Ana Sayfa > Qərbi Azərbaycan > Həkim-infeksionist: Xəstə koronavirusu nə qədər ağır keçirərsə, orqanizmdə infeksiya əleyhinə o qədər çox anticisim yaranar

Həkim-infeksionist: Xəstə koronavirusu nə qədər ağır keçirərsə, orqanizmdə infeksiya əleyhinə o qədər çox anticisim yaranar


18-08-2021, 15:30. Yazar: sevinc1
Həkim-infeksionist: Xəstə koronavirusu nə qədər ağır keçirərsə, orqanizmdə infeksiya əleyhinə o qədər çox anticisim yaranar

Vaksinasiyanın birinci mərhələsindən sonra yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxanların bir doza peyvəndi keçərsiz sayılmır. Əksinə, xəstə sağaldıqdan sonra ona vurulan növbəti doza üçüncü (qüvvətləndirici) doza hesab edilir, çünki xəstələnərkən orqanizmdə təbii şəkildə yaranan immuniteti ikinci doza kimi qəbul etmək mümkündür. Yoluxma nəticəsində birinci doza ilə əmələ gələn immun yaddaş daha da güclənir. Ümumiyyətlə, xəstə infeksiyanı nə qədər ağır keçirərsə, orqanizmdə COVID-19 əleyhimə o qədər çox anticisim yaranar.

Son günlər ölkəmizdə yoluxma sayının artması ilə əlaqədar müsahibə verən həkim-infeksionist Nigar Əliyeva deyib: “İkinci dozadan 6 ay keçdikdən sonra 2 ay müddətində üçüncü dəfə peyvənd vurduranların sertifikatı daimi olmalıdır. Yəni, müddətsiz sertifikata sahib olanlar üçün 4-cü doza vaksinə ehtiyac qalmamalıdır. Ümumiyyətlə, koronavirusun yeni ştamları yaranmasa, dördüncü doza peyvənd vurdurmağa lüzum yoxdur. Hazırda istifadədə olan vaksinlər mövcud ştamlara qarşı səmərəlidir”.

O, peyvəndləmə prosesi və istifadə edilən vaksinlər barədə danışıb: “Koronavirus əleyhinə peyvəndləmədə üçüncü doza üçün istənilən vaksin növünü seçmək mümkündür və bu barədə heç bir əks göstəriş yoxdur. Məsələ burasındadır ki, bəzi peyvəndlər yanaşı xəstəlikləri olanlar üçün daha təhlükəsizdir. Məsələn, “SinoVac” daha az allergikdir, amma qoruyuculuğu nisbətən aşağıdır. "Pfizer"in qoruyuculuğu isə daha güclüdür. "Pfizer" vurduran vətəndaşda bir neçə gün ağrı və halsızlıq müşahidə edilsə də, həmin peyvənd xəstəliyə qarşı daha güclü immun yaddaşı yaradır. Allergik və daha həssas olanlar isə “SinoVac” peyvəndini çox rahatlıqla vurdura bilərlər. Nəzərə almaq lazımdır ki, “SinoVac”ın qoruyuculuğunun 60 faiz olması kiçik rəqəm deyil”.

Onu da qeyd edim ki, orqanizmdə koronavirusa qarşı anticisim nə qədər çox olarsa, vaksin vurdurub immun yaddaşı daha da gücləndirmək lazımdır. Qanda olan anticisimlərin hansı müddətə qədər davamlı olacağına zəmanət vermək olmur. Bəzən xəstənin qanında koronavirus əleyhinə anticisimlərin miqdarı yüksək olduğu halda, 3 ay sonra sıfıra enir. Bəzən isə qanda olan anticisimlərin miqdarı 3 ay müddətində dəyişməz qalır. Bu, orqanizmin fərdi xüsusiyyətidir. İstənilən halda, mövcud anticisimlərin qanda qalma müddətini uzatmaq üçün peyvənd vurdurmaq lazımdır. Koronavirusdan qorunmaq üçün tibbi maska və dezinfeksiya məhlullarından istifadə etmək, eyni zamanda sosial məsafəni qorumaq lazımdır, çünki ötən müddət ərzində bütün qaydalara riayət edərək COVID-19-a yoluxmayanlar hələ də var”.

N.Əliyeva, həmçinin COVID-19-un “delta” ştamı barədə məlumat verib: “ “Delta” ştamı koronavirus infeksiyasının əvvəlki ştamlarından fərqli olaraq yüksək yoluxduruculuq xüsusiyyətinə görə fərqlənir. Əgər “alfa” ştamlı xəstə 2 nəfəri yoluxdururdusa, “delta” ilə 4-6 nəfəri yoluxdurmaq mümkündür. “Delta”nın kliniki əlamətlərində xüsusi fərqlər olmasa da, həmin ştamla yoluxma zamanı xəstəliyin daha sürətlə ağırlaşması müşahidə edilir. Peyvənd olunmamış vətəndaşlar yoluxduqdan cəmi 1-2 gün sonra ağır pnevmoniya ola bilərlər. Vaksinasiya isə bunun qarşısını alır. Təsadüfi deyil ki, hazırda reanimasiyada müalicə alan xəstələr, demək olar ki, peyvənd vurdurmayanlardır. Yanaşı xəstəlikləri olanlar vaksinasiyadan keçdikləri üçün xəstəliyi yüngül keçirirlər”.

Bəzi vətəndaşların test nəticəsi pozitiv çıxan kimi dərhal antibiotiklərin tətbiqinə başlamasının yanlış olduğunu qeyd edən həkim-infeksionist bildirib: “COVID-19 virusuna yoluxan kimi dərhal antibiotik müalicəsinə başlamaq yanlışdır. Həmçinin antibiotiklər sonradan orqanizmdə daha davamlı bakteriyaların yaranmasına səbəb olur və qalıcı izlər buraxır. Nəticədə koronavirusdan sağalandan bir neçə ay sonra xəstələr müxtəlif şikayətlərlə həkimə müraciət edirlər. Müayinə zamanı aydın olur ki, şikayətlər koronavirusun deyil, xəstəlik zamanı qəbul edilən antibiotiklərin qalıqlarıdır. Hətta bəzən xəstələr antibiotiklərin yaratdığı fəsadlarla bir il mübarizə aparmağa məcbur olurlar. COVID-19-dan sağaldıqdan sonra yaranan daimi yorğunluq, halsızlıq, baş ağrıları, tərləmə və saç tökülməsi kimi simptomlar antibiotiklərin əks təsirləridir. Narahatlığı aradan qaldırmaq üçün sağlam qidalanmaq, təmiz hava qəbul etmək lazımdır. Dərman preparatı qəbul edərək vəziyyəti kompensasiya etmək olmaz. Bunun üçün gündəlik rejimi normaya salmaq kompensasiya üçün daha əlverişli üsuldur”.

AİA.Az
Geri dön