Ana Sayfa > İqtisadiyyat > Dövlət Şəhərsalma və Arxitektura Komitəsi “Abşeronun qəsəbələrinin memarlıq siması” müsabiqə proqramının ikinci mərhələsinə yekun vurdu

Dövlət Şəhərsalma və Arxitektura Komitəsi “Abşeronun qəsəbələrinin memarlıq siması” müsabiqə proqramının ikinci mərhələsinə yekun vurdu


3-08-2021, 13:59. Yazar: sevinc1
Dövlət Şəhərsalma və Arxitektura Komitəsi “Abşeronun qəsəbələrinin  memarlıq siması” müsabiqə proqramının ikinci mərhələsinə yekun vurdu

Buzovna qəsəbəsinin memarlıq planlaşdırma həlləri üzrə müsabiqənin qalibləri elan edildi

Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin təşəbbüsü ilə Azərbaycan Memarlar İttifaqı və “Bakı Abadlıq Xidməti” MMC ilə birgə təşkil olunmuş “Abşeron qəsəbələrinin memarlıq siması” adlı müsabiqənin ikinci mərhələsinə yekun vurulub. Münsiflər heyətinin iclasında müsabiqənin qalibləri müəyyənləşib.

Müsabiqə proqramının ilk mərhələsi 2020-ci ilin sonunda keçirilmiş və Ramana, Pirşağı və Əmircan qəsəbələrini əhatə etmişdir. May ayından etibarən başlayan müsabiqənin ikinci mərhələsi isə Buzovna qəsəbəsini əhatə edib.

Müsabiqənin bu mərhələsinin əsas məqsədi Abşeronun Buzovna qəsəbəsinin əsaslı bədii üslub və mühit məkan konsepsiyasının, landşaft planlaşdırma həllinin, küçə və məhəllələrinin memarlıq həllinin müəyyənləşdirilməsi, əhalinin mövcud ictimai-iqtisadi şəraitinin yaxşılaşdırılması imkanlarının nəzərdən keçirilməsidir. Ümumi müsabiqənin daha bir önəmli məqsədi ölkə memarlarının, xüsusən də gənc peşəkarların ölkədə gedən şəhərsalma, bərpa və quruculuq işlərinə cəlb etmək, ictimai iştirakçılığı təmin etməkdir.

Ümumi mükafat fondu 20 min manat olan müsabiqədə iştirak etmək üçün 18 layihə təqdim olunmuşdur. Müsabiqənin birinci mərhələsi ilə müqayisədə Buzovna üzrə keçirilmiş hazırki mərhələdə layihələrin hər biri daha yüksək peşəkarlıqla və bir qədər daha dəqiqliklə işlənilmişdir. Təqdim olunmuş layihələrdə iştirakçıların ərazilərin inkişafı ilə bağlı təkliflərində tarixi-memarlıq irsin qorunması, yerli əhalinin maraqlarının təmin olunması və eyni zamanda müasir tələblərə cavab verən yaşayış mühitinin yaradılması kimi vacib məqamlar öz əksini tapmışdır.

Qalib elan edilmiş layihələrdə mövcud infrastruktur problemləri ətraflı araşdırılmış və həllinə dair maraqlı təkliflər irəli sürülmüşdür. Layihələrdə qəsəbənin bir neçə xarakterik ictimai məkanlarının həllində çoxlu sayda yaşıllıqdan, təbii və ya suni materiallardan istifadə olunması, ərazidə günəş panellərinin istifadəsi, bir sıra tarixi tikililərin bədii üslubu və kompozisiyası, fasad açılışlarının qorunması, xarici turistlər üçün cəlbediciliyinin daha da artırılması, turizm infrastrukturunun təkmilləşdirilməsi təklif edilmişdir. Həmçinin layihələrdə mövcud yolların quruluş sxemində avtomobillərin nizamlı parklanması, alternativ hərəkət yolları, səki və yaşıllıq zolaqları üçün zəruri ərazilərin yaradılması, piyada və velosiped zolaqlarının əlavə olunması, bununla da nəqliyyat sıxlığının azaldılması təklif edilmişdir.

Layihələr aparılan araşdırmalar və analizlər (tarixi, məişət həyatı, iqlimi), tarixi kontekstlə əlaqə, layihə konsepsiyası (əsas fikir, orijinallıq, simvolizm, bütövlük), layihə tərkibinin məqsədəuyğunluğu, tapşırığın yerinə yetirilməsi, memarlıq cizgiləri (istinad planı, baş plan, fasad, landşaft), bədii-qrafik həll (vizual təqdimat), turizmin inkişafı (turist marşrutunun müəyyənləşdirilməsi) kimi meyarlar üzrə dəyərləndirilmişdir. Müsabiqənin ikinci mərhələsində tədbiq olunmuş yenilik – iştirakçılar tərəfindən layihələri izah edən videotəqdimatlar isə münsiflər heyəti tərəfindən xüsusi rəğbətlə qarşılanmışdır. Belə ki, videotəqdimatlarda layihə tam olaraq vizuallaşdırılmış və müəllif tərəfindən izah olunmuşdur. Təqdim olunan layihələrin hər biri, həmçinin layihələri izah edən videotəqdimatlar da ayrı-ayrılıqda münsiflər heyəti tərəfindən yuxarıda qeyd olunan meyarlar üzrə dəyərləndirilmiş və müsabiqənin qalibləri müəyyən edilmişdir. Seçilmiş layihə əsasında abadlıq işləri aparılacağı təqdirdə layihə müəllifi də prosesə cəlb olunacaq.

Qalib layihələr və onların müəllifləri haqqında daha ətraflı məlumatla www.absheronsimasi.az saytına keçid alaraq tanış olmaq mümkündür.

Bildirək ki, münsiflər heyətinin qərarı ilə qəsəbə üzrə seçilmiş 4 layihənin müəlliflərinə pul mukafatlarının verilməsi nəzərdə tutulub: 1-ci yerin sahibinə 10000 manat mükafat və 1-ci dərəcəli diplom, 2-ci yerin sahibinə isə 5000 manat və 2-ci dərəcəli diplom veriləcək. 3-cü yerin sahibləri (iki yer) hər biri 2500 manat və 3-cü dərəcəli diplomla mükafatlandırılacaqlar. Digər iştirakçılara həvəsləndirici hədiyyələr və iştirakçı sertifikatları təqdim ediləcək.
Qeyd edək ki, Abşeronda yerli memarlıq məktəbinin üslubları və özünəməxsus rəng çalarları qorunmaqla yenidən canlandırılması məqsədilə Komitə tərəfindən ötən ildən etibarən bir sıra qəsəbələri əhatə edən “Abşeron qəsəbələrinin memarlıq siması” müsabiqəsi keçirilir. Müsabiqənin birinci proqramında qaliblərin təklifləri əsasında 16 aprel tarixində Pirşağı qəsəbəsində Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə artıq yenidənqurma tədbirlərinə start verilmişdir. Komitə tərəfindən yarımadanın digər qəsəbələrini də əhatə edəcək müsabiqə proqramlarının həyata keçirilməsi planlaşdırılır.

aia.az
Geri dön