Ana Sayfa > Gündəm > Rəhman Məmmədov: “Mədəniyyətimizə göstərilən qayğı və sevgi Mehriban xanım Əliyevanın fəaliyyətini səciyyələndirən əsas xüsusiyyətlərdəndir”

Rəhman Məmmədov: “Mədəniyyətimizə göstərilən qayğı və sevgi Mehriban xanım Əliyevanın fəaliyyətini səciyyələndirən əsas xüsusiyyətlərdəndir”


25-08-2021, 16:30. Yazar: sevinc1
Rəhman Məmmədov: “Mədəniyyətimizə göstərilən qayğı və sevgi Mehriban xanım Əliyevanın fəaliyyətini səciyyələndirən əsas xüsusiyyətlərdəndir”

Azərbaycanın birinci xanımı, ölkənin Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun və Azərbaycan Mədəniyyət Fondunun prezidenti, Yeni Azərbaycan Partiyası sədrinin birinci müavini, UNESCO və ISESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondunun mədəniyyətlə, incəsənətlə bağlı layihələri Azərbaycanın mənəvi, tarixi, mədəni irsinin qorunması işinə əvəzolunmaz töhfələr verməkdədir.

Mehriban xanım Əliyeva zəngin və qədim tarixə malik Azərbaycan mədəniyyətinə hər zaman qayğı və sevgi ilə yanaşıb. Bu gün hər bir mədəniyyət xadimi, bu sahədə çalışan bütün insanlar, ümumiyyətlə Azərbaycan mədəniyyəti ilə maraqlanan hər kəs Birinci vitse-prezidenti mədəniyyətimizin hamisi kimi tanıyırlar. Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Azərbaycan Mədəniyyətinin Dostları Fondunun yaradılması mədəniyyətimizin tərəqqisinə yeni təkan verdi. Təşkilatın əsas məqsədi milli incəsənətimizin inkişafı, təbliği, xarici ölkələrdə daha geniş tanınması, Azərbaycan xalqının dünya mədəniyyətinə inteqrasiyası, yeni beynəlxalq əlaqələrin formalaşması məsələlərinin həyata keçirilməsindən ibarətdir.

Mehriban xanım Əliyevanın UNESCO-nun Xoşməramlı səfiri və ölkəmizin Birinci vitse-prezidenti kimi 2019-cu ildə UNESCO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının Azərbaycanda keçirilməsinə təşəbbüs göstərməsi və buna nail olması tarixi hadisədir. Xoşməramlı səfir kimi Mehriban xanım Əliyevanın təşəbbüsləri əsasında Mirzə Kazımbəyin 200 illik, akademik Yusif Məmmədəliyevin, xalçaçı-rəssam Lətif Kərimovun, akademik Musa Əliyevin, yazıçı Mir Cəlal Paşayevin, rəssam Səttar Bəhlulzadənin və dramaturq İlyas Əfəndiyevin 100 illik, Məhsəti Gəncəvinin yaradıcılığının 900 illik, həmçinin Üzeyir Hacıbəylinin “Arşın mal alan” musiqili komediyasının 100 illik, “Leyli və Məcnun” operasının ilk tamaşasının 100 illik, “Kitabi-Dədə Qorqud” eposunun alman dilinə tərcüməsinin və nəşrinin 200 illik yubileyləri UNESCO səviyyəsində qeyd edilmişdir. Bütün bunlarla yanaşı, Azərbaycan muğamı, xalçası, aşıq musiqisi, tar ifası, Novruz bayramı, kəlağayı sənəti, Lahıc misgərlik sənəti UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ siyahısına, Çövkən-Qarabağ atüstü oyun ənənəsi isə qurumun təcili qorunmağa ehtiyacı olan Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilmişdir. Eyni zamanda Qız Qalası, İçərişəhər, Şirvanşahlar sarayı və Qobustan Dövlət Tarix və Bədii Qoruğu da UNESCO-nun Ümumdünya İrs Siyahısına salınmışdır.

Bizim milli sərvətimiz olan muğam sənətinin yenidən inkişafı və beynəlxalq arenaya çıxarılması məhz Mehriban xanım Əliyevanın təşəbbüsü nəticəsində mümkün olmuşdur. Mehriban xanım Əliyeva Azərbaycanın maddi və qeyri-maddi irsinin, Qarabağ mədəniyyətinin, Azərbaycan xalqının yaratmış olduğu ənənə və dəyərlərin dünyada tanıdılması üçün müxtəlif təqdimatlar, sərgilər, tədbirlər keçirmişdir. Azərbaycan xalqının yaratmış olduğu mədəni abidələr dünya irs siyahılarına daxil edilərək qorunma altına alınmışdır. Fransada, İtaliyada, Rusiyada və başqa ölkələrdə keçirilən çoxsaylı tədbirlər nəticəsində dünya ictimaiyyəti ölkəmizi daha yaxından tanımağa, öyrənməyə, görməyə başlamışdır. Məhz bunun nəticəsində hazırda bütün Azərbaycanı müasir və dinamik inkişaf edən ölkə, eyni zamanda, Azərbaycan xalqını öz tarixi köklərinə bağlı olan multikultural və tolerant xalq kimi tanımağa başlamışdır.

Mehriban xanım Əliyevanın çoxşaxəli fəaliyyətinin mühüm istiqamətlərindən biri də “Tarixi mədəniyyət abidələrimizin bərpası və mədəniyyət obyektlərinin inşasıdır. Azərbaycan ərazisində zəngin tarixi keçmişimizi əks etdirən maddi-mədəniyyət abidələri günümüzə qədər gəlib çatmışdır. Onların öyrənilməsi nəticəsində Azərbaycanın yüksək mədəni irsə malik qədim mərkəzlərdən biri olması sübuta yetirilmişdir. Ölkə və dünya əhəmiyyətli tarixi abidələrin bərpası, mədəniyyətin geniş təbliği, sağlam mənəvi dəyərlərin qorunması, yeni mədəniyyət ocaqlarının yaradılması istiqamətində aparılan işlər ötən illər ərzində Heydər Əliyev Fondunun və Fondun prezidenti Mehriban xanım Əliyevanın reallaşdırdığı layihələrin vacib hissəsidir.

Rəhman Məmmədov,
Azərbaycan Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Şəki rayon Komitəsinin sədri

Geri dön