Ana Sayfa > Seçki 2024 > Zöhrab Salayev: “Erməni mifləri erməni ordusu ilə bir gündə yoxa çıxdı”

Zöhrab Salayev: “Erməni mifləri erməni ordusu ilə bir gündə yoxa çıxdı”


18-08-2021, 10:00. Yazar: sevinc1
Zöhrab Salayev: “Erməni mifləri erməni ordusu ilə bir gündə yoxa çıxdı”

“Vətən müharibəsinin Azərbaycanın tam qələbəsi ilə başa çatmasından artıq 9 aydan da artıq müddət keçməsinə bxmayaraq, Müzəffər Ali Baş Komandanımız öz xalqına qələbə sevincini təkrar-təkrar yaşatmaqda davam edir. Avqust ayının 16-da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və birinci xanım Mehriban Əliyeva işğaldan azad edilmiş Kəlbəcər və Laçın rayonlarına səfər etmişlər. Ali Baş Komandanımız Kəlbəcər şəhərində Azərbaycan bayrağını şəxsən özü qaldırmışdır. Heç şübhəsiz bu səfər özü-özlüyündə ayrıca bir tarixi hadisədir və Azərbaycanlıların tezliklə işğaldan azad edilmiş bütün torpaqlarına həmişəlik qayıdacaqlarına və bu torpaqlarda artıq əbədi yaşayacaqlarına dair bütün dünyaya ünvanlanmış növbəti mesajdır.”

Bu sözləri Lerik Rayon Təhsil Şöbəsinin müdiri, YAP Lerik rayon təşkilatı Ağsaqqallar Şurasının üzvü Zöhrab Salayev deyib.

Hakim partiya təmsilçisi qeyd edib ki, Azərbaycan Ordusu Vətən müharibəsində tam və qəti qələbə qazanmaqla düşməni həm fiziki, həm də mənəvi-psixoloji cəhətdən məhv edib: “Bu gün artıq erməni ordusu deyilən bir qüvvə mövcud deyil. Vətən müharibəsinin gedişində Şanlı Azərbaycan Ordusu erməni silahlı qüvvələrini tamamilə məhv etdi. Digər tərəfdən isə, bu tarixi Qələbə ermənilərin illər boyunca özlərinin, ordularının yenilməzliyi haqqında uydurduqları mifləri də bütünlüklə puça çıxardı, darmadağın etdi. Ölkə Prezidenti cənab İlham Əliyevin Kəlbəcərdə etdiyi çıxışında vurğuladığı kimi, bu müharibə, eyni zamanda, erməni mifologiyasının tamamilə məhv olması deməkdir. Həqiqətən də uzun illər ərzində, ermənilər dırnaqarası “hərbi qələbə” ilə öyünürdülər. Onlar az qala bütün dünyanı inandırmışdılar ki, erməni ordusu “yenilməz ordu”dur və onların ordusu bu torpaqları əbədi işğal altında saxlaya bilər. Lakin Azərbaycan əsgəri bu mifi dağıtdı. Erməni ordusu tamamilə məhv edildi. Erməni ordusunun silah-sursatlarının mütləq əksəriyyəti məhv edildi, ya da ki, qənimət kimi götürüldü və indi Hərbi Qənimətlər Parkında nümayiş etdirilir. Onlar iddia edirdilər ki, erməni əsgəri “cəsur”dur və istənilən müharibədə qalib gələ bilər. Lakin Vətən müharibəi göstərdi ki, erməni əsgəri fəraridir, qorxaqdır. Onlar özləri etiraf etdilər və bu da sübut olundu ki, müharibə dövründə Ermənistan ordusunda 10 min fərari olmuşdur. Bəli, mənfur qonşularımız və onlara bütün dünyada havadarlıq edən qüvvələr xalqımıza Allahdan verilmiş əzəli haqqından onu məhrum etmək üçün illər boyu çalışdılar. Torpaqlarımız işğal olundu, millətimiz dəfələrlə qırğınlara, etnik təmizləmələrə məruz qoyuldu. İşğal edilmiş ərazilərimizdə ermənilər hər cür talan, soyğun və vandalizm aktları həyata keçirdilər. Otuz il ərzində dünyada mövcud olan ermənipərəst qüvvələrin ardıcıl müdaxilələri səbəbilə münaqişənin sülh yolu ilə həlli mümkünsüz oldu. Nəticədə Azərbaycana problemin həlli üçün məhz hərbi əməliyyatlara başlamaqdan başqa bir seçim buraxılmadı. Nəticədə, ötən ilin sentyabr ayının 27-dən başlayaraq 44 gün davam edən Vətən müharibəsinin sonucu olaraq, Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi. Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu əldə etdiyi tarixi Qələbəsi ilə şanlı tariximizin ən şərəfli səhifəsini yazdı.”

Daha sonra Zöhrab Salayev bildirib ki, bu gün regionda yaranmış yeni iqtisadi inkişaf imkanlarından bəhrələnmək üçün bütün qonşu ölkələr, o cümlədən Ermənistan da şans əldə edib. Lakin bundan sonra ona verilən şansı düzgün dəyərləndirməsi artıq bütünlüklə Ermənistan hökumətinin məsələyə konstruktiv yanaşmasından asılı olacaq: “Yalnız Ermənistan Azərbaycanın bütün dünya tərəfindən tanınan ərazi bütövlüyünü tanıyarsa, bu zaman regiona uzunmüddətli sülh gələcək. Azərbaycan bunu istəyir. Həmçinin bir faktı da nəzərdən qaçırmaq lazım deyil ki, Azərbaycan Prezidenti cənab İlham Əliyev əslində bu gün Ermənistana çox böyük bir şans verib. Ermənistan bu şansdan düzgün yararlanacağı təqdirdə iqtisadiyyatını inkişaf etdirə və xarici kapitaldan asılılığına son qoya bilər. Lakin təəssüflər olsun ki, bu ölkənin rəhbərliyində olanlar hələ də konstruktiv mövqe nümayiş etdirmirlər. Belə görünür ki, Ermənistan hələ də bu ölkənin və onun əhalisinin xeyrini ziyanından seçib-ayırmaq iqtidarında olmayan qüvvələr tərəfindən idarə olunur. Təbii ki, Cənubi Qafqazda regional sabitlik və davamlı inkişafın bərqərar olması üçün kommunikasiyaların açılması, ilk növbədə Zəngəzur dəhlizinin yaradılması, bütün ticarət əlaqələrinin bərpası zəruridir. Əslində bu tələblər Ermənistanın da maraqlarına cavab verir. Çünki Zəngəzur dəhlizi onların da maraqlarına xidmət edəcək. Onlar da dəmir yolu ilə həm İranla, həm Rusiya ilə əlaqə yarada bilərlər. Ancaq dövlət başçımızın dediyi kimi, Ermənistanda ifrat millətçilik, türkofobiya, azərbaycanofobiya, islamofobiya o dərəcədə insanların və hakim dairələrin beyinlərini zəhərləyib ki, onlar bunu istəsələr də, dilə gətirə bilmirlər. Bununla belə Zəngilanı Naxçıvanla birləşdirəcək Zəngəzur dəhlizi istənilən halda açılacaq və Ermənistanın bu barədə nə düşündüyü mahiyyət etibarı ilə heç bir önəm kəsb etmir.”

AİA.Az
Geri dön