Ana Sayfa > Media > Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev : “Avropa İttifaqı bizim üçün yaxın tərəfdaşdır”

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev : “Avropa İttifaqı bizim üçün yaxın tərəfdaşdır”


23-07-2021, 09:00. Yazar: sevinc1
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev : “Avropa İttifaqı bizim üçün yaxın tərəfdaşdır”


Ötən həftə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin Cənubi Qafqaz ölkələrinə səfəri ilə əlamətdar oldu. Prezident Mişel regiona səfəri çərçivəsində dövlətlərarası balansın gözlənilməsi prinsipinə və protokol qaydalarına uyğun olaraq, hər üç Cənubi Qafqaz ölkəsinə ardıcıllıqla səfər həyata keçirdi. 18 iyul tarixində ölkə başçımızla da görüş keçirən Şarl Mişel daha sonra Azərbaycan Prezidenti ilə birgə mətbuat konfransında iştirak etdi. Məlumat üçün bildirək ki, dövlət başçımızla görüşdən öncə Prezident Şarl Mişel Şəhidlər Xiyabanını, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində fəaliyyət göstərən Azərbaycan Respublikasının Kosmik Agentliyinin (Azərkosmos) Əsas Yerüstü Peyk İdarəetmə Mərkəzini və Cənubi Qafqazda və Yaxın Şərqdə ən qədim müsəlman məbədlərindən olan Şamaxı Cümə məscidini ziyarət etdi.

Beləliklə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə təqribən iki saat davam edən təkbətək görüşdən sonra jurnalistlər qarşısına çıxan Şarl Mişel və Prezident İ.Əliyev bir sıra vacib açıqlamalar verərək cəmiyyəti maraqlandıran sualları cavablandırdı. İlk öncə ölkə başçımız bəyanatla çıxış etdi. Bəyanatda xüsusi olaraq vurğulanan ilkin məsələ Avropa İttifaqı ilə Azərbaycan Respublikası arasındakı güclü tərəfdaşlıq əlaqələrinin mövcudluğu ilə bağlı oldu. Ölkə başçımız bildirdi ki, Avropa İttifaqı bizim üçün yaxın tərəfdaşdır. Biz uzun illərdir müxtəlif sahələrdə işləyirik. Gündəlik çox genişdir və bizim güclü siyasi təmaslarımız əlbəttə ki, əməkdaşlığımızın şaxələndirilməsi üçün çox yaxşı təməl yaradır. Bəli, Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında uzun müddətdir davam edən güclü tərəfdaşlıq əlaqələri mövcuddur. Bunun nəticəsi olaraq, 2018-ci il iyulun 11-də “Tərəfdaşlıq prioritetləri” sənədi paraflanmışdır. Bu sənəd tərəflərin qarşılıqlı hörmətə, bərabər səviyyəli əməkdaşlığa əsaslanan iş birliyinin inkişafında maraqlı olduqlarını əyani şəkildə nümayiş etdirmişdir. Xüsusi olaraq qeyd edilməlidir ki, Avropa İttifaqı ilə Azərbaycan arasında ticarət dövriyyəsi olduqca yüksəkdir. Belə ki, ölkəmizin ticarət dövriyyəsinin 40 faizi Avropa İttifaqının payına düşür. Azərbaycan Avropanın enerji təhlükəsizliyi məsələsində də vacib rol oynayır. Xüsusilə Cənub Qaz Dəhlizinin son seqmenti olan TAP-ın istifadəyə verilməsindən sonra ölkəmiz Avropa İttifaqının üç ölkəsinə - Bolqarıstan, İtaliya və Yunanıstana qaz ixrac edir. Qısaca, Azərbaycanla Avropa İttifaqı arasındakı əlaqələr olduqca geniş spektirli və sağlam təməllərə malikdir.

Dövlət başçımız tərəfindən diqqət çəkilən növbəti mövzu Qarabağda şanlı Azərbaycan Ordusu tərəfindən yaradılan yeni reallıqlarla birgə bölgədə yaranan vəziyyətlə bağlı oldu. Ölkə başçımız bildirdi ki, Azərbaycan BMT Təhlükəsizlik Şurasının qətnamələrini özü icra edərək müharibəyə son qoydu. İndi artıq sülh haqqında düşünmək və səhifəni çevirmək vaxtıdır. Bununla da Prezident İlham Əliyev növbəti dəfə ölkəmizin mövqeyini açıq şəkildə bəyan etmiş oldu. Beləliklə, Azərbaycan 30 il ərzində ərazi bütövlüyünün pozulmasına, torpaqları işğal altında olmasına və barbarcasına talan edilməsinə, xalqı təhqirlərə məruz qalmasına baxmayaraq bugün artıq müharibənin heç bir tərəfə mənfəət gətirməyəcəyini dərk edərək, bölgənin gələcəyi və xalqların rifahı naminə sülhə hazır olduğunu bildirmişdir. Düzdür, Azərbaycan xalqı olanları unuda bilməz amma bundan sonra sərhədləri daxilində yeni münaqişə ocaqlarının yaranmaması üçün var gücü ilə çalışa bilər. Bunun üçün ölkəmizdə siyasi iradə və iqtisadi güc mövcuddur.
Mətbuat konfransında ölkə başçımıza verilən suallar içərisində xüsusi əhəmiyyətə malik olanlardan biri, Qarabağda xarici investorlar üçün nəyin cəlbedici olacağı ilə bağlı olan sual oldu. Düzdür, bu suala olduqca geniş məğzdə cavab vermək olar ancaq ölkə başçımız cavabı olduqca konkret və ən əsası bütün sahələri əhatə edərək verdi: bərpaolunan enerji mənbələri, kənd təsərrüfatı və kənd təsərrüfatı məhsullarının emalı, turizm. Bəli, bu sahələrin hər biri ayrı-ayrılıqda perspektiv vəd edən sahələrdir. Bütün bunların bir regionda cəmləşməsi isə sözsüz ki, investorların diqqətini çəkəcəkdir. Digər tərəfdən ölkəmizdə investorlara vəd olunan münbit sərmaye iqlimi də bölgəyə investorların cəlb olunması üçün vacib amillərdəndir. Qeyd edək ki, mətbuat konfransının vacib anları bunlarla da məhdudlaşmadı. Şarl Mişelin Avropa İttifaqının müxtəlif məsələlər üzrə irəliləyişə nail olmaq üçün səyləri dəstəkləməyə hazır olduğunu bəyan etməsi, iki ölkə arasında sərhədlərin delimitasiyası və regional əməkdaşlıq səylərində də yaxından iştirak etmək əzmində olduqlarını vurğulaması kimi vacib anlar da mətbuat konfransını yaddaqalan etdi. Beləliklə, Avropa İttifaqı Şurası Prezidentinin Azərbaycana səfəri Avropa İttifaqının ölkəmizlə əməkdaşlıq və tərəfdaşlıq sahəsində prioritet istiqamətlərini göstərməklə yanaşı, bölgədəki yeni reallıqları nəzərə aldığını da nümayiş etdirdi. Şübhə yoxdur ki, bu səfər ölkəmizin Aİ-yə üzv dövlətlərlə münasibətlərinin dərinləşməsinə töhfə verəcəkdir.


Arzu Cahangirova
Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar
İttifaqı Pirallahı rayon Komitəsinin sədri
aia.az

Geri dön