Ana Sayfa > Təhsil > Mehriban xanım Əliyevanın fəaliyyəti xeyirxahlıq, mərhəmət və insanpərvərlik nümunəsidir

Mehriban xanım Əliyevanın fəaliyyəti xeyirxahlıq, mərhəmət və insanpərvərlik nümunəsidir


25-08-2021, 15:37. Yazar: sevinc1
Mehriban xanım Əliyevanın fəaliyyəti xeyirxahlıq, mərhəmət və insanpərvərlik nümunəsidir

Azərbaycan qadını tarixən müdriklik, müqəddəslik simvolu olub, iti zəkası, dərin düşüncəsi ilə dövlətçilik işində də, mədəni inkişafımızda da müstəsna xidmətlər göstərib.
Azərbaycan xalqının ən qədim tarixi abidələrindən olan “Kitabi-Dədə Qorqud” dastanında cəmiyyətdə qadının nüfuzu, qadının sözü, qadın sözünün kəsəri xüsusi yer tutur. Dədə Qorqudda qadın evin qoruyucusu, nəslin yaradıcısı, tərbiyəedicisi, eyni zamanda Vətənin əsgəri, sərkərdənin ən yüksək dayağı kimi qeyd olunur.


Hər birimiz Qələbə sevincini yaşayırıq. Uzun həsrətdən sonra işğal altında olan torpaqlarımızın azadlığını görmək, Azadlıq meydanında Zəfər paradını izləmək xalqımız üçün çox sevindirici və qürurverici hisdir. Müzəffər Ordumuzun 44 günlük müharibədə gücünü və qəhrəmanlığını görmək hamımıza nəsib oldu. Bunları bizə bəxş edən, qatı düşmənə qarşı amansız döyüşlərdə qəhrəmanlıq göstərən Ordumuz və adını tariximizin səhifələrinə qızıl hərflərlə yazan Ali Baş Komandan İlham Əliyevdir.

Azərbaycan Ali Baş Komandanı İlham Əliyevin ən yaxın silahdaşı, dayağı olan Mehriban Əliyevanın bu çətin günlərdə ölkə Prezidenti ilə çiyin-çiyinə durması, işğaldan azad olunmuş torpaqlarımızdan dünyaya mesajlar verməsi, qazilərimizə göstərdiyi ana şəfqəti hamını ruhlandırdı. Həmçinin, Mehriban Əliyevanın Azərbaycanı dünyada mədəniyyət carçısı, sivilizasiyalararası dialoq, multikulturalizm və tolerantlıq məkanı kimi təqdim etməsi Prezident İlham Əliyevin müzəffər lider portretini uğurla tamamladı.

Mehriban Əliyeva özünün peşəkarlığı, zəngin təcrübəsi, böyük humanizmi və hadisələrə genişmiqyaslı baxışı ilə Azərbaycan tarixində qadın hərəkatının yeni bir səhifəsini açmış, idarəetmədə qadınların rolunun artmasına səbəb olmuşdur. O, ölkəmizdəki qadın hərəkatı tarixində ilk şəxsiyyətdir ki, maarifçilikdən səhiyyəyə, idmandan mədəniyyətimizin təbliğinə, xeyriyyəçilikdən ətraf mühitin qorunmasına qədər geniş bir fəaliyyət məkanını əhatə edir.

Mehriban xanım rəhbərlik etdiyi Heydər Əliyev Fondunun təşəbbüsü ilə təhsillə bağlı bir çox önəmli layihə və proqramlar həyata keçirmişdir. Onların arasında “Yeniləşən Azərbaycana yeni məktəb” proqramı xüsusi yer tutur. Məhz bu proqramın başlanması nəticəsində ölkəmizdə üç mindən çox məktəb əsaslı təmir olunub və ya yenidən tikilmişdir. Azərbaycanda təhsilin inkişafına böyük həssaslıqla yanaşan Mehriban xanımın təşəbbüsü ilə Fond bütün ölkə ərazisində “Yeniləşən Azərbaycana yeni məktəb” proqramı ilə yanaşı, “İnternat məktəblərinin inkişaf proqramı”, “Təhsilə dəstək” kimi proqramların icrasını da həyata keçirərək dövlət təhsil siyasətinin reallaşmasında müstəsna əhəmiyyətə malik işlər görmüşdür. Bu layihələr həyata keçiriləndən sonra hətta respublikamızın ən ucqar regionlarında da hər cür ləvazimatla təchiz olunmuş, müasir tələblərə cavab verən məktəblər tikilib istifadəyə verilmişdir. İnanıram ki, bu proses davam edəcək və yararsız vəziyyətdə olan digər məktəblər də təmir olunaraq gələcəyimizin memarları olacaq şagirdlərə təhvil veriləcəkdir.

