. Ən ali, müqəddəs və şərəfli olan şəhidlik zirvəsinə yüksələnlər daim qəlblərdə yaşayırlar. Uca Yaradanın, Vətənin, millətin yolunda şüurlu surətdə canlarını fəda edənlər hər zaman hörmətə layiqdirlər. Əlinin məqsədi Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə Azərbaycan xalqının vətən sevgisi, əzmkarlığı, iradəsi, xalq və ordunun həmrəyliyi, Ali Baş Komandanın əmri ilə “Dəmir Yumruq”la ərazilərin düşmən tapdağından azad olunmasında əsas amil olmuşdur. Ölümündən sonra “Vətən uğrunda”, “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilmişdir. Əlinin ev muzeyini ziyarət edəndə 051 saylı XT hərbi hissənin komandiri general–leytenant Hikmət Mirzəyevin Cəfərovlar ailəsinə ünvanladığı minnətdarlıq məktubuda yer almışdı. Vətən sevgisi ilə qəhrəmancasına döyüşüb şəhid olan Mubariz İbrahimov, Pəncəli Teymurov, Polad Həşimov, Aqşin İbadov, Nail Orucov, Rauf Cahangirov və başqaları bir daha sübut etdilər ki, bu xalqın qəhrəmanları yüzlərlə, minlərlədir. Onların ömür yolu gənclərimizə nümunədir. Uşaqdan–böyüyə hər bir vətəndaşımız şəhidlərimizi daim ehtiramla anır, onların qəhrəmanlığını örnək bilir. Cəmi 28 il ömür yaşayan qəhrəmanımız 7 noyabr 2020–ci il tarixində Şuşa istiqamətində gedən şiddətli döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. Şəhidimiz doğulub boya–başa çatdığı Maşxan kənd qəbrstanlığında dəfn olunmuşdur.
Maşxanın 44 günlük Vətən müharibəsi şəhidi Ramində XTQ qəhrəmanlarından biri olmuşdur. Əliyev Ramin Muxtar oğlu 4 fevral 1977-ci ildə Astara rayonu Maşxan kəndində anadan olmuşdur. 1994-cü ildə Maşxan kənd tam orta məktəbini bitirmişdir. Ömrünü hərb peşəsinə bağlayan Ramin 1999-cu ildən başlayaraq 476, 414, 156, 190 saylı hərbi hissələrdə xüsüsi təyinatlı tağım komandirinin müavini vəzifəsində xidmət etməyə başlamış, 2019-cu il may ayından 703 nömrəli hərbi hissənin tank əleyhinə bölüyünün qumbaraatan komandiri vəzifəsində xidmət etmişdir. Hər birimizin qəlbində müqəddəs bir hiss – Vətənə olan məhəbbət hissi yaşayır. Vətən sevgisi insanın qəlbinə hakim kəsilən, özündən asılı olmadan yaranan bir ümmandır. Hər bir kəs bu dünyaya göz açdığı anda ilk olaraq anasını görürsə, ilk qədəmlərini Vətən torpağında atır və torpaq sevgisinin hərarətini də bu zaman duyur. Bu hərarət zaman keçdikcə o qədər artır ki, insan bir an belə Vətənsiz yaşaya bilmir. Bu amal uğrunda gözünü qırpmadan, ölümün gözünə dik baxan oğul və qızlarımızı yad etmək, xatirəsini əziz tutmaq isə hər birimizin ən müqəddəs borcudur. Bu gün şəhidlər bizim həm nisgilimiz, kədərimiz, ürək ağrımız, həm də qürur yerimiz, fəxrimizdir. Gənc nəsilə qürur yerimiz olan şəhidlərimizi tanıtmaq, onları vətənpərvər ruhda böyütmək, torpağına bağlı, millətinə hörmət hissi ilə tərbiyə etmək isə hər bir vətəndaşın ən ümdə vəzifəsidir.
Azərbaycan Ordusunun çavuşu olan Ramin Əliyev 2020-ci il sentyabrın 28-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan 44 günlük Vətən müharibəsi zamanı Murovdağ istiqamətində gedən şiddətli döyüşlər zamanı ağır yaralanaraq qəhrəmancasına şəhid olmuşdur. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin müfaviq Sərəncamları ilə Ramin Əliyev ölümündən sonra "Vətən uğrunda" və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilmişdir. Xatırladım ki, Astara rayonu Maşxan kəndi I Qarabağ döyüşləri zamanı 6, II Qarabağ döyüşləri zamanı 3 şəhid vermişdir. Şəhidlərin qəbri Maşxan kənd qəbirstanlığındadır.
Allah bütün şəhidlərimizi rəhmət eləsin.
Cəmil Quliyev
LDU nəzdində Sosial və Aqrar–Texnoloji
Kollecin direktor köməkçisi, tar.ü.f.d.


Geri dön