Ana Sayfa > Gündəm > Ramiz Pirverdiyev: “Heydər Əliyev Fondunun gerçəkləşdirdiyi layihələr ölkənin səhiyyə sisteminin inkişafı baxımından böyük əhəmiyyət kəsb edir”

Ramiz Pirverdiyev: “Heydər Əliyev Fondunun gerçəkləşdirdiyi layihələr ölkənin səhiyyə sisteminin inkişafı baxımından böyük əhəmiyyət kəsb edir”


25-08-2021, 14:00. Yazar: sevinc1
Ramiz Pirverdiyev: “Heydər Əliyev Fondunun gerçəkləşdirdiyi layihələr ölkənin səhiyyə sisteminin inkişafı baxımından böyük əhəmiyyət kəsb edir”

Bu gün Azərbaycan səhiyyəsi ölkəmizdsə sürətlə inkişaf edən sahələrdən biridir. Xüsusilə son illər Ölkə Prezidenti cənab İlham Əliyevin bu sahəyə ayırdığı böyük diqqət və qayğının nəticəsində Azərbaycan səhiyyəsinin idarə olunması, tibb müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi, yeni tibbi texnologiyaların tətbiqi, köklü kadr islahatları və aparılan digər tədbirlər səhiyyəmizi dünyanın qabaqcıl ölkələrinin səviyyəsinə çıxarmağa imkan yaradıb. Tibb müəssisələrinin təmir və bərpası, vətəndaşların pulsuz dərman vasitələri və preparatlarla təmin olunması, onların müalicəsi, regionlarda diaqnostika mərkəzlərinin tikilərək istifadəyə verilməsi, xüsusilə uşaqların bütün tibbi xidmətlərlə ən yüksək səviyyədə əhatə olunması səhiyyə sahəsində aparılan islahatların əsas istiqamətlərini təşkil edir. Əlbəttə ki, Azərbaycan səhiyyəsinin inkişafından danışarkən ölkənin birinci xanımı, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun bu istiqamətdə misilsiz fəaliyyəti, həyata keçirilən möhtəşəm layihələr xüsusi qeyd olunmalıdır.

İlk növbədə qeyd olunmalıdır ki, Heydər Əliyev Fondu indiyədək ölkənin ictimai-mədəni-sosial həyatında bir çox önəmli olan layihələri həyata keçirməklə, ictimai həyatımızda rəğbətlə qarşılanan və böyük əks-səda doğuran hadisələrə imza atıb. Fondun səhiyyə, təhsil, mədəniyyət və bir çox sosial-humanitar sahələrdə fəaliyyəti, birmənalı olaraq, Azərbaycanın inkişafına, insanların rifah halının yüksəlməsinə birbaşa olaraq təsirini göstərməkdədir.

Tibb müəssisələrinin yeniləşdirilməsi, müasir tələblərə cavab verən yeni avadanlıqlarla təchizat, əqli-fiziki cəhətdən qüsurlu olan şəxslərə maddi-mənəvi dəstək verilməsi və digər bu kimi humanist əsaslı istiqamətlərdə davamlı olaraq aparılan işlər Fondun fəaliyyət strukturunun əsasında duran bir vəzifə kimi müəyyən edilmişdir. Heydər Əliyev Fondunun Prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın gerçəkləşdirdiyi layihələr ölkənin səhiyyə sisteminin inkişafı baxımından böyük əhəmiyyət kəsb edir. Heydər Əliyev Fondunda bir-birinin ardınca keçirilən tədbirlər, görüşlər, simpozium və konfransların hər biri əhalinin sağlam həyatının təminatı məqsədilə reallaşır.

Dünyanın bir çox ölkələri ilə əməkdaşlıq edən Fondun iştirakı ilə ölkəmizə gətirilən tibbi avadanlıqlar müasir üsulla müalicə metodların tətbiqinə yol açıb. Digər tərəfdən isə müasir avadanlıqlarla təchizatla yanaşı, yeni tibb müəssisələrinin istifadəyə verilməsi də Fondun qısa bir zamanda gerçəkləşdirdiyi layihələr sırasındadır. Azərbaycanın bir sıra rayonlarında, paytaxtımızda, eyni zamanda, Bakının ətraf kəndlərində yeni tibb ocaqlarının istifadəyə verilməsi, səhiyyənin müasir standartlara cavab verən bir şəkildə inkişafında uğurlu addımlardır. Həmçinin bu gün Azərbaycanın müxtəlif yerlərində ən müasir tələblərə cavab verən xəstəxanalar, tibb müəssisələri tikilir. Yeni xəstəxanaların, poliklinikaların tikintisi, köhnələrin bərpası və ən yüksək səviyyəyə çatdırılması sürətlə və davamlı olaraq həyata keçirilir.

Heydər Əliyev Fondunun həyata keçirdiyi “Diabetli uşaqlara ən yüksək qayğı” və “Talassemiyasız həyat naminə” proqramları çərçivəsində görülən işlər, həyata keçirilən tədbirlər də xüsusilə önəmlidir. Qurum beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq yaradır, ölkəmizdə əhalinin sağlamlığı naminə onların imkanlarından da istifadə edir. “Diabetli uşaqlara ən yüksək qayğı” bu xeyirxah layihənin icrasına başlanandan sonra ictimaiyyətin, müvafiq dövlət qurumlarının, milli və xarici şirkətlərin, Beynəlxalq Diabet Federasiyasının Azərbaycanın diabetli uşaqlarının problemlərinin həllinə diqqəti xeyli artmışdır. Azərbaycan “Diabet haqqında” qanun qəbul edən ilk MDB ölkələrindən biridir. Bu qanun MDB Parlamentlərarası Assambleyasının Sankt-Peterburqda keçirilən iclasında analoji sənəd qəbul edilərkən model qanun layihəsi kimi götürülmüşdür.

Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva “Uşaqlara yaxşılıq nə qədər çox olsa, yenə azdır” – devizini rəhbər tutaraq, çox sadə bir mərama söykənib: Azərbaycan uşaqlarını bəxtəvər görmək. Bu baxımdan Bakıda Talassemiya Diaqnostika Mərkəzinin, tələbatı ödəyəcək qədər ehtiyata malik Qan Bankının yaradılması da Azərbaycanın Birinci xanımının xeyirxahlıq, vətənpərvərlik, nəciblik hisslərini birləşdirən humanist duyğuların daha bir təzahürüdür.

Ölkənin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın və onun rəhbərlik etdiyi Heydər Əliyev Fondunun xeyirxah təşəbbüsləri və Azərbaycan səhiyyəsinin inkişafı yönümündə fəaliyyəti bütün ictimaiyyət tərəfindən yüksək qiymətləndirilir, xalqımız tərəfindən rəğbət və minnətdarlıqla qarşılanır.

Ramiz Pirverdiyev,
Akademik Z.Əliyeva adına Gədəbəy MRX-nın Baş həkimi,
YAP Gədəbəy rayon təşkilatı İdarə Heyətinin üzvü.

AİA.Az

Geri dön