Qadının gücü, güc mənbəyi ilk baxışdan çox sadə görünən xeyirxahlıq, sevgi və mərhəmət kimi əbədi duyğulardır. Bu duyğuları özündə təcəssüm etdirən Mehriban Əliyeva qayğıya ehtiyacı olanlara ana nəvazişi ilə yanaşmışdır. Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzinin, Şağan və Saray qəsəbələrində əlil uşaqlar üçün internat evlərinin, Bilgəhdəki Pensiya yaşına çatmış şəxslər üçün sosial xidmət müəssisəsinin yüksək səviyyədə yenidən qurulması, internat məktəblərində yaşayan uşaqların sonrakı həyatının təhlükəsiz və sağlam təminatı üçün yaşayış binalarının tikilib istifadəyə verilməsi, ölkəmizdə irsi qan xəstəliyindən əziyyət çəkən şəxslərin sağlamlığının qorunması və müalicəsi üçün Bakı şəhərində Talassemiya Mərkəzinin yaradılması və sair çoxşaxəli fəaliyyət də ölkəmizdə məhz Mehriban Əliyevanın rəhbərliyi altında həyata keçirilmişdir. Qeyd edilən müəssisələrin və mərkəzlərin açılışında iştirak edən Mehriban xanım onu əhatə edən körpələrə, uşaqlara, qayğıya ehtiyacı olan şəxslərə hər zaman xüsusi diqqət göstərmişdir.

Dünyanın müxtəlif ölkələrində Azərbaycan Mədəniyyəti Günlərinin keçirilməsi, eləcə də xarici ölkələrlə diplomatik münasibətlərin qurulması ilə bağlı tədbirlər, onun təşəbbüsü ilə Parisdə Azərbaycan Mədəniyyət Mərkəzinin açılışı, Avropa Parlamentinin və UNESCO-nun mənzil-qərargahlarında, BMT-nin Cenevrədəki mənzil-qərargahında silsilə tədbirlərin keçirilməsi bir məqsəd güdür: ölkənin mövqeyinin möhkəmləndirilməsi və beynəlxalq arenada onun imicinin yaxşılaşdırılması.

Mehriban Əliyevanın təşəbbüsü ilə ölkəmizdə böyük ekoloji layihələr icra edilməkdədir. 2007-ci il Novruz bayramı ərəfəsində onun təşəbbüsü ilə başlanan “Hərəyə bir ağac əkək” kampaniyası bu gün də davam etdirilir. Kampaniya başlayandan sonra respublikanın bütün şəhər, rayon və qəsəbələrində vətəndaşlar, ayrı-ayrı idarə və müəssisələrin kollektivləri bu çağırışa səs verərək yaşıllaşdırma kampaniyasına qoşuldular. Ətraf mühitin sağlamlaşdırılmasına, ekoloji problemlərin həllinə töhfə olan bu layihə çərçivəsində respublikanın bütün guşələrində yüz minlərlə ağac əkilmiş, yeni parklar və bağlar salınmışdır. 2020-ci ildə - Nəsimi ilində M. Əliyevanın ideyası və təşəbbüsü ilə böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə bir gündə 650 min ağac əkilmişdir. Ölkəmizdə mütəmadi olaraq ağacəkmə aksiyaları, Xəzər dənizinin ekoloji mühafizəsi tədbirləri, şəhərlərimizin yaşıllaşdırılması layihələri keçirilir.

Mehriban Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondunun mədəniyyətlə, incəsənətlə bağlı layihələri Azərbaycanın mənəvi, tarixi, mədəni irsinin qorunması işində əvəzolunmaz rol oynamışdır. Bizim milli sərvətimiz olan muğam sənəti yenidən inkişaf etmiş, beynəlxalq arenaya çıxarılmışdır. O, Azərbaycanın maddi və qeyri-maddi irsinin, Qarabağ mədəniyyətinin, Azərbaycan xalqının yaratmış olduğu ənənə və dəyərlərin dünyada tanıdılması üçün müxtəlif təqdimatlar, sərgilər, tədbirlər keçirmişdir.

M. Əliyevanın UNESCO-nun Xoşməramlı səfiri və ölkəmizin Birinci vitse-prezidenti kimi 2019-cu ildə UNESCO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının Azərbaycanda keçirilməsinə təşəbbüs göstərməsi və buna nail olması tarixi hadisədir.

Xoşməramlı səfir kimi Mehriban Əliyeva bir çox təşəbbüslər həyata keçirmişdir. Mirzə Kazımbəyin 200 illik, akademik Yusif Məmmədəliyevin, xalçaçı-rəssam Lətif Kərimovun, rəssam Səttar Bəhlulzadənin və dramaturq İlyas Əfəndiyevin 100 illik, Məhsəti Gəncəvinin yaradıcılığının 900 illik, həmçinin Üzeyir Hacıbəylinin “Arşın mal alan” musiqili komediyasının 100 illik, “Leyli və Məcnun” operasının ilk tamaşasının 100 illik, “Kitabi-Dədə Qorqud” eposunun alman dilinə tərcüməsinin və nəşrinin 200 illik yubileyləri UNESCO səviyyəsində qeyd edilmişdir.

Bu gün dünyamızda çətin dönəm yaşanır. Koronavirus pandemiyası hələ də bəşəriyyəti təhdid edir. Pandemiya ilə mübarizə dövründə Mehriban Əliyeva da öz missiyasına, amalına sadiqliyini bir daha nümayiş etdirdi. Ölkənin birinci xanımı xalqa müraciət edərək hər kəsi "gözəgörünməz düşmən”lə mübarizədə birlik, həmrəylik nümayiş etdirməyə çağırdı. Mehriban Əliyevanın göstərişi ilə Heydər Əliyev Fondu ölkədə elan edilən karantin müddətində "Biz birlikdə güclüyük” şüarı ilə xeyriyyə aksiyaları keçirdi. Bu aksiyalar çərçivəsində 200 mindən çox ailəyə ərzaq məhsulları, tibbi ləvazimatlar verilmişdir. Bakı və regionlardakı körpələr və uşaq evləri, internat məktəbləri, bütün sosial xidmət müəssisələri koronavirusla mübarizə tədbirləri çərçivəsində dezinfeksiyaedici vasitələrlə, maskalar, digər qoruyucu vasitələr və zəruri ehtiyaclarla mütəmadi təmin edilmişdir.

Mehriban Əliyevanın ölkə daxilində həyata keçirdiyi humanitar missiyası dövlətimiz tərəfindən yüksək dəyərləndirilmiş və Mehriban xanım Azərbaycanın ən ali dövlət mükafatlarına – “Heydər Əliyev” ordeninə və Heydər Əliyev Mükafatına layiq görülmüşdür. Amma düşünürəm ki, Mehriban xanım üçün ən böyük təltif xalqın sevgisini qazanmasıdır.

Mehriban Əliyeva milli-mənəvi dəyərlərin qorunub saxlanması və dünyaya təqdim edilməsinə öz töhfəsini verir, istedadlı gəncləri – idmançıları, rəssamları, musiqiçiləri dəstəkləyir. O, minlərlə insana sağlamlığını və ümidini qaytarıb. Bunların hamısı bir məqsədlə - öz xalqının və Vətəninin rifahına xidmət etmək məqsədi ilə həyata keçirilir. Onun fəaliyyəti insanları xeyirxah işlərə ruhlandırır, cəmiyyətdə mərhəmət və şəfqət kimi daimi dəyərlərin möhkəmlənməsinə xidmət edir.

Sonda qeyd etmək istərdim ki, Azərbaycan Şərqdə qadınlara seçki hüququ verilən ilk ölkədir. İndi isə, demək olar, yüz il sonra bizim birinci xanımımızın simasında Odlar Ölkəsi dünyaya yeni obraz təqdim edir.

Mehriban xanımın öz xalqının maraqlarının müdafiəsinə yönəldilmiş hərtərəfli fəaliyyəti Azərbaycan qadınının cəmiyyətin həyatında rolu barədə aydın təsəvvür yaradır. O, humanizm və qayğı kimi keyfiyyətləri təcəssüm etdirən rəmzə çevrilməklə hamı üçün ümid mücəssəməsi, gözəllik, xeyirxahlıq və mərhəmət nümunəsi oldu.

Gülgün Rzayeva,
İmişli rayonu Hacalmuradlı kənd tam orta məktəbinin
Azərbaycan dili və ədəbiyyat müəllimi

AİA.Az

Geri dön