Ana Sayfa > Qərbi Azərbaycan > Baş oftalmoloq: 150-dən çox Vətən müharibəsi iştirakçısı üzərində plastik rekonstruktiv əməliyyatlar aparılıb

Baş oftalmoloq: 150-dən çox Vətən müharibəsi iştirakçısı üzərində plastik rekonstruktiv əməliyyatlar aparılıb


6-08-2021, 13:21. Yazar: sevinc1
Baş oftalmoloq: 150-dən çox Vətən müharibəsi iştirakçısı üzərində plastik rekonstruktiv əməliyyatlar aparılıb

8 avqust – Beynəlxalq Oftalmologiya Günüdür. Oftalmoloqlar öz peşə bayramlarını ilk dəfə 2004-cü il avqustun 8-də qeyd ediblər. Həmin günün qeyd edilməsi göz cərrahiyyəsi sahəsində çox böyük uğurlara imza atmış böyük rus oftalmoloqu Svyatoslav Fyodorovun doğum günü ilə əlaqədardır.

Beynəlxalq gün ərəfəsində akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin direktoru, Səhiyyə Nazirliyinin baş oftalmoloqu, tibb üzrə elmlər doktoru, professor Elmar Qasımov müsahibə verib və ölkədə ən çox yayılan göz xəstəliklərindən danışıb.

AZƏRTAC həmin müsahibəni təqdim edir.

- Ölkədə hansı göz problemləri ilə bağlı müraciətlərin sayı daha çoxdur?

- Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi və onun Masallı, Gəncə, Şəki filialları daxil olmaqla refraksiya anomaliyaları (26,4 faiz), büllurun patologiyası – katarakta (15,3 faiz), infeksion və iltihabi xəstəlikləri (14,4 faiz), buynuz qişanın müxtəlif patologiyaları (keratokonus, bulanmalar və s.) (9,8 faiz), görmə üzvünün müxtəlif zədələri (8,4 faiz), qlaukoma (4,6 faiz), presbiopiya (3,7 faiz), görmə sinirinin və torlu qişanın müxtəlif patologiyaları (3,3 faiz), şəkərli diabetin fəsadları (2,7 faiz) ilə əlaqədar müraciətlərin sayı çoxluq təşkil edir.

- Göz təzyiqi daha çox hansı vətəndaşlarda rast gəlinir və riski artıran faktorlar hansılardır?

- Gözdaxili təzyiqinin yüksəlməsi daha çox yaşlı vətəndaşlarda rast gəlinir. Lakin gözdaxili təzyiqin yüksəlmə səviyyəsi fərdi olaraq hər bir şəxsdə müxtəlifdir. O, görmə sinirinin zədələnməsinə yüksək risk amilidir və qlaukoma xəstəliyinin səbəblərindən biridir. Qlaukoma xəstəliyi bütün yaş dövrlərində, o cümlədən, anadangəlmə də rast gəlinir. Lakin əsasən orta və yuxarı yaşlı vətəndaşlarda daha çox müşahidə olunur. Əslində 40 yaşından yuxarı olan hər bir şəxsin ildə ən azı bir dəfə gözdaxili təzyiqi, göz dibi yoxlanılmalıdır. Qlaukoma xəstəliyinin əmələ gəlməsini artıran bir neçə risk amili mövcuddur. Elmi araşdırmalara əsasən onlardan biri də 40 yaşdan sonra yaşın artması ilə qlaukomanın əmələ gəlmə riskinin də eyni zamanda artmasıdır. Qlaukomanın risk amillərindən irsi faktor diqqətə alınmalıdır. Belə ki, yaxın qohumlarda qlaukomanın olması xəstəliyin əmələ gəlmə riskini artırır. Risk amili kimi bəzi dərman və hormonal preparatların uzunmüddətli istifadəsi diqqətdən kənar qalmamalıdır. Yaşla bağlı patologiyalar sırasında somatik xəstəliklər, o cümlədən ürək-damar patologiyası, endokrin sisteminin xəstəlikləri, böyrək patologiyası və s. qlaukoma xəstəliyinin əmələ gəlməsini artıran risk amilləri kimi qeyd edilir.

- Çəpgözlülük əməliyyatı necə icra edilir və həmin cərrahi müdaxilə kimlərə əks-göstəriş sayıla bilər?

- Çəpgözlük patologiyası ən çox uşaq yaşlarında rast gəlinir və bir sıra üsullarla effektiv müalicə olunur. Çəpgözlük göz qüsuru olaraq müştərək və paralitik formalarda müəyyən olunur. Müalicəsi nə qədər tez başlanarsa, bir o qədər effektiv olar. Hər bir pasiyentin müalicə taktikası individual seçilir. Yanaşı ortoptik-diploptik, müxtəlif kompüter proqramlarının, əks olunan lazer radiasiyasının və s. metodikaların istifadəsi, yüksək effektə nail olmağa imkan yaradır. Əməliyyatlara əks-göstəriş əsasən orqanik dəyişikliklər, psixi xəstəliklərin olması sayıla bilər.

- Görmə zəifliyinin bərpa əməliyyatları hər kəs üzərində icra edilə bilərmi?

- Görmə zəifliyi müxtəlif səbəblərdən əmələ gələ bilər. Lakin ən çox rast gəlinən müxtəlif refraksiya anomaliyaları səbəblərindən yaranan görmə zəifliyinin cərrahi bərpası müasir oftalmologiyanın ən böyük nailiyyətlərindən biri sayıla bilər. Görmə zəifliyinin bərpa əməliyyatları, yəni refraktiv əməliyyatlar, müxtəlifdir - eksimer lazer cərrahi əməliyyatları, fotorefraktiv keratoektomia, Lasik, Femtolasik və s. Onların seçimi bir neçə amildən asılıdır. İlk növbədə əməliyyatın seçimində buynuz qişanın qalınlığı, topoqrafik parametrləri, requlyarlığı həlledici əhəmiyyətə malikdir. Lakin əgər buynuz qişanın parametrlərinə əsasən xəstənin refraktiv rəqəmlərini eksimer lazer üsulu ilə aradan götürmək mümkün deyilsə, üstünlük gözdaxili əməliyyatlara verilir. Beləliklə, görmə zəifliyinin bərpa əməliyyatları gözün strukturlarında, görmə sinirində olan patoloji dəyişiklikləri istisna olmaqla əksəriyyət hallarda görmə zəifliyinin bərpasına imkan yaradır.

- Diabet və yüksək təzyiq yanaşı görmə problemlərinə səbəb ola bilərmi?

- Diabet və yüksək təzyiq, yəni hipertoniya xəstəliyi sözsüz ki, görmə problemlərinə, əsasən görmə zəifliyinin əmələ gəlməsinə səbəb ola bilər. Görmə zəifliyi müxtəlif səbəblərdən əmələ gələ bilər, lakin müasir diaqnostik üsulları, optimal müalicə seçimi onların profilaktikasına zəmin yaradır.

- Vətən müharibəsi iştirakçıları mərkəzə daha çox hansı şikayətlərlə müraciət ediblər? Onlara hansı xidmətlər göstərilib?

- Vətən müharibəsinin birinci günündən akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin, mərkəzin Gəncə və Masallı filiallarının, həmçinin Dəmiryol Səyyar klinikasının əməkdaşları hərbi və mülki yaralıları qəbul edib, müalicə və cərrahi əməliyyatlar aparıblar. Vətən müharibəsi iştirakçıları mərkəzə və filiallara müxtəlif şikayətlər ilə müraciət ediblər. Şikayətlərin xarakteri əsasən zədənin ağırlığından, genişliyindən, göstərilən birincili yardımdan, ötən vaxtdan asılı idi. Vətən müharibəsi iştirakçılarının böyük qismində partlayışların mərkəzi sinir sisteminə, görmə orqanının funksiyalarına təsiri nəticəsində yaranmış şikayətlər baş ağrıları, daha çox görmənin itməsi, zəifliyi və ya kosmetik problemlərlə bağlı idi. Bir sıra Vətən müharibəsi iştirakçılarına birincili, ya ikincili cərrahi əməliyyatlar aparılıb. Aparılmış əməliyyatlar sırasında dəlib keçən yaraların işlənməsi, o cümlədən, gözdaxili orbitanın yad cisimlərinin (qəlpələrin) xaric edilməsi, kataraktanın ekstaksiyası, vitreoretinal əməliyyatlar, buynuz qişanın keratoprotezləşdirməsi, rekonstruktiv plastik əməliyyatlar və s. daha çox olunub. 150-dən çox Vətən müharibəsi iştirakçısı üzərində İsraildən dəvət olunan mütəxəssislər ilə birgə müayinələr, plastik rekonstruktiv əməliyyatlar aparılıb və fərdi göz protezləri hazırlanıb. Hərbi-Həkim Komissiyası tərəfindən 100-dən çox İkinci Qarabağ müharibə iştirakçısının sağlamlıq vəziyyətlərinin qiymətləndirilməsini həyata keçirilib. Bununla yanaşı, müharibədən sonrakı dövrdə mərkəzin Səyyar Avtomobil klinikasının yüksəksəviyyəli oftalmoloji briqadaları bir neçə rayonda şəhid və veteran ailələrinin üzvlərini müayinə və müalicə ediblər. Belə aksiyalar mütəmadi olaraq respublikanın əksər rayonlarında aparılacaq.

- Müsahibəyə görə təşəkkür edirik.

AİA.Az
Geri dön