Ana Sayfa > Siyasət > Rusif Kərimov: “Ermənistan öz təxribatlarına son qoymayacağı halda daha böyük problemlərlə üz-üzə qala bilər”

Rusif Kərimov: “Ermənistan öz təxribatlarına son qoymayacağı halda daha böyük problemlərlə üz-üzə qala bilər”


26-07-2021, 11:27. Yazar: sevinc1
Rusif Kərimov: “Ermənistan öz təxribatlarına son qoymayacağı halda daha böyük problemlərlə üz-üzə qala bilər”


“Bu gün Azərbaycanla Avropa İttifaqına üzv olan 9 ölkə arasında strateji tərəfdaşlıq haqqında sənədlər qəbul edilib və imzalanıb. Bu, Avropa İttifaqının üçdəbir hissəsini təşkil edir. Bu isə o deməkdir ki, həmin ölkələr Azərbaycanı strateji tərəfdaş hesab edir. Ümumiyyətlə qeyd etmək lazımdır ki, Azərbaycan öz müstəqilliyini əldə etdikdən sonra beynəlxalq və regional səviyyədə dövlətlərarası münasibətlər qurmağı və bu münasibətləri ölkəmizin milli maraqları çərçivəsində inkişaf etdirməyi xarici siyasət kursunun əsas prioriteti kimi müəyyən edib. Xüsusilə son bir neçə ildə Ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla həyata keçirilən xarici siyasət kursu bu istiqamətdə Azərbaycana möhtəşəm tarixi nailiyyətlər qazandırıb. Eyni zamanda da ölkəmizin geosiyasi mövqeyi və iqtisadi potensialı bu nailiyyətləri daha da genişləndirməyə imkan verib. Azərbaycan bütün bütün beynəlxalq münasibətlərini bərabərhüquqlu tərəfdaşlıq əsasında qurur. Məhz bu baxımdan da ölkəmizin Avropa İttifaqı ilə münasibətlərini yüksək qiymətləndirmək olar”. Bu sözləri saytımıza verdiyi müsahibəsində Viləşçay Su Anbarı İstismar İdarəsinin rəisi Rusif Kərimov deyib.

İdarə rəisi bildirib ki, bu gün artıq bütün dünya Azərbaycanı qalib ölkə və Cənubi Qafqazda yaranmış yeni reallıqların müəllifi olaraq tanıyır və regionun yeganə lider dövləti kimi qəbul edir: “Bu gün Avropa İttifaqı da Azərbaycanı regionun yeganə lider dövləti kimi qəbul edir. Ümumiyyətlə hazırda bizim Avropa İttifaqı ölkələri ilə ticari əlaqələrimiz çox genişdir. Demək olar ki, ticarətimizin 40 faizi məhz Avropa İttifaqı ilə aparılır. 2020-ci ildə ticarət dövriyyəsi 9,5 milyard ABŞ dolları təşkil edib. İxracın həcmi isə 6,8 milyard ABŞ dollarıdır. Bu rəqəmlər ölkəmizin iqtisadi qüdrətinin nümayişi ilə bərabər həm də Azərbaycanın Avropa İttifaqı üçün nə qədər əhəmiyyətli olduğunu göstərir. Bu baxımdan Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin Azərbaycana səfəri, əməkdaşlığımızın daha da inkişafı üçün səsləndirdiyi fikirlər tərəfdaşlığımızın əhəmiyyətindən xəbər verir. Həmçinin belə bir vacib məqamı da unutmaq olmaz ki, bu gün Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında aparıcı rola malikdir. Bilavasitə ölkəmizin təşəbbüsü ilə reallaşan Cənub Qaz Dəhlizi layihəsi bütün region üçün vacibdir və Avropanın enerji təhlükəsizliyində etibarlı alternativ layihədir. Bütün bunlar sözsüz ki, Azərbaycanın Avrasiya məkanında nüfuzunu və imkanlarını artıran amillərdir”.
Daha sonra Rusif Kərimov Azərbaycanın qlobal pandemiya ilə bağlı bir müddət əvvələ qədər müşahidə olunan tənəzzüldən çıxmasının və ölkə iqtisadiyyatında yenidən artımın qeydə alınmasının ölkəmizin müsbət beynəlxalq imicinin formalaşmasında mühüm rol oynadığını vurğulayaraq bunları deyib: “Məlumdur ki, bir çox dünya dövlətlərində, o cümlədən inkişaf etmiş ölklərdə pandemiya ilə əlaqədar meydana çıxmış iqtisadi tənəzzül hələ də davam edir. Lakin Azərbaycan bu məsələdə də bir çox ölkələrə örnək olacaq nailiyyətlərə imza atdı. Ölkə Prezidenti cənab İlham Əliyev iyulun 22-də Daşkəsən rayonuna səfəri zamanı Azərbaycan Televiziyasına verdiyi müsahibəsində də qeyd etdi ki, altı ayın yekunlarına görə Azərbaycan artıq iqtisadi tənəzzüldən çıxıb. Ötən yarım ilin hər ayında tənəzzül göstəriciləri azalırdı və may ayının yekunlarına görə Azərbaycan hətta müəyyən iqtisadi inkişafa da nail ola bildi. Birinci yarım ilin ümumi yekunlarına əsasən ölkə iqtisadiyyatı hətta 2 faiz artıb. Bu, əlbəttə ki, çox yaxşı göstəricidir. Xüsusilə də dünyada gedən proseslərin fonunda Azərbaycanın bu uğuru çox yüksək nəticə kimi qiymətləndirilməlidir. Birmənalı olaraq demək lazımdır ki, bu uğurumuzun da əsasında Ölkə Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi uğurlu iqtisadi siyasət durur”.

Sonda Rusif Kərimov Ermənistan tərəfindən mina xəritələrinin Azərbaycana verilməməsini və bu mənəviyyatsızlığın qarşılığında yenə də Avropa İttifaqından yardım və dəstək almasını beynəlxalq riyakarlığın növbəti təzahürü olduğunu deyib: “Təəssüflər olsun ki, bütün proqressiv proseslərin fonunda beynəlxalq riyakarlıq öz təzahürlərini aşkar şəkildə nümayiş etdirməkdə yenə də davam edir. Ölkə Prezidenti cənab İlham Əliyevin qeyd etdiyi kimi, mina xəritələrinin Azərbaycana verilməməsi növbəti əxlaqsızlıqdır, mənəviyyatsızlıqdır, vicdansızlıqdır və normal insani davranışa zidd olan yanaşmadır. Bu, bir daha Ermənistan rəhbərliyinin bizə qarşı olan nifrətinin, düşmənçiliyin təzahürüdür. Çünki mina xəritələrini verməməsinin heç bir əsası yoxdur. Ermənistan rəhbərliyinin bu vandal siyasəti ucbatından müharibədən sonra 150-yə yaxın Azərbaycan vətəndaşı minalara düşərək ya həlak olub, ya da öz sağlamlığını itirib. Belə bir vəziyyətdə isə Avropa İttifaqı tərəfindən Ermənistana 2,6 milyard avro vəsait ayrılır. Bununla da Avropa İttifaqı Ermənistan rejimini yeni qanunsuzluqlara və cinayətlərə şirnikləşdirmiş olur. Halbuki, məhz mina xəritələrinin Azərbaycana verilməsinə görə beynəlxalq aləmdən, o cümlədən Avropa İttifaqından Ermənistana ciddi təzyiqlər olunmalıdır. Əlbəttə ki, Ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan bütün bu problemləri həll edəcək. Ermənistan isə öz təxribatlarına son qoymayacağı halda daha böyük problemlərlə üz-üzə qalacaq”.

aia.az



Geri dön