Ana Sayfa > Siyasət > Natiq Misirov: “Heydər Əliyev Fondunun fəaliyyəti Azərbaycanda məktəb tikintisi sahəsinə böyük töhfələr verir”
Natiq Misirov: “Heydər Əliyev Fondunun fəaliyyəti Azərbaycanda məktəb tikintisi sahəsinə böyük töhfələr verir”25-08-2021, 11:30. Yazar: sevinc1 |
![]() Bu gün Azərbaycanın ən ucqar kəndlərində belə şagirdlər yeni, müasir tipli məktəblərdə təhsil alırlar. Bu hal ilk növbədə onun göstəricisidir ki, Azərbaycan dövləti və şəxsən Ölkə Prezidenti cənab İlham Əliyev respublikada təhsilin inkişafına, onun maddi-texniki bazasının möhkəmlənməsinə və yenilənməsinə böyük qayğı göstərir. Qeyd etmək lazımdır ki, ölkənin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun Azərbaycanda məktəb tikintisi sahəsində göstərdiyi fəaliyyət təhsilimizin inkişafına böyük töhfələr verir. Fondun təşəbbüsü ilə Bakıda və regionlarda yeni məktəblər, uşaq bağçaları, uşaq evləri, internat məktəbi binaları tikilib istifadəyə verilib, əsaslı təmir və bərpa olunub, müasir avadanlıqla təchiz edilib. Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva yeni istifadəyə verilən məktəb və uşaq bağçalarının açılış mərasimlərində iştirak edir, kollektivlərlə görüşür, onlara milli təhsilimizin inkişafında uğurlar arzulayır. Vurğulamaq lazımdır ki, Ölkə Prezidentinin sərəncamı ilə təsdiq edilmiş dövlət proqramları məktəb tikintisinin genişlənməsinə əhəmiyyətli stimul vermişdir. Məktəb tikintisinə regionların sosial-iqtisadi inkişafı, yoxsulluğun azaldılması, məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması, Bakı və ətraf qəsəbələrin sosial-iqtisadi inkişafı ilə bağlı qəbul olunmuş dövlət proqramlarında da məktəb tikintisinə xüsusi önəm verilib. Yeni təhsil müəssisələrinin tikintisi, mövcud məktəblər üçün əlavə korpusların inşası, əsaslı təmiri, müasir avadanlıqla, laboratoriyalarla təminatı nəticəsində iki və üçnövbəli məktəblərin sayı xeyli azalıb. Müstəqillikdən sonra aparılan islahatlar nəticəsində Azərbaycanın elə regionu yoxdur ki, orada yeni məktəb binaları tikilməsin, yaxud mövcud məktəblər təmir edilməsin. Bir məqamı da xüsusi qeyd etmək lazımdır ki, son vaxtlar ölkəmizdə modul tipli məktəblərin tikintisinə də xüsusi diqqət yetirilir. Hazırda ucqar kəndlərdə bütün müasir avadanlıqla təmin edilən və tezliklə istifadəyə verilə bilən modul tipli məktəblərin tikintisi gedir. Bu cür məktəblərin yaradılmasının üstünlüyü onların azməsrəfli olması ilə yanaşı, qısa müddətdə quraşdırılması, asan daşınması, sinif otaqlarının şagirdlərin sayına uyğun azaldılıb-artırıla bilməsindədir. Modul tipli məktəblərin digər üstünlüyü ondadır ki, bu cür binalarda istilik itkisi iki dəfə az olur, rütubət isə ümumiyyətlə olmur. Həmçinin qəzalı vəziyyətdə olan təhsil müəssisələrində təmir-tikinti işləri aparılarkən tədris prosesi dayandırılmır. Birinci vitse-prezident Mehriban xanım Əliyeva rəhbərlik etdiyi Heydər Əliyev Fondunun təşəbbüsü ilə indiyədək təhsillə bağlı bir çox önəmli layihə və proqramlar icra olunub. Onların arasında “Yeniləşən Azərbaycana yeni məktəb” proqramı xüsusi qeyd edilməlidir. Məhz bu proqramın başlanması nəticəsində ölkəmizdə üç mindən çox məktəb əsaslı təmir olunub və ya yenidən tikilmişdir. Azərbaycanda təhsilin inkişafına böyük həssaslıqla yanaşan Mehriban xanımın təşəbbüsü ilə Fond bütün ölkə ərazisində “Yeniləşən Azərbaycana yeni məktəb” proqramı ilə yanaşı, “İnternat məktəblərinin inkişaf proqramı”, “Təhsilə dəstək” kimi proqramların icrasını da həyata keçirərək dövlət təhsil siyasətinin reallaşmasında müstəsna əhəmiyyətə malik işlər görmüşdür. Bu layihələr həyata keçiriləndən sonra hətta respublikamızın ən ucqar regionlarında da hər cür ləvazimatla təchiz olunmuş, müasir tələblərə cavab verən məktəblər tikilib istifadəyə verilmiş, təhsilin bütün ölkə ərazisində əlçatanlığı təmin edilmişdir. Təkcə 2020-2021-ci tədris ilində Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə ölkəmizdə, o cümlədən Bakı, Gəncə və Mingəçevir şəhərlərində, eləcə də müxtəlif rayonlarda 62 təhsil müəssisəsi inşa və əsaslı təmir olunaraq istifadəyə verilmişdir. Müasir tipli məktəblərin inşası, tədris prosesində normal şəraitin yaradılması, təhsilin keyfiyyətinin yaxşılaşdırılması son illər ərzində Azərbaycan təhsilinin beynəlxalq təhsil məkanına inteqrasiyasını gücləndirmiş və beynəlxalq fənn olimpiadalarında Azərbaycan məktəblisinin uğurlarının əsas təminatçısı olmuşdur. Birmənalı olaraq demək lazımdır ki, bu gün Azərbaycanda təhsil sisteminin daha da inkişafı üçün məqsədyönlü, irimiqyaslı işlər görülür və bu işlərin yüksək effektivliyinin təmin olunmasında Azərbaycanın birinci xanımı, ölkənin Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun və Azərbaycan Mədəniyyət Fondunun prezidenti, Yeni Azərbaycan Partiyası sədrinin birinci müavini, UNESCO və ISESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın çoxşaxəli fəaliyyəti aparıcı rol oynayır. Natiq Misirov, 11 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzinin müdiri AİA.Az Geri dön